Foto 12:35 14.09.2020

VEYSƏLOĞLU məcburi köçkün ailələrdən olan şagirdləri kompüterlə təmin etdi (FOTOLAR)

Veysəloğlu  Şirkətlər Qrupu aztəminatlı ailələrə övladlarının təhsil almalarna dəstəyini davam etdirir. Bu məqsədlə hazırda Şirkətlər Qrupu bir çox layihələrlə yanaşı "Code for Future” (Gələcəyi kodlaşdır) təşəbbüsünün icrasında da iştirak edir. 

Veysəloğlu Şirkətlər Qrupu bu təşəbbüs çərçivəsində Azərbaycanda "COVİD-19” pandemiyası dövründə aztəminatlı məcburi köçkün ailələrinin uşaqlarının distant təhsilinin davam etdirilməsi üçün avadanlıqların tədarükü kampaniyasına qoşulub. 

Şirkətlər Qrupunun nümayəndələri yeni tədris ilinin başlanması ərəfəsində "Code for Future” təşəbbüsünün həmtəsisçiləri ilə birgə Cəbrayıl rayonundan olan məcburi köçkün ailələri üçün Biləsuvar rayonunda salınmış qəsəbələrdə olublar. Nümayəndələr təhsilində fərqlənən VI-X sinif şagirdlərin evlərini bir-bir ziyarət edərək onlara Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT LOGISTICS”, "OBA” marketlər şəbəkəsi və "ARAZ” supermarketlər şəbəkəsinin istifadəsində olan portativ kompüter və noutbukları hədiyyə ediblər. 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Veysəloğlu Şirkətlər Qrupunun Xarici Kommunikasiyalar şöbəsinin müdiri İlkin Bağırovu, "Code for future” təşəbbüsünün həmtəsisçisi, BMT-nin Azərbaycan Nümayəndəliyinin Əlaqələndirmə üzrə müşaviri Şəms Mustafayevanı və təşəbbüsün digər həmtəsisçisi Xalisə Şahverdiyevanı qəbul edib.  Kamal Həsənov görülən işlərdə zəhməti olan hər kəsə təşəkkürünü bildirib. 


Qeyd edək ki,  "Code for Future” (Gələcəyi kodlaşdır) təşəbbüsü Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşmış məcburi köçkün uşaqları arasında informasiya texnologiyası (İT) savadlılığının artırılması, innovasiyaların təşviqi və startap hərəkatının genişləndirilməsinə dəstək məqsədi daşıyır. 

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ qaziləri və müharibə veteranlarına, həmçinin təhsil, idman və s. sahələrdə dəstək xarakterli çoxsaylı layihələr həyata keçirir.