Maqazin 12:53 13.06.2018

Vidadi Bərdəlinin qardaşı oğlu həbs xəbərindən danışdı: "O Tuncay mən deyiləm" (FOTOLAR)

Xatırladaq ki, iki gün öncə mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Bərdəlinin həbs olunması ilə bağlı ölkə mediasında xəbərlər yayılıb.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan mərhum müğənninin qardaşı oğlu Tuncay Vaqif oğlu Vəliyev yayımlanan xəbərlərdə səhvən onun fotolarının da verildiyini bildirərək, nüfuzuna xələl gətirildiyini söyləyib:

"O Tuncay mən deyiləm. Əmimin bir oğlu var, onun da adı Vəliyev Tuncaydı, mənim də. Yayımlanan xəbərlərin əksəriyyətində onun şəkillərindən çox mənim şəkillərimi paylaşıblar. Şəkli görən hər kəs mənə zəng edir. Bu, mənim adıma, sanıma, sənətimə də ləkə gətirir. Bütün xəbər saytlarından xahiş edirəm ki, yayımlanan xəbərlərdə fotoların yanlış getdiyi ilə bağlı məlumat dərc etsinlər. Öncədən hər kəsə təşəkkür edirəm".
 
Qeyd edək ki, Unikal.org saytının verdiyi xəbərə görə iyunun 10-da Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
 
 Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyev
 

Vidadi Bərdəlinin qardaşı oğlu, Tuncay Vaqif oğlu Vəliyev

Çingiz Səfərli