Rəşad ŞİRİN
Postsovet dövlətləri yeni nəslin, modernləşən dünyanın, daha ayıq və tələbkar vətəndaşın təzyiqi altındadı. Bu təzyiq dövləti transformasiyaya məcbur edir.
Sosial media imkanları xəbəryaymanı ani və kütləvi etdiyi üçün təzyiqi bir az da artırır. Bu təzyiqi qısaca "görürük, bilirik, istəyirik" şəklində izah edə bilərik.
Yaxşı, bu təzyiq hardan qaynaqlanır? Bir neçə səbəb var. İndi, 1990-cı illərə nisbətən, insanlar daha çox səyahət edir, daha çox oxumuş-görmüşdür və dolayısıyla tamamən başqa şeylər istəyir və tələb edir. 1990-lardan fərqli olaraq indi vətəndaş həm də istehlakçıdı və istehlak etdiyi mallar və xidmətlərin keyfiyyətinin daimi artmasını istəyir, daha inkişaf etmiş ölkələrdə olduğu kimi olsun istəyir.
Dövlət öz ictimai və sosial xidmət funksiyasını üstlənməyə məcbur olur get-gedə, istəsə də, istəməsə də. Dövlət qurumları vətəndaş/istehlakçının könlünü qazanmalıdı artıq, onun istəkləri, arzularını görməzlikdən gələ bilməz.
Ona görə, məsəl üçün, obrazlı desək, boynuyoğun nazirlər, kobud-kobud danışan gömrük və vergi məmurları, rüşvət alan yol polisləri dəbdə deyil artıq. Var, amma trend deyil.
Dövlət yavaş-yavaş onlardan qurtularaq yaxşı interfeys yaradacaq.
Dövlət xidmətçi kimi mükəmməl olmayacaq heç vaxt təbii ki, bu mümkün deyil. Amma müxtəlif sahələrdə təzyiq arta-arta gedəcək və dövlət də ona uyğunlaşacaq, müasirləşəcək.
Bu hər yerdə belə olub və olacaq. Müasirliyin, bazarın, gəncliyin istəkləri həmişə ciddi təsir yaradır və bizim ölkə də istisna olmayacaq.
Çox maraqlıdır ki, bu yeni tələbkar vətəndaş-istehlakçı 90-larda xəyal edilən haqqlar uğrunda siyasi mübarizəyə qoşulacaq vətəndaş olmadı, başqa bir canlı oldu. Yəni ki, dövlət və vətəndaş arasındakı münasibətin yeni - kapitalist, fərdiyyətçi məntiqi yarandı və hər şey ona uyğunlaşdı, nəinki fərqli siyasi fikirlər və istəklərə...
Şərhlər