Ölkə 11:18 06.02.2018

Uzağı görmək

Ağasəlim Pünhanoğlu

Televisio - LATIN VƏ YUNAN DİLLƏRİNDƏKİ İKİ SÖZÜN BİRLƏŞMƏSİ İLƏ YARANAN, UZAĞI GÖRMƏK mənasını daşıyan bir ifadədir. Televizyanın cəmiyətdəki rolunun mahiyəti, fəlsəfəsi hərkəsə məlumdur. Televizya böyük bir təbliğat maşınıdır, evlərə yayımlanır və xalqa nələrisə təbliğ edir. Bizim cəmiyətdə o rol olmadığı üçün bu məsələ haqqda çox da dərin yazmaq olmur. 

TV-lərin cəmiyyətimizdəki rolu ən çoxu 3-5% olar. Hər şeydə olduğu kimi, bu yazıdakı tənqidlərdə də istisnalar var, gözəl sənətkarlara, elm adamlarına və s. həmin 3-5%-in içərisində az da olsa rast gəlmək olur.

TV-lərin qalan 90-95% təbliğatı konkret proqram üzrə gedir, səhər saat 9-dan günorta saat 1-ədək yeyib-içməkdir, hər kanalda müxtəlif yeməklər bişirilir, fonda da lazımsız hərəkətlər. Saat 1-dən axşam saat 9-adək iki istiqamətdə yayımlar paralel zaman şəklində gedir. Biri ailə-məişət məsələləridir, ikincisi də çökmüş şou-biznes mövzuları. Axşam saat 9-dan sonra da şit və maraqsız seriallar. Bizdə TV-lər cəmiyyətə yalnız bu üç sahədə xidmət göstərir. TV-lər o qədər bayağılaşıb ki, günün xəbərlərində "hansısa marketdə filan günəcən endirimlərin olacağı” göstərilir.

Eddvard Merou dediyi kimi, "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq sürətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə naqil və lampadan ibarət bir qutu olacaq".

Bəli, hazırda bizim televizyalar yuxarıda bəhs etdiyim qutudan heç də geri qalmır. Səbəbi də deyildiyi kimi, cəmiyətin TV-dən müvafiq sürətdə istifadə edə bilməməsidir. Bu intellektual təbəqə üçün belədir.

Hər bir şeyin görünən tərəfi olduğu kimi, görünməyən tərəfi də var. Görünən bu ola bilər ki, peşəkarlıq yoxdur, olan budur, normalda da TV belə olmalıdır. Bunu yalnız sadəlöhv insanlar düşünə bilər.

Mənə həmişə maraqlı olan görünməyən tərəf olub. Bir misra oxumuşdum, müəllifi çox təəssüf ki, yadımdan çıxıb, təxmini belə idi: "Yuxarı qalxdıqca dumanlanırsa, demək yetişməyib, baş hələ kaldır. Bizim TV kanalları da artdıqca cəmiyətin səviyəsi sürətlə aşağı enir.

Şəxsən mən internet TV-lərini çıxmaqla, bizim TV kanallara baxmıram. Bu mənim üçün çirkli su ilə yuyunmaq kimi bir şeydir.

TV-lərin indiki vəziyəti adamın birbaşa mənəviyatını korlayır. Mənəviyyat da elə bir şeydir ki, məsələn eybəcər bir sifətə uyğunlaşmaq olur, çünki o sifət hər gördüyündə eyni cür təzahür edir, amma eybəcər bir mənəviyata uyğunlaşmaq çox çətindir, o həyatın müxtəlif sahələrində müxtəlif cür təzahür edəcək.

Xalqın mənəviyyatını korlayıb, üstəlik də səbəbini xalqın üstünə atırlar ki, tələbat bunadır.

Bəli, indi tələbat bunadır, ona görə ki, vaxtında bu işin üzərində sosial mühəndislər işləyib. Yadınıza gələrsə, o vaxtlar bir TV-də ailə daxili problemlərə həsr olunmuş verilişlə başladı hər şey, ardınca məhkəmə tippli sırf boşanma məsələləri üçün təşkil olunan bir veriliş də yayımlandı hər həftə.

Həmin vaxt aktyorluq fakultəsinin cavan tələbələrini gətirib çəkirdilər verilişlərə, guya ər-arvaddırlar, boşanmağa gəliblər. Beləcə bunu xalqa bu cür göstərib, sanki çıxış yolu və ya məsələnin həlli yolu kimi xalqın düşüncəsinə calaq etdilər.

Nəticə nə oldu?

TV-lər birbaşa evimizin içinə girib bizə elə tippləri tanıtdı ki, biz o tippləri heç evimizin kəndarına belə buraxmazdıq.

Kimsə efirə üz tutub ailəsinin mətbəxt söhbətlərini "xırdalamaq” istəsə ödənişsizdir, amma kimsə sənət göstərmək istəsə ödəniş etməlidir. 
Azərbaycanda ümumilikdə cavanlar başda olmaqla əksəriyətin təhsili həmişə zəif olduğundan onlar düşündülər ki, hamı gedir, burda pis heç nə yoxdur. İkinci bir dəstə isə müəyyən bir təbəqə idi ki, o təbəqə üçün onsuz da o verilişlərə çıxmaq problem deyildi, sadəcə o cür verilişlər yox idi deyə çıxıb ailə problemlərini nümaiş etdirməyə yerləri yox idi. Necə deyərlər, həmin o təbəqənin lap işinə yaradı, üz tutdular TV-lərə.

Verilişlərin birində bir nəfər şikayətə gəlib, şikayətçi olduğu adam da "kirayəşin"idir. Həyətindəki evi o adama kirayə verib. Həmin evdə qalan şəxs ev yiyəsinə deyir ki, "sən bilirsənmi uşaqlarından biri məndəndir?" Aparıcı da soruşur ki, bilirsənmi filankəs? O da cavab verir ki, bəli, bilirəm. Bu xalqın əxlaqını korlamaqdır, hansı ki, əxlaq insanı idarə edən 2-3 amildən biridir.

Fəlsəfədə bir termin var, "Günahlar artdıqca həya azalır”. Elə bu səbəbdəndir ki, TV-lərin nə vaxtsa düzələcəyinə ümidim yoxdur. Yazımı Emersonun təxmini yadımda qalan bir fikri ilə bitirirəm: "sərvət, mal-mülk, iri şəhərlər, göstərici deyil, göstərici cəmiyətin tərbiyələndirdiyi insanın simasındadır”...