Siyasət 17:29 24.02.2023

"Vardanyanın "istefa"sından sonra optimist mövqeyə ümid etsək də..." - Politoloq

"Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan münaqişəsinin həllilə bağlı təkliflərə münasibət bildirərkən deyib ki, Brüssel problemin həlli üçün təklif olunan platformalardan biridir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə danışıqların baş tutacağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. 

Politoloqa görə, bu mənada Azərbaycan Prezidenti Cənubi Qafqazda məlum geosiyasi güc mərkəzlərinin maraqlarının toqquşduğuna işarə edir:

"Avropa Birliyi və ABŞ-ın bu istiqamətdə vasitəçilik səyləri alqışlanmalıdır. Təbii ki, bu istək gerçəkdən bölgədə sülh və sabitliyin təmin olunmasına yönəldilibsə. Amma Qərb vasitəçiləri sadəcə olaraq Rusiyanın vasitəçiliik missiyasını daraltmağa, onu münaqişənin həlli prosesindən kənar qoymağa çalışırlar. İndiki şəraitdə Rusiya kimi dövlətin bölgə maraqlarının nəzərə alınmaması münaqişənin yaxın perspektivdə tam mənada həlli ilə bağlı söylənilən fikirlərə münasibətdə pessimist mövqe tutmağımıza səbəb olan əsas amildir. Azərbaycanın hər hansı güzəştə gedəcəyi istisnadır. Azərbaycan yalnız üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilər”. 

Ekspert qeyd edir ki, Şərqi Zəngəzur dəhlizi açılacağı halda Ermənistan onun vasitəsilə Rusiyaya birbaşa çıxış əldə edir ki, bu da Qərbin maraqları çərçivəsində deyil:

"Bu isə qərbpərəst Paşinyanın maraqlarına cavab vermir. Ona görə də Vardanyanın "istefa"ya göndərilməsindən sonra, Qarabağın müqəddəratı ilə bağlı danışıqlarda hər hansı bir optimist mövqeyə ümid etsək də, Zəngəzur dəhlizi məsələsində İrəvanın Moskva ilə iqtisadi ilişkilərinin artmasından narahat olan Qərb hələlik birmənalı mövqe sərgiləmir. İran da bu dəhlizin açılmasına qarşıdır. İddia edir ki, bu guya Ermənistanla onun arasında olan dövlət sərhədinin dəyişməsinə gətirib çıxara bilər. Halbuki bu məsələdə Tehranın belə mövqe sərgiləməsi də bəllidir. Belə ki, İran ərazisi vasitəsilə Naxçıvandan Azərbaycana keçən tranzit xərclərinin 15 faizi Tehranın payına düşür. İran isə həmin 15 faizi itirəcəyi müqabilində nə qazanacağı məsələsinə aydınlıq gətirməyib”. 

Qeyd edək ki, Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays brifinqdə çıxışında yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqların olacağını bildirib. O qeyd edib  ki, nümayəndələr arasında görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüsseldə təşkil ediləcək. 

Rüfət Sultan