Siyasət 11:58 22.06.2013

VHP-dən Milli Şuraya ETİRAZ

“Milli Şura açıq bazar ola bilməz”

“Milli Şurada vahid namizəd məsələsi həll ediləcəksə, VHP onu dəstəkləyəcək. Yəni o zaman bizim partiyanın namizədi seçkilərdə  iştirak etməyəcək. Bu qərarı partiya sədri də dəstəkləyib”. 

Bunu Qaynar.info-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Milli Şuradakı təmsilçisi Rafiq Manaflı deyib. 

O bildirib ki, VHP sədri Milli Məclisdə təmsil olunur: “Hazırda sədrin Milli Məclisdə olması məqsədəuyğundur. Sabir bəy orada olmalıdır və ehtiyac yaranarsa, bizi parlamentdə təmsil etməlidir. Təbii ki, o da Milli Şura ideyasını dəstəkləyir”.


VHP funksioneri Milli Şurada üzvlərin sayının artırılmasına da  münasibət bildirib: “Üzvlərlə bağlı müəyyən hədd olmalıdır. Təbii ki, bura açıq bazar ola bilməz. Yəni hər dəfə 5-10 nəfər qoşulası deyil ki?! Əvvəlcə 51 nəfər, sonra 129 nəfər qəbul edildi. Axı bunun bir həddi olmalıdır. Hədd müəyyənləşdirilməlidir və o həddən çox olmamalıdır. Bütün partiyalarda-AXCP-də, Müsavatda, VHP-də Milli Azadlıq Hərəkatında iştirak etmiş minlərlə adam var. Onlar bu yolda canlarını qoyublar. Həmin insanları burada təmsil edənlər var. Onların hər biri burada bir fərd kimi təmsil olunsa necə olar?!”

İlkin
Qaynar.info