Ekonomiks 18:09 10.04.2019

Unun qiyməti ucuzlaşdı

Azərbaycanda unun topdansatış qiyməti aşağı salınıb.
 
Bu barədə ONA-ya "Karat Holdinq" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd olunur ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb. Ona görə də əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən "Karat Holdinq" indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiymətini bu gündən 25,45 manat müəyyənləşdirib.
 
"Karat Holdinq" MMC-dən bildirilib ki, məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq. Şirkət bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.