Xəbər lenti

Ölkə 16:25 04.10.2016

Uşaqlara tərbiyə necə verilmədir? - QIZIL QAYDALAR

Gənc ailələrin ən yaralı yeri “uşaqlara tərbiyə necə verilmədir” məsələsidir. 

Bir çox valideynlər çıxış yollarını baxçalarda, dayələrdə axtarsa da, nəticə ala bilmirlər. Bəs, uşaqları necə tərbiyə etməliyik, hansı zərərli vərdişlərdən çəkinməliyik? Uşaq tərbiyəsinin qızıl qaydalarını açıqlayan uşaq psixoloqu Narınc Rüstəmova Qaynarinfo.Az-a problemlərdən və çıxış yollarından danışdı: 

"Uşaq tərbiyəsi birmənalı olaraq ana bətnindən başlayır. Amma uşağın ən çətin tərbiyə dönəmi məhz yaş yarımdan etibarən başlayır. Artıq uşaq yeriməyə başlayır, nitqi formalaşır. Uşağın tərbiyəsində yaranan problemlərin kökü elə valideynlərdədir. Çünki valideynlər uşaqlarının mükəmməl olmasına çalışır. Uşaqları potensiallarına uyğun olaraq qiymətləndirə bilmir. Tez bir zamanda qadağalar və cəzalar tətbiq edilərsə, uşağın özünə güvəni aşağı düşəcək və uğursuz uşaq yaranacaq. Belə olan halda uşaq düşünür ki, onsuz da mən bacarmıram, mən pisəm, qoy daha da pis olum. Mükəmməliyə çalışan valideynlər isə çalışır ki, uşaq mükəmməl olsun, ən bahalı baxçaya getsin, əlavə kurslara getsin. Ancaq düşünmürlər ki, bəlkə bu uşaqda gözlənilən bacarıqlar yoxdur. Buna görə də, uşağın potensialına uyğun valideyn yanaşmalıdır. Bunu unutmayaq ki, uşaqlar yeni deyil. Bəzi ailələrdə isə uşaqları kral kimi böyüdürlər, çox əzizləyirlər. Bu daha çox nənə-baba olan evlərdə müşahidə olunur. Belə olan halda isə çox vaxt uşaq tərbiyəsiz böyüyür. Yəni məhdudiyyətlər olmalıdır". 

Qızıl qaydalar

Psixoloqun fikirincə, yaş yarım üç yaş arası olan uşaqlarla valideynlər davamlı təmas qurmalıdırlar:"Xüsusən də, bu yaşda uşaqlarda nitq formalaşdığına görə hər şey izah edilməlidir. Yağış niyə yağır, ana bu gün niyə əsəbidir, niyə görə su içirik və s. Ən qızıl qayda isə valideyn uşaq dili ilə danışmamalıdır. Nə qədər uzun cümlələr qursa, uşağın nitqi bir o qədər də inkişaf edəcək. Digər qızıl qayda cəza və mükafatın tətbiqidir. Bu yaşda uşaqlar üçün yemək və yatmaq rejimi mütləq olmalıdır. Və uşaqlar uşaq bezlərindən çıxmalıdır. Üç yaşına qədər olan uşaqlar uşaq bezindən çıxmasa, problemlər yaranacaq, uşağın özünə güvəni itəcək. 

Üç-altı yaş arası qızıl qaydalardan biri də tualet təliminin olmasıdır. Yaxşı olar ki, oğlan uşaqlarına ata, qız uşaqlarına isə ana öyrətsin. Çünki uşaq davamlı olaraq ana ilə təmasda olanda ananın xüsusiyyətləri oğlana keçir. Bu zaman uşaq daha yumşaq olur, qorxaq olur, özünü müdafiə edə bilmir. Ananın istifadə etdiyi əşyalara meyilli olur. Bu dövrdə uşaqlarda eqosentirizm dönəmi başlayır. Eqo yəni mən, senter isə mərkəz. 3-6 yaş arası olan uşaqlar düşünür ki, dünyanın mərkəzi mənəm. Hər şey mənimdir. Qızıl qaydalardan biri də 3-6 yaş arası uşaq sahibi olan valideynlər bu dönəmdə uşaq sahibi olmasınlar. Çünki bu uşaqda paxıllıq hissi çoxalır, bölüşməyi bacarmır, qısqanclıq və daxili aqresiya yaradır. Gördüyü hər şeyi istəyir, “mənimdir” deyir. Bu dönəmdə oğlan uşaqları anaya, qız uşaqları isə ataya meyilli olur. Eqosentirizm dönəmində valideynlər çox ehtiyatlı olmalıdır. Çünki təməli necə qoydun, uşağın şəxsiyyəti o cür formalaşır. Valideynlər bu halda uşaqların şıltaqlıqlarını hökmlü tonla korrektə etməlidir, onları alçaldaraq və utandıraraq deyil. "Pis uşaqsan, ayıb olsun sənə" bu kimi ifadələrdən uzaq tutmalıyıq ki, uşağın şəxsiyyətində problemlər yaranmasın. "Gəl gedək oyuncaq alaq, sənə hər şey qurbandır" kimi sözlər də deyilməməlidir. Uşaq şıltaqlıq edəndə göz kontaktı qurulmamalıdır. Hökmlü tonda səs tembirini nə artırmadan, nə də endirmədən, nə yalvarmadan, nə də üstünə düşmədən uşaqla danışmaq lazımdır. Çünki aqresiya göz kontaktı zamanı artır. Gözünə baxıb nəsə başa salanda uşağın aqresiyası bir az da artacaq. Bu zaman valideyn uşağın sakitləşməyini gözləməlidir. Uşaqla hədə-qorxu ilə danışmaq olmaz, "Sənə iynə vuracaqlar" və s. Qorxuyla tərbiyə sistemi olmamalıdır. Çünki uşaqda kölə olma xüsusiyyəti yaranır. 12 yaşlarında qorxu ilə böyüdülən uşaqlarda problemlər yaşanır. Bu zaman uşaqlar qorxusundan yalan danışır, təhsildən yayınır, anadan qorxmur və s. 

Narınc Rüstəmovanın sözlərinə görə, qızıl qaydalardan biri də uşaqlarda vicdanın formalaşmasıdır:"Vicdan formalaşan uşaqlarda hər şeyə doğru münasibət qurmağa da öyrənəcək. Vicdanın formalaşması məsuliyyəti valideynlərin üzərinə düşür. Məsələn, sən mağazada ağladın,mən çox utandım, dedilər ki, bunun nə pis anası var, buna görə səninlə danışmaq istəmirəm. Valideynlər uşaqlara vicdan yükləməlidir. Cəza müddəti də önəmlidir. Çünki uşaqlar 7 yaşa qədər saatı bilmirlər. Onlara bioloji saatlarla cəza qoyulmalıdır. Məsələn, ata evə gələnə qədər, axşam yeməyini yeyənə qədər danışmayacam, və yaxud televizor olmayacaq və s. Valideynlər bu cür yarım günlük cəzalar verməlidir. Bir valideyn bir həftəlik cəza versə, onun əhəmiyyəti itəcəkdir. Uşaqla hədə-qorxu dili ilə danışanda uşaq da səninlə eyni dildə danışacaq. Hədə-qorxu yox, izahat qızıl qaydaların ən önəmlisidir. Və son da qızıl qaydalardan biri olan mükafat. Məsələn, bu gün özünü ağıllı apardığın üçün səni parka aparacam. Ağıllı davranışını ona izah edib mükafatlandırmaq lazımdır ki, uşaq bilsin nəyə görə valideyni ona sevdiyi əşyaları alır və s. "Sən özünü yaxşı apardın, al bukonfeti” bu cür deyil, yaxşılıq nədir, yaxşılıq nə deməkdir, valideyn onu xırdalaya-xırdalaya danışmalı və izah etməlidir. Uşaqların gün ərzində 50-70 niyə sualları var, bunun üçün valideynlər səbrli olmalıdır. Unutmayaq ki, valideyn olmaq heç də asan deyil".

Qaynarinfo.Az-a uşaq tərbiyəsindən danışan ilahiyyatçı Hacı Şahin Həsənli bildirdi ki, zorakı yolla deyil, şirin dillə və izahla uşaqlar tərbiyə olunmalıdır:

"Uşaq sərbəst mühitdə yaşamalıdır, yəni uşağa yeddi yaşa qədər azadlıq verilməlidir. İlk yeddi il uşağın şəxsiyyətinin formalaşdığı bir dönəmdir. Bu dönəmdə uşaq yersiz məhdudiyyətlə yüklənməməlidir. Yeddi ayaşa qədər uşağın hərəkətlərini mənfi dəyərləndirmək düzgün deyil. Çünki uşaq əqli baxımdan tam yetişməyib ki, onda nöqsan axtaraq. Valideynlər çalışmalıdır ki, uşaqları mehriban və şirin dillə tərbiyə etsinlər. Valideynlər həm də bir-birilə davranışda diqqətli olmalıdırlar. Valideynlər bir-birilə aqressiv davranmırsa, hörmət və şirin dillə davranırsa uşaqlara da bu böyük müsbət təsir edir. Bəzən uşaqlar valideynlərinin aqressiv davranışlarını təqlid edirlər. Dinimizdə yeddi yaşa qədər uşaqlara sərbəst buraxmağı tövsiyyə edilir, yeddi yaşdan sonra isə “uşaqlara ədəb öyrədin” deyə buyrulur.  Yəni yeddi yaşdan sonra davranış qaydaları, məhdudiyyətlər tətbiq edilir. Bu zaman  uşaq  özü ilə mübarizəni öyrənməlidir. 

Artıq bu yaşda zorakı dillə deyil, məntiq və şirin dillə uşağı istiqamətləndirmək və vadar etmək lazımdır. Uşağa tərbiyə zamanı uşağın şəxsiyyətinə hörmətsizlik edilməməlidir. Peyğəmbərimiz buyurub ki, uşaqlarınıza hörmət edin. Yəni yalnız bu metodla uşaq tərbiyə edilməlidir. Zorakı yola heç bir halda yol vermək olmaz".

Pərvin Zeynal

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->