Biri var idi, biri yox...
Biri az idi, biri çox...
Kiminin Adərbayqan, kiminin Absurdistan adlandırdığı balaca, bapbalaca bir ölkə var idi. Bu balaca ölkəni hərə bir yandan didişdirib, dartışdırıb, dürtüşdürüb bapbalaca bir ölkəyə çevirmişdi. Bu balaca ölkə xəritədə qartala oxşamağı ilə təsəlli tapmışdı. Bu ölkənin sənəti də, mədəniyyəti də, teatrı da, kinosu da, ədəbiyyatı da, tarixi də bapbalaca qalmışdı.
Günlərin bir günündə bu bapbalaca ölkənin bapbalaca şəhərlərinin birində, Mərdəkan adlı bapbalaca qəsəbədə İbrahim kişinin balaca ailəsində balaca bir körpə dünyaya gəldi. Adını Vaqif qoydular... haçansa böyüyüb vaqif olacağı arzusuyla.
Başqa arzularını bilmirəm, amma deyəsən, Həsənovlar ailəsinin bu arzusu çin olacaqdı.
Günlər keçdi, aylar ötdü, il dolandı...
At ayağı yüyrük, ozan dili çevik olar...
Balaca Vaqif məktəbə getdi, məzun oldu. Son zəng günü əynindəki ağ köynəkdə yazılan xatirədə olduğu kimi, ali məktəbə qəbul olundu.
İncəsənət İnstitutunu birtəhər bitirərək, aktyor kimi fəaliyyətə başladı. Pis aktyor da deyildi, tamaşalarda yaxşı rollar alırdı. Ancaq di gəl ki, Allahına şükr edib, baş-qulağı dinc aktyor kimi işləmək istəmədi. Vaqif sənətin sirlərinə vaqif olduqca rejissura onu özünə cəlb edirdi. Xüsusilə "sovet realist sənətinin təbiətinə zidd olan” yeni nəzəriyyələr, yeni istiqamətlərlə dərindən maraqlanırdı. Çağının teatr sənətinin səviyyəsindən möhkəm narazı idi. Bəlkə də, heç özü də bilmirdi ki, teatr necə olmalıdır, amma bir şeyi dəqiq bilirdi ki, belə olmalı deyil. Bu minvalla, az getdi-üz getdi, dərə-təpə düz getdi, axır gəlib çıxdı Teatr Cəmiyyətinin nəzdində Eksperimental Studiyaya.
Tanış yollarla, magistrallarla, magistral bir yana, heç tanış cığırlarla da yerimək cəlb etmirdi onu. Vaqif sənətdə sələflərinin yerişini yerimək istəmədi. Başladı öz dilini, öz ifadə vasitəsini, öz estetikasını, öz üslubunu axtarmağa. Burda öz "əndrabadi” tamaşalarını hazırlaya-hazırlaya bir də gördü ki, yavaş-yavaş ətrafına həmfikirlər toplanıb...
Artıq Vaqifin öz tamaşaçıları yaranmağa başlamışdı. Tədris Teatrında da eksperiment eləmək şakərindən əl götürə bilmədi Vaqif. Burada bədii rəhbər çalışdığı vaxtda daha da çox tanındı, daha da çox sevildi, daha da çox nifrət qazandı. Vaqifi sevənlərlə ona nifrət edənlərin, yüksək qiymətləndirənlərlə ciddiyə almayanların nisbəti düz mütənasib olardı, haradasa.
Bilmirəm... onu sevənlərinmi, ya nifrət edənlərinmi kəramətindən Vaqif Həsənov Musiqili Komediya Teatrına baş rejissor vəzifəsinə təyin edildi. Bəli, bu, məhz təyinat idi. Musiqili Komediya teatrında Vaqif özünü öz boşqabında hiss eləmirdi. O, bu boşqaba yeyilmək üçün, yeddibaşlı əjdahanın şam yeməyinə təam kimi qoyulmuşdu.
Amma və lakin... Vaqifmi əjdahalara yeməli görünmədi, yoxsa əjdahalarmı Vaqifə diş qıcamağa cəsarət eləmədilər, bilmirəm...
Ammasız lakin... onu bilirəm ki, kor tutduğunu buraxmayan kimi Vaqif də tutduğu yolu buraxmaq fikrində deyildi.
Vaqif tamaşa quran deyildi, rejissor idi. Bəlkə də böyük-böyük rejissorların yanında o qədər də əzəmətli, ədalı görünməyi bacarmırdı. Bəlkə də lap bapbalaca rejissor idi, amma bu adam anadangəlmə rejissor idi və hazırladığı hər tamaşa bunu faş edirdi.
Beləcə... hazırladığı tamaşalar Vaqifi "Vaqif İbrahimoğlu”ya çevirdi.
Vaqif İbrahimoğlu yaşaya-yaşaya öz ömür tamaşasını qururdu. Və bu tamaşanın baş hadisəsi onun öz teatrını yaratması idi.
Ötən əsrin sonları idi... Hakimiyyət dəyişikliyi, ictimai durumun dəyişməsi və s. olaylar nəticəsində ara qarışıb, məzhəb itmişdi. Vaqif İbrahimoğlu bu vurhavurda araya salıb öz arzusunu gerçəkləşdirdi. İllərdən bəri arzuladığı "öz teatrını” 40 yaşının tamam olduğu gündə özünə (sən demə, tək özünə yox) hədiyyə elədi. Ustadı Tofiq Kazımovun bacarmadığını bacardı.
Balaca studiya böyüyüb balaca teatra çevrildi. Hələ üstəlik "dövlət statusu” da aldı. Dövlət statusdan başqa bu balaca teatra balaca bir bina da verdi. Azdramanın arxasında, Poluxində yerləşən köhnə hamam teatrın binasına çevrildi. Bu köhnə hamamda təzə-təzə tamaşalar hazırlandı. Bu təzə tamaşaların sədası bütün ölkəyə yayıldı. Təzə-təzə bu teatra da dodaq büzən çox oldu. Ancaq zamanla Yuğ teatrı ölkə daxilində də, ölkəmizin hüdudlarından kənarda da özünü təsdiqləməyi bacardı. Çoxu Yuğda gedən proseslərin mahiyyətindən xəbərdar deyildi. Amma hamıya əyan idi ki, bu teatr "bizim kənddən” deyil.
Vaqif İbrahimoğlu "Yuğ”da teatrdan artığını yaratmağa müyəssər oldu. Artıq "Yuğ” yaradıcı mərkəz, hətta bəlkə də elmi-tədqiqat mərkəzinə çevrilmişdi. Tamaşa quran, rejissor olmaq istəyən, aktyor olmaq istəyən, kitab buraxan, məqalə yazan, çıxış hazırlayan hamı Vaqif İbrahimoğlunun özgə vaxt bəyənmədikləri bapbalaca, tüstülü-dumanlı darısqal otağına üyüşürdülər. Hərə öz ideya dozasını alıb gedirdi.
Varını verən utanmaz deyirlər. Bu kişi heç kəsi qapısından başıboş qaytarmazdı. Təsadüfi deyil ki, Azərbaycan teatrında gəlmiş-keçmiş heç bir rejissor Vaqif İbrahimoğlu qədər rejissor yetişdirməyib. Bu adam anadangəlmə rejissor olduğu kimi, həm də anadangəlmə müəllim idi. Təkcə tələbələrinin yox, hamının müəllimi idi.
Bu arıq, çəlimsiz, "görkəmsiz” rejissor Azərbaycanda heç bir görkəmli rejissorun eləyə bilmədiyini elədi. Öz poetikasını hazırladı, öz teatrını yaratdı, öz tələbələrini yetişdirdi. Əlindən tutub sənətin "qıl körpüsündən” keçirdiyi adamların içində naxələf çıxanlar da oldu. Üzünə gülüb, arxasınca kölgəsini qılınclayanlar da tapıldı. Ümumiyyətlə, Vaqif İbrahimoğlunun sənətini qəbul etməyənlər, qıcıqlananlar, hətta əsəbləşənlər də var idi. Amma sənət aləmində heç kəs Vaqif İbrahimoğluna biganə deyildi. Elə bu gün də ölkəmizin teatr icması Vaqif İbrahimoğlunun yaradıcılığını yüksək qiymətləndirənlərlə, ona qarşı açıq və ya latent nifrət daşıyan iki qütbün arasında var-gəl edir.
Vaqif İbrahimoğlu görkəmli rejissor olmadı... Olmaq istəmədi... Ruhunun hikmətlərinə güvənib, doğru bildiyini elədi... Azərbaycanlının geştaltında mövcud olan SƏNƏTKAR (şair) obrazına heç oxşamadı... Heykəl olmaq istəmədi...
Vaqif İbrahimoğlu CANLI İNSAN idi - iradəsi ilə... zəiflikləri ilə... istedadı ilə... mehribanlığı və acıdilliyi ilə... sevgisi, mərhəməti ilə... ironiyası ilə. Hə, ironiya demişkən, Vaqif müəllimin ironiyası dəhşətli dərəcədə incə və təsirli idi. Hərdən bu ironiya öldürücü də olurdu. İroniyası onun qoruyucu qlafı idi.
Vaqif İbrahimoğlu bütün yaşamını sanki oyunun içinə gömmüşdü. O, hər yerdə oynayırdı – metroda da... parkda da... küçədə də... yolda da, ...bircə səhnədən savayı. Səhnədə isə o, yaradırdı. Bu yaratdığı nə idi, nə üçün idi, kimə lazım idi, nəyə xidmət edirdi? Bu sualların cavabını zaman verəcək.
Mən isə azdan-çoxdan Vaqif İbrahimoğlu yaradıcılığına və şəxsiyyətinə bələd olan biri kimi deyə bilərəm ki, o, təpədən dırnağa SƏNƏTKAR idi... təpədən dırnağa İNSAN idi... MÜƏLLİM idi. Sözün əsl mənasında USTAD idi. Bu gün USTADın 68 yaşı tamam olur.
Doğum günün mübarək, USTAD.
Göydən üç alma düş... düşmədi.
Çünki bu nağıl hələ bitməyib. Vaqif İbrahimoğlunu özünə USTAD bilən sonuncu adam dünyadan köçməyincə bu nağıl davam edəcək...
Elçin Cəfərov (Teatrşünas)
Qaynarinfo.Az
Şərhlər