Foto 11:32 24.04.2021

Uzun, incə, ölüm qoxulu yolda... – Baş leytenantın döyüş gündəliyi (FOTO/VİDEO)

Qulu Məmmədli

III hissə

Oktyabr. Səhər saat 07:00

Cəbrayıl şəhərinin mərkəzinə yaxın bölgə


...Çölə çıxıram ki, bu nədir!? Aləm bir-birinə dəyib. Hər tərəf yanır. 50-60 metr solda asfalt yolun üstündə bir yük avtomobili yanır, solda bir maşın vurulub. Zəngilan istiqamətindən atılan minamyotun vızıltılı səsi tükənmir. Biri sağa, biri sola, biri az aralı düşüb ətrafı qəlpə yağışına tutur.
Tikilinin çıxacağında 2-3 zirehli avtomobil dayanıb. Onlardan bir az o tərəfə axşam ərzaq gətirmiş yük avtomobili var. Asfaltın sağ tərəfində ermənilərin atıb qaçdığı bir avtomobil qalıb, kimsə çığırır ki, "heç kim yaxın getməsin ona". Zəngilana gedən asfaltın sağ tərəfində böyük bir ağac var, ağacın düz istiqaməti ilə 100-150 metr boyunca yarı sökük hasarın dibində 200-300 əsgər minamyot atışlarından qorunmaq üçün mövqe alıb gözləyir. Yük maşının arxa tərəfində Milli qəhrəman Şükür Həmidovun yanında xüsusi təyinantlıların bir polkovniki və bir neçə zabit, bizim hərbi hissə komandiri də buradadırlar. Şükür Həmidov asfaltın düz ortasıyla, əli gödəkçəsinin cibində dayanmadan komanda verir. Artilleriya mərmiləri sağa-sola düşür. Hər mərmi səsi gələndə hərə bir tərəfə çəkilib, gizlənməyə yer seçir. Yanaqları qırmızı, bir az əsəbi, yarımdolu, bir az da bəstəboy bu adam sanki mərmilərin uğultulu səsini eşitmir. Birinci dəfə idi mərmi səsi eşidib əyilməyə cəhd etməyən adam görürəm. Rabitədə kiməsə məruzə edir, filan bölmə filan istiqamətə, filan zabiti çağırın, təcili tibbi yardım maşınları göndərin, adam bir yerdə dayanmır. Ətrafdakı zabitlərin gözləri qaynayır, hər biri gah ora, gah bura qaçır, ərzaq xidmətinə baxan bir mayor başqa bölmələrdən gələn əsgərlərə "qalxın avtomobildən, su, çörək, meyvə aparın, tez! Əsas da su götürün, su deyə yüksək səslə minamyotun səsini üstələməyə çalışır.

Hərbi hissə komandirinə yaxınlaşıram: 

- Cənab polkovnik, tanıdınızmı, axşam sizə məruzə etdikləri zabitəm. 

Təəssüfedici baxışlarla mənə baxıb, olan şeydir, belə şeylər olur müharibədə, narahat olma, dəqiqləşdirdim kombatınla, get bölmənə, gedə biləcəksən?"
- Yoldaş polkovnik, imkan varsa, bir günlük bura ən yaxın tibb məntəqəsinə gedib, istirahət, müayinə olub, qayitmaq istəyirəm, axşam ağır psixoloji sarsıntı keçirmişəm.

- Yaxşı gözlə, "sanitarka" gələndə yola salaram gedərsən. Gözlə. Əlini kürəyimə vurub, möhkəm ol, - deyib, Şükür Həmidovun yanına gedir.

Böyük ağacın altında 3-4 nəfər əsgər dayanıb, onlara tərəf gəlirəm. Ətrafda xeyli su, quru ərzaq payları səpələnib. Suyun birini açıb içirəm. Elə bu an elə bil kimsə mənə deyir: "Hasarın dibinə çəkil".

Çox keçmir, düz ağacın üstünə bir minamyot mərmisi düşür. Cəmi 5-6 metr məndən arxa tərəfdə ağacın altında artilleriya atışlarından qorunmaq üçün mövqe tutan əsgərlərin düz üstünə düşür lənətə gəlmiş mərmi. Bir əsgər uca səslə "ay bilə..." deyib, ağzıaşağı dayanıqlı şəkildə göyə qalxıb yerə düşür. Digər əsgərlər də qəlpə yaraları alır. Çığırtı, bağırtı səsləri ərşə çəkilir. Qəlpələr başımızın üstündən sağa-sola uçuşur. Atışlar dayanmadan yarım saat ərzində davam edir. Dəhşətli mənzərədir. Hara gedəsən, harada gizlənəsən ki, mərmi üstünə düşməsin. Hər vıyıltı səsi gələndə düşünürsən ki, qurtardı, bu, düz üstünə düşəcək. Başını iki əlinlə qucaqlayıb özünü var gücünlə yerə sıxırsan. Tək dırnağınla bir dəqiqəyə bir səngər qazıb özünü torpaqda tam itirmək istəyirsən. 

Ara bir az sakitləşir. Yaralı əsgərlərin üst-başları al qana boyanıb. Həkimlər tez əraziyə gəlib kömək göstərməyə çalışırlar. Torpaqla şirələnmiş UAZ markalı hərbi tibbi yardım avtomobilləri yüksək sürətlə bizə tərəf yaxınlaşırlar. Bir əsgər şəhid olub, iki nəfər yaralıdır. Şəhidimizi adyala büküb avtomobilə yerləşdirilər. Yaralılar təcili tibii yardım avtomobili ilə yola salınır. Şükür Həmidov çox əsəbidir. 

Az keçmir növbəti artilleriya atışları başlayır. Zirehli avtomobilin qarşı tərəfində xüsusi təyinatlı bir neçə hərbiçi ilə aşağı əyilib özümüzü mərmi qəlpələrindən qorumağa çalışırıq. Vıyıltılı səslər kəsilmir. Mərmirlərin biri sağa, biri sola düşüb yeri titrədir. Hansı mərmi ki asfalta, beton hissəyə düşür, daha çox qəlpə saçır. Dünənə qədər olan yağış indi yerini mərmi qəlpələrinə verib. Solumda dayanan yüksək cüssəli xüsusi təyinatlı əsgərin, bəlkə də gizir idi, qoluna iki qəlpə girib. Biri əlinin, biri qolunun üst hissəsinə. Qanı dayanmadan axır. Yaxınlaşıb, cibimdə olan bintlə qan axan yarasını bağlayıram. Binti bağladıqca ağappaq bint al qırmızı qana boyanır. İnsan qanı elə parıltılı olur ki! Amma heç elə bil qəlpələr bu adama toxumayıb. Qətiyyən ah-zar etmir. Bir neçə hərbiçi də var, baş, bədən nahiyələrindən qəlpə, güllə yarası alsalar da, tibb məntəqəsinə getməkdən imtina ediblər. Müharibə ərzində bu cəsarətdə olan hərbiçilərə çox rast gəldim. 

Əlinin üstündəki yaranı bağlayandan sonra mənə deyir: "Qardaş, qolumda ağrı hiss edirəm. Kitelin qolunu yuxarı çəkəndə daha bir qəlpənin qolunun üstünə girdiyini görürəm. "Bu dəqiqə, gözlə, bağlayıram, qardaş, narahat olma", - deyib, növbəti binti açıram.

Avtomatı əlindən yerə qoymur qəhrəman qardaşımız. Əlini Şükür Həmidovun yanında dayanan sərt baxışlı, üzü saqqallı polkovnikə uzadaraq: "Qardaş, bizim komandirdir, ona de ki, filankəsov yaralanıb". Təəssüf, soyadını unutmuşam. Bizdən 8-10 metr aralı dayanan qaşlarını çatmış, 40-45 yaşlarında, üzündən zəhm yağan polkovnikə yaxınlaşıb: "Cənab polkovnik, sizin əsgərdir, deyir, yaralanmışam, dedi, sizə xəbər edim". Soyuqqanlı halda məni dinləyən zabit üzünü yaralı əsgərə tərəf çevirib, hökmlə, "nə oldu" deyə, iti baxışlarını ona yönəldir. Yaralı əsgər: "Qəlpə dəydi, komandir", - deyib, təəssüfedici baxışlarını yerə zilləyir. 

Polkovnik heç nə olmamış kimi sağa-sola baxıb: "Döz, növbəti təcili yardım avtomobili gələndə gedərsən", - deyib, kimisə yanına çağırır.

Yenidən yaralı əsgərin yanına qayıdıram. "Yaxşısan?" - deyib, köməyə ehtiyacı olub-olmadığını soruşuram. 

Axşam baş verənləri təmiz unutmuşam. Tibb məntəqəsinə getmək fikrindən də təmiz daşındım. İndi bir istəyim var: öz bölüyümüzə qayıtmaq.

Bir müddət sonra artilleriya atışları səngiyir. Yaxınlıqda olan bir avtomobilimizi, bir tankımızı vurublar. Təcili tibbi yatdım avtomibili bizdən aralı olan hansısa bölmənin olduğu yerə istiqamət alıb yaralı və şəhidləri təxliyə etməyə getmək istəyərkən artilleriya mərmisi düz yaxınlığına düşür. Geri qayıdır. Az sonra yenidən həmin istiqamətlə sürətlə şütüyüb gedir. Yarım saat sonra təxliyyə etdiyi əsgər və şəhidləri gətirir. Burada olan yaralı və şəhidi də götürürlər. 

Günorta yaxınlaşır. Ətrafa səpələnmiş quru ərzaq payından bir ədəd dəmir qabda olan düyünu ərzaq qutusunun içində olan dairəvi ağ şamla isidib yeyirəm. Bir müddət gözlədikdən sonra yuxarıdan taburumuzun 14-cü bölüyündən bir əsgərlə təsadüfən tanış oluram. Ərzaq üçün gəlib. Yuxarı qayıtmaq istədiyini soruşuram. Deyir, "indi gedəcəyəm". "Mən də gedirəm, gəl sudan, almadan, bəzi ərzaqlardan götürüb qayıdaq", - deyə, üst-başı toz-torpağın içində olan əsgərə müraciət edirəm.

Ərzaq xidmətinə baxan zabitə yaxınlaşıb, bizə ərzaq verməsini, yuxarı qalxmaq istədiyimizi deyirik. 

Tələsə-tələsə o yana, bu yana var gəl edən zabit "gəlin, gəlin",- deyib bizi arxası ərzaqla dolu olan "Kamaz"a tərəf aparır. "Qalxın avtomobilə, nə qədər ərzaq götürə bilirsiniz götürün", - deyib bizə bələdçilik edir. Ciblərimizi sarı, ətirli kiçik almalarla, siqaretlə, bəzi quru ərzaq payı ilə doldurub, hərəmizə bir paket 1 litrlik su götürüb, yola düzəlirik. 

Bir müddət getdikdən sonra qalxacağımız dağın ətəyinə çatıb, istirahət etmək üçün yerə uzanırıq. Arxası üstə sarı çayır otlarının üzərinə uzanıram. Özümü boğulmaqdan xilas olmuş insan kimi hiss edirəm. 
 
Düşmən qarşıdakı təpəliklərdə olduğundan bir kolluğu düşmənlə öz aramıza alırıq.
 
Bir alma yeyib, bir az da su içib yenidən yola davam edirik. İki dağın arasındakı ensiz cığıra daxil oluruq. Axşam qaranlıqda düşdüyümüz yolu tanımaqda çətinlik çəkirəm. Əsgər bu yolu dəfələrlə ərzaq üçün enib qalxdığından təxmini istiqaməti mənə göstərir. Bölüyümüz dayanan istiqamətdə, dağın zirvəsində bir ağac var. Ağacdan gedəcəyim yeri tanıyıram. Ağacı oriyentr götürüb hərəkətə başlayıram. 14-cü bölük bizdən sol istiqamətdə olduğundan burada yollarımız ayrılır. Əsgər dağların arası ilə düz, mən az sonra sağa, dağa qalxmalıyam. Yüküm ağır olduğundan bir az getdikdən sonra bütün bədənim tər olur. Dağa qalxdığımdan yoxuşda düşmən üçün açıq hədəfə çevrildiyimi hiss edib, hər addımda qarşıma çıxan iri sal daşların arxasında bir müddət dayanıb daha sonra hərəkət edirəm. Qarşıma bir bulaq çıxır. Yükləri yerə qoyub, bulağın soyuq suyundan bir qədər içib, əl-üzümü yuyuram. Uzun müddət üzümə su dəymədiyindən dodaqlarıma toxunan şor tam hiss edirəm. Üst-başımı su ilə bir az çırpışdırıb, yenidən yükləri götürüb qalxmağa üz qoyuram. Yoxuş çox sərt olduğundan qalxmaq daha da çətinləşir. Üstümdə silah olmadığından narahat, çox narahatam. Sadəcə hava işıqlı və bölməmizin yuxarıda olduğunu bilib bir az rahat hiss edirəm özümü. Amma hər an arxa tərəfdəki dağdan atıla bilən minamyot, yaxud snayper təhlükəsini gözləyirəm. 

Zirvəyə 150-200 metr qalmış yuxarıdan mənə tərəf kiminsə əlində silah gəldiyini görürəm. Hərbi formasının görünüşündən, qolundakı qırmızı lentdən bizim əsgər olduğunu təxmin edirəm. Əlimlə gəl-gəl deyə işarə verirəm. 

Bu gün yağış yoxdur, amma hava bir az tutqundur. Ara-bir günəş buludların arxasından boylanıb yenə yoxa çıxır. Hər tərəfdə topların, ağır artilleriyanın gurultuları dayanmaq bilmir. Yuxarıdan əraziyə daha rahat baxa bildiyim üçün haradasa nəyinsə tüstülədiyini, alışıb-yandığını görürəm. Bu, vurulan avtomobillərdən, əraziyə düşən mərmilərin yaratdığı yanğından ibarət qalxan qara, ağ tüstülərdir. Uzaqda arxası dolu silah-sursat avtomobilinin səs-küylü yanması diqqətimi cəlb edir. Dəqiqə bir arxasında olan mərmilərin birinin partlaması yenidən həmin avtomobilə mərmi düşməsi təəssüratı yaradır.

Füzuli istiqamətindən gələn bölmələrimizin bəzi avtomobilləri də yolda vurulub. Düşmənin atıb qaçdığı bəzi texnikaları da özləri artilleriyası ilə vurmağa nail olub. Amma Füzuli istiqamətindən hücuma keçən bölmələrimizin ardı-arası kəsilmir. Zirehli avtomobillər, arxası əsgərlərlə dolu Kamazlar, piyadaların döyüş maşınıları, tanklar, digər hərbi texnikaları gördükcə adamda qürur hissi, əminlik yaranır. Tək olmadığını, kömək üçün, dəstək üçün bölmələrin ağır-ağır olsa da, irəlilədiyini görmək adamı daha da ürəkləndirir.

Əsgər yaxınlaşır. 

- Komandir, sənsən?

- Mənəm, gəl, kömək elə, canavar, - deyib, bəzi yükləri ona verirəm. 

- Komandir, hardasınız, dünəndən sizi axtarırıq?

- Heç soruşma, hardaydım.

- Komandir, itgimiz var, əsgər Şamo Kərimovu itirdik.

- Nə? - Sanki başıma qaynar su tökürlər.

Əsgər Kərimov çox ayıq, enerjili, bölüyün hansısa işi olanda ilk tapşırmaq istədiyim əsgərdir. Ağcəbədidə mənqarşıq, demək olar, hamının saçını səliqəyə salmışdı. Boks üzrə dərcəsi var idi. Mənə həmişə leytenant olduğum halda "yoldaş baş leytenant” deyə müraciət edirdi. Buna görə əsgərlər həmişə onun belə müraciətini zarafata salıb, gülürdülər.

Səhv etmirəmsə, bir oğlu vardı, bir övladının da anadan olacağı günü gözləyirdi. Mənimlə münasibət bir başqa idi. Hələ Füzulidə olanda gecə qarşıda qaraltı görüb ilk atəş açan əsgər idi. Elə ilk gedən də o oldu. İlk dəfə idi, ilk əsgərimi itirdiyimin xəbərini alırdım. Gözlərim doldu. Yanaqlarımdan yaş sel kimi axmağa başladı. Hiss edirəm ki, boğuluram. Bir müddət yerdə don vurmuş halda qaldım. Deyəsən başladı. Artıq çiyin-çiyinə dayandığın döyüş yoldaşlarımı itirməyə başlayıram. Hər şeyin ilki çox çətin, çox yaralayıcı olur. Üstəgəl, bu müharibədirsə. Toparlanmalıyam, çünki mən zabit, həm də bölüyün tam olaraq ruh yüksəkliyinə, mənəvi-psixoloji hazırlığına cavabdeh birinci şəxsəm. 

Axır ki, bölüyümüzün dayandığı dağın - "830 yüksəkliyi"nin zirvəsinə çatıram. 

Hamı qəm dəryasına qərq olub. Əsgərlər, zabit yoldaşlarım məni görcək hərəsi bir tərəfdən "haradasan, harada idin, nə olub..." sual yağışına tuturlar.

Bitkin halda "Heç harada" deyib, gətirdiyim ərzaqları, siqareti əsgərlərə paylayıram. Yusif mənə yaxınlaşıb, boynumu qucaqlayır. "Sən hardasan, qardaş", - deyib, dolu bədəni ilə məni bərk-bərk qucaqlayır. Gözlərim qəhərdən yaşarır. 

"Nə sən soruş, nə mən deyim, qardaş", - deyib, dodaqlarımı dişləyərək tabur komandirinin harada olduğunu soruşuram.

Yusif vəziyyətimin elə də yaxşı olmadığını sezib, "otur hələ, al, su iç, toxta bir, kombat qaçmır, gedərsən”, - deyib, məni dilə tutur. Axşam başıma gələnləri əvvəldən-sonuna qədər danışıram. Boynumu qucaqlayıb, "narahat olma, hər şey yaxşı olacaq" deyib mənə təsəlli verməyə çalışır. Özümü gecə yaşadıqlarımdan sonra evimizə dönmüş kimi hiss edirəm. Əsgərlər ətrafımda dövrə vurub, Yusiflə danışıqlarımı dinləyirlər kədər dolu baxışları ilə. Çoxu mənə acıdıqlarını üz cizgiləriylə çatdırmaq istəyir.  

Şamonu itirməyimiz də ilk psixoloji zərbə olub hər kəsə. 

Müharibə adamı fiziki yox, mənəvi, psixoloji çox yorur.

Bir müddət söhbət etdikdən sonra qalxıb, tabur komandiri olan istiqamətə getməyə başlayıram. 

Anidən gözlərim içi qanla dolmuş səngərə sataşır. İlk dəfə belə bir mənzərə ilə qarşılaşdığımdan hiss edirəm ki, bədənimdəki bütün tüklər ürpərir. Ürəyimin döyüntülərinin artığını, bədənimin istiləyindiyini duyuram. Şamonun nəşini əsgərlər dağın ətəyinə düşürüb, oradan yola salıblar evlərinə. Qan torpaqla qarışıb, dəhşətli mənzərə yaradıb boz dağın uca zirvəsində. Şamo getdi... Ruhun şad olsun, qardaş. Mülki həyatda görüşəcəyimizin planları səninlə birlikdə bu dağın zirvəsində əbədi dastana döndü.

Dərindən ah çəkib, tabur komandirinə yaxınlaşıb məruzə edirəm.

İlk baxdığım nöqtə tabur komandirinin isimlik yazılan yaxalığı olur. Misirzadə Rahib. Axşam "tabur komandirinizin ad, soyadı nədir? sualının cavabını tapıram axır ki. Gülərüzlə "hardaydın, Məmmədov?" sualını ünvanlayan Misirzadə Rahibə gecə səhərə qədər başıma gələnləri nəql edirəm. Məni tam dinləyəndən sonra "axşam rabitədən mənə çıxdılar sizin burada tağım komandiriniz var deyə, mən də dedim 13-cü bölüyün  zampaliti ora ərzaq götürmək üçün düşüb əsgərlərlə, səhər bir də dəqiqləşdirdilər ad, soyadla."

Başa düşdüm ki, axşam rabitədə olan anlaşılmammazlığın "qurbanı" olmuşam. "Zampalit", "tağım komandiri" sözləri çaşdırıb yəqin hərbi hissə komandirini.
Gülə-gülə "bir şey olmaz, bunu da keçdin, get istirahət elə" deyib, hansısa əsgərə "binoklu buraya gətir"- deyə əmr edir. Çox zəki, anidən qərarvermə qabiliyyətin malik, çox sərt, yeri gələndə isə çox nəzakətli zabitdir Misirzadə.

 Ümumiyyətlə, hər hansı bir yerə yenə düşəndə ilk günlər mübasibətlər qaydasına düşənə qədər müəyyən çətinliklər, anlaşılmamazlıqlar olur, yəqin ki, bu da normal, həyatın qanunauyğunluqlarına tabe bir haldır. Burada isə həyat bir başqa cürdür. Həyatın ən qara, kabus dolu, qaramat tərəfidir müharibə.

Geri, öz evimə- dünən aşağı düşərkən yarı qazılı uzandığım səngərimə qayıdıram. Kiçik əsgər beli ilə ilk dəfə qazdığım səngərdir. Torpaq daşlı-kəsəkli olduğu üçün qazarkən böyük bir daşa dirəndiyindən səngərin içi çox narahat alınıb. Gələcəkdəki məzarım da belə olsa, ta heç nə deyə düşünüb, öz-özümə təbəssüm edirəm.

Əşya çantamı itirdiyimdən, yataq kisəm də olmadığından birbaşa günəş şüalarının az da olsa isitdiyi vətən torpağına uzanıram.

Anidən "2" nömrəli silahım yadıma düşür. Nəcəfli İsanı (Qazi) yanıma çağırmağı tapşırıram kiməsə. Üç gündən sonra rahat şəkildə yatmağa çalışacam. Az keçmir kimsə qaynar gözlərlə mənə müraciət edir. 

-Bəli, komandir, məni çağırmısınız.

Yorğun səslə, "Nəcəfli mənim avtomatım hanı?

-Axşam özünüzdən gedərkən dediniz ərzağı götürüb qalxaq, avtomatınızı da götürdüm ki, itib, eləyər orada. 

"Çox sağ ol, Nəcəfli",- deyib, bu mərd  əsgərə öz təşəkkürüm ifadə edirəm. Bir az da rahat hiss edirəm özümü silahım itməyib deyə. Müharibənin ortasında silahsız qalmaq ayrı bir dərddir. Çox çevik, diribaş əsgərdir Nəcəfli. Onunla bir adaya düş, qısa zamanda mümkünsüzləri mümkün etsin. Amma çox zaman da dərin düşüncələr qərq olur. Təxminən nələr düşündüyünü, beynindən nələrin keçdiyini rahat anlaya bilirəm. Tək Nəcəfli ilə bağlı yox, qarşımdakı çox insanın beynində  hansı hisslərin, düşüncələrin keçdiyini çox zaman rahatlıqla anlaya bilirəm. Deyəsən empati qurmaq məsələsində mənə paxıllıq etməyib uca yaradan. Bəzən isə bu xüsusiyyət çox incidir adamı. Amma neynəmək olar..

Atışma səslərini uşaqkən nənəmin başım üstündə söylədiyi "lay-lay" kimi təsir edir indi mənə. Guruldayan artilleriya atışlarını şirin nəğmə zənn edib, dərin yuxuya qərq oluram. 

"Sağ ol, Nəcəfli, gətir silahı mənə"- deyib, səngərə qısılıb yatıram.

8 Oktyabr  saat 09:00

"830" yüksəkliyi

Cəbrayıl rayonu

"Komandir, komandir". Kimsə məni silkələyib, 

yuxudan oyatmağ çalışır. Gözlərimi qıyaraq açmağa çalışıram. İlıq payız günəşinin yandırıcı  şüaları gözümü qamaşdırır. Əsgər Zeynalov Kamildir. Eyni vaxta 3 qardaş, hər üçü könüllü olaraq döyüşlərə qatılıblar. Dedikcə çox deyib-danışan, adamın eynini açan, bununla bərabər subardinasiya qaydalarını ciddinşəkildə gözləyən istiqanlı əsgərdir. Özünə ləqəb də seçib- "kapitan Zeynalov."

-Komandir, yaxşı çay dəmləmişəm, qalxın, için. Belə bir yerdə çay içmək adama nağıl kimi gəlir. Haradansa dəmir stəkan tapıb, qalan ləvazimatları da quru ərzaq payından toplayıb, nəticədə  yaxşıca bir pürrəngi çay hazırlayıb. 
 

İsti çaydan bir-iki qurtum içirəm. "Komandir, burada "skuşonnu" da var." Peçenyeyə bişmiş şirin süddən əlavə edib, səhər yeməyini yeyirəm.

Elə bu an rabitədən komanda alan tabur komandiri "hamı səngərlərə, havada düşmənin aviasiyası var, heç kim görüntü verməsin"-deyə yüksək səslə tabura  komada verir.

Bütün şəxsi heyyət dağın zivəsində özü üçün qazdığı səngərə uzanır. Hər kəsin ilk qazdığı səngər olduğundan kim necə gəldi qazıb, yerləşib. Təki, mərmi, güllə tutmasın. Hələki düşmən görməsin deyə maskalanmaq haqqında elə dərin bilgimiz yoxdur. Həm də dağın zirvəsində olduğumuzdan uzaqdan buranı düşmənin rahat görməsi elə da asan deyil. Amma bura  müharibədir, istənilən halda ehtiyyatı əldən vermək olmaz. Ani kiçik səhv bütün şəxsi heyyətin məhvinə səbəb ola bilər.

Gözlərimiz səmada düşmən aviasiyası axtarır. Hava tam aydınlıqdır, bir neçə gün dayanmadan yağan yağışdan əsər-əlamət qalmayıb. Hava xeyli istiləşib. Səma tər-təmizdir. Şölələnən günəşin isti şüaları adamın iliklərini isidir. Bizi qaş-qabağla qarşılayan Qarabağ sevimli, doğma sakinlərinə isti qucağını hələ indi açıb. Ən yaxın doğmasından inciyib, daha sonra onu isti bağrına basan tərzdə rəftar edir doğma vətən bizlə. İnciməyə  o qədər əsası var ki bizdən 30 il uzaq düşən taleyi qara vətənin. Amma artıq barışmışıq. İsti günəş şüaları ilə islaq paltarlarımızı qurutmaqdadır Qarabağın isti havası.

Hər kəs sakit şəkildə uzanıb, diqqətini səmaya cəmləşdirib. Gözlərimiz havada nə isə axtarır kimidir. Göy üzündə bir dənə də olsun gözə bir şey dəyməyir. Mərmilərin, atılan topların, qradların, raketlərin nərildəyən gurultulu səsindən quşlar da çoxdan tərk edib Qarabağı. Qarşı tərəfimizdə düşmənin artilleriya bölməsi dağın arxasından irəlləmək istəyən bölmələrimizi aramsız minamiyot atəşinə tutmaqdadır. Bəzən mərmilər tikililərə, avtomobillərə tuş gələndə saatlarla yanan yanğınlar çıxarırlar.

Havada milçək vızıltısına oxşar səs çıxaran dronunun vızıltısını eşidirik. Səs düz başımızın üzərindən gəlsə də, gözlə bir şey görmək mümkün deyil. Axşam optik eynəyim sındığından uzaqgörmə ilə bağlı problemim üzündən uzağı tam aydın görə bilmirəm. Gözlərimi qıyıb vızıltının haradan gəldiyini dəqiqləşdirmək istəsəm də bir şey alınmayır.

Hələ Ağcəbədidə olarkən eşitdiyim bu səs ürəyimdə bu "harop"dur deyə səslənir. Az keçmir mənim fikrimi təsdiqləyirlər, "haropdur". Arabir səmada nöqtə böyüklükdə görünən bu dronun şüvən səsi bütün əraziyə hakim olub. Qarşımızdakı dağın arxa tərəfindən-Hadrut istiqamətindən düşmən artilleriyasının necə intensivliklə işlədiyinə şahidlik edirik. 

Təxminən 20-30 dəqiqə sonra həmin istiqamətdə onlarla güclü partlayış səsləri gəlir. Az keçmir ki, bir neçə yerdən qalxan, toronodaya oxşayan qara tüstü səmanı bütün hiss-dumanaya bürüyür.

 2 saata yaxın eyni səs tempi ilə uçan "harop"un səsi anidən dəyişir. İndi başımızın üzərində vizilti səs yerini nərildəyən qırıcı səsinə verir. 20-25 saniyə  sonra yüksək gurultulu səs ətrafa əks-səda verib, yeri-göyü titrədir. "Komikadze dron" görəvini uğurla tamamlayır. 

Mövqeləndiyimiz dağla qarşıdakı dağın arasında geniş bir ərazi var. Deyəsən, əkin sahələridir. Bir traktoru da sahədə qoyub qaçıblar ermənilər. Taxıl əkilmiş sahəyə oxşayır. Qarşıdan bir neçə at, onlarla bərabər inək  sürüsü heçə olmamış kimi otlaya-otlaya bizim istiqamətə gəlirlər. Heyvan sürüsünə baxa-baxa uşakən əmioğlu Vəli ilə kəndimizin ətrafındakı otlaqlarda, Kür çayının sahilindəki çılpaq Tuğay meşələrində qoyun, iribuynuzlu heyvan növbəsinə getdiyimiz günlər yadıma düşür. Qəribə hisslər ruhuma hakim olur, necə də gözəl günlər imiş o günlər deyə dərindən köks ötürürəm. Qısqanclıq hissi ilə düşünürəm yəqin, nə bir də qardaşım hesab etdiyim Vəlini, nə də, bir də o yerlərə qayıda biləcəyəm.

Günorta yeməyinə yaxın bir vaxtdır. Acmışam deyəsən. Ərzaq dağın zirvəsinə çıxarıldığından müəyyən çatışmamazlıqlar var. Yusif 4-5 əsgərlə quru ərzaq payından çıxan "tuşonka" isidir, şamla. Səngərlərimiz bir az aralı olduğundan əl hərəkəti ilə məni yanına çağırır.  

Hər kəs səngərində oturaq halda nə iləsə eşələməkdədir. 

Qalxıb sıra ilə qazılmış səngərlərin yanı ilə irəliləyirəm. Hər səngərin içində bir ya iki əsgər var. Çox zaman iki əsgər olurdu, bir-birinə hayan olmaq üçün. Keçdikcə sırayla əsgərləri salamlayıram. "Necəsiniz, canavarlar, yeməyə bozbaşdan, kababdan nəyiniz var?"-deyə zarafat edirəm. Quru ərzaq payından çıxan müxtəlif yeyəcəkləri isidən əsgərlər israrla yeməyə dəvətə edirlər məni. 

Yusif para çörəyi ortaya qoyub, isitdiyi mal ətindən olan konservanı kauçuk çəngəl ilə qarışdırıb, bir loxma götürüb çəngəli mənə verir. "Əladır, ye getsin". Kərgədan əti deyib gülməkdən qəşş edir. bir az da məzəli səslə əsgərlərə səslənir. "Ayə, mənə istiot gətirin."

Yusif peşəkar hərbiçidir. Uzun zamandan sonra 5 il öncə ordudan təxris olub. Müharibə başlayınca könüllü olaraq müharibəyə qatılıb. Uzun zaman zabit işlədiyindən hərbi idarəçilik qabiliyyəti çox yüksəkdir. Arada görürsən əsib-coşur, əsgərlərini danlayır, hərbi nizam-intizamın şərtlərini maddə-maddə sadalayır. Bir də görürsən tam ciddi olan adam əsgərlərlə deyib-gülür, şən zarafatlarla hamını gülməkdən keçindirir. Həmkəndli olsaq da, Yusifi ilk dəfə 10 gün qabaq görmüşəm. 

Müharibənin içində gülüş bir başqa təsir bağışlayır adama. Gülürsən amma bu gülüş bütün gülüşlərdən çox fərqlidir.. 

Vizıltı ilə gələn minamiyot mərmisi bizdən təxminən 4-5 m aralı düşüb, ətrafa qəlpələnir. "Hər kəs səngərlərlə" deyə tağım komandirləri bağıraraq komanda verirlər. İkinci mərminin vızıltısı eşidilir.