Foto 10:32 09.05.2020

"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri ilə söhbət

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün mayın 1-dən 3-dək Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən "Virtual Hackathon - 2020" müsabiqəsi başa çatıb. "Biz birlikdə güclüyük" adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

"Kondor" dronu

Qaynarinfo xəbər verir ki, müsabiqənin şərtlərinə görə, komandalar 48 saat ərzində Slak və ZOOM proqramlarından istifadə etməklə bir araya gəlib, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar təqdim olunub. Komandaların təqdimatları bitdikdən sonra qaliblər "Virtual Hackathon” müsabiqəsinin facebook səhifəsində canlı yayımda elan olunub.
Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universitetinin komandasının hazırladığı "CoroWarner” proqramı layiq görülüb. "CoroWarner” pandemiya zamanı insanların və təşkilatların bir-birinə kömək etməsi üçün məlumatlandırıcı funksiya daşıyacaq.
İkinci yerə AzTU komandasının hazırladığı "Kondor" dronu layiq görülüb. "Kondor” infeksiyasının yayıldığı dövrdə əhalinin temperaturunun alternativ enerji ilə işləyən cihazlar vasitəsilə ölçülməsi, tibbi ləvazimatların təhlükəsiz çatdırılması, ərazilərin və kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün nəzərdə tutulub.  

Biz də qərara gəldik ki, müsabiqədə ölkəmizi təmsil edən və qaliblər sırasına daxil olan "Kondor” dronun müəllifləri ilə olan həmin gəncləri yaxından tanıyaq.

Komanda üzvləri ilə tanışlıq

Komanda üzvlərinin hər biri Azərbaycan Texniki Universitetinin müxtəlif fakültələrində və fərqli kurslarında təhsil alırlar. Komandanın lideri Ayxan Qurbanov sayılır. O, Energetika, Elektronika və Avtomatika fakültəsinin proseslərin avtomatizləşdirilməsi fakültəsində oxuyur. Adil Vəlizadə İnformasiya Tele komnikasyiya Fakultəsinin Kompüter mühəndisliyi bölməsində, İbrahim Əbdüləzizli isə Xüsusi Texnika və Texnologiya və Şamil Sultanzadə Energetika, Elektrotexnika və Avtomatika fakültəsində təhsil alırlar.

Güclü və yeni bir layihə

İlk olaraq Ayxanla həmsöhbət olub bu komandanın necə yarandığı haqqında məlumat alırıq. Ayxan bildirir ki, komanda yoldaşları ilə uzun müddətdir ki, univeristetdə startap layihələrindən tanış idilər: "Univeristetimizdə İsmayıl müəllim aktiv startapçıları bir araya yığıb komanda qurmaq istəmişdi. Elə alındı ki, bu uşaqlarla tanış olduq və aydın oldu ki, hər birimizin maraqlı layihəsi var. Bir ay öncə Kənd Təsərrüfatı Nazirliyindən bizə "Agrohackathon” 2020 müsabiqəsində iştirak etməyi təklif etdilər. Bu, bizim komanda kimi iştirak etdiyimiz ilk müsabiqə idi və komandamız burada çox böyük uğur qazandı. Nazirliyin o qədər xoşuna gəldi ki, bir pomidor sortuna bizim universitetin adını verdilər. Biz təbii ki, bununla kifayətlənmədik, yeni uğurlar qazanmaq istəyirdik. Güclü və yeni bir layihə ilə "Virtual Hackathon - 2020" müsabiqəsinə qatıldıq. İkinci yerə layiq görüldük, bu bizim üçün əsl motivasiya oldu. 

Biraz düşündükdən sonra belə qərara gəldik ki

Maraqlıdır, bəs, necə oldu bu ideyası yarandı? Şamil deyir ki, əslində, bir neçə ideya vardı, amma ən sonda dronda qərarlaşıblar: "Dron ideyasi bizdə 2018 ci ildə yaranmışdır və bu layihə ilə ilk dəfə İ2B də iştrak etmişdik. Bu müsabiqəyə qatılarkən isə düşündük ki, yaradacağımız robot ilk olaraq həkimlərə yardım edə bilsin. Bu robot tibbi müəssələrində xüsusən də  palatalarda və dəhlizlərdə müxtəlif məhlullardan istifadə etməklə dezinfeksiya prosesi həyata keçirəcək. Amma biraz düşündükdən sonra belə qərara gəldik ki, epidemiyadan sonra bu robotlara təlabat az olacaq və hətta olmaya da bilər. Ona görə elə bir robot düşündük ki, növbəti dövrlərdə də istifadə etmək olsun.

Dronun xüsusiyyətləri

Şamil dronun xüsusiyyətləri haqqında da danışdı: "Alternativ enerji mənbələrindən istifadə olunacaq. Dronun üstü günəş batareyalarından ibarət olacaq. Və həmçinin Qİ protokoldan da istifadə edilməsi planlaşdırılır. Bu isə uçuş müddətini dəfələrlə artırır. Keçmiş SSRİ ölkələrində cəmi 2-də, Russiya və Ukraynada dron istehsal edən müəssələr var. Amma onlar dövlətə məxsusdur, bizim müsbət tərəflərimizdən biri də odur ki, bazara konkurensiyaya dözümlü, yüksək kefiyyətli yerli məhsul çıxardırıq. Dron bir çox müəssisələrdə, sahələrdə istifadə olunması planlaşdırılır. 2 hissədən ibarətdir, dron və 10 litrlik bak, həmçinin məhlulu yaymaq üçün motorlar və şlanqlar. Virusdan sonra isə kənd təsəruffatında sahələrin dərmanlanması, suvarılması və bu kimi proseslərdə istifadə etmək nəzərdə tutulur”. 

İlk müsabiqədən sonra...

Bir komandada fəaliyyət göstərmək həmdə güvən tələb edir. Adil deyir ki, bu güvən qatıldıqları ilk müsabiqədən sonra yaranıb: "İlk qatıldığımız müsabiqə "Agrohackathon” 2020 oldu. Həmin dövrdə 33 saat birlikdə çalışdıq və ondan sonra aramızda dostluq münasibəti yarandı və bu dostluq indi də davam edir. Bu dostluq sayəsində bir-birimizə olan güvənimiz tamdır. İlk müsabiqədən sonra kimin hansı səviyyədə bilik sahibi olduğu anlaşıldı və iş bölügümüzü buna uyğun etdik. Bölgünü iki istiqamətdə, texniki və proqramist qrupu olaraq apardıq”. 

Biz layihəmizin güclü və üstün tərəflərini yaxşı bilirdik

İbrahimlə isə müsabiqəyə qatılmaları, qalib olmalı ilə bağlı həmsöhbət oluruq. O, qeyd edir ki, bugünə qədər bir neçə startap müsabiqəsinə qatılıblar və koronavirus dövründə də belə bir müsabiqənin təşkil edildiyin bilib iştirak etmək qərarına gəliblər: "Bildiyiniz kimi müsabiqənin təşkilatçılarından biri də bizim universitet idi. Biz də univeristetimizin adından müsabiqəyə qatıldıq. İstənilən müsabiqədə, yarışda qaliblər sırasında olmaq hər kəsin istəyidir. Çünki heç kim əziyyətini bundan aşağı dəyərləndirməz. Biz layihəmizin güclü və üstün tərəflərini yaxşı bilirdik. Yarış sona çatdığı zaman, qiymətləndirmə prosesində müəyyən anlaşılmazlıqlar oldu. Amma buna baxmayaraq biz işimiz uğurdan mübarizə apararaq layihəmizin güclü olduğunu sübut etdik.  Nəticə etibarilə Azərbaycan universitetləri arasında birinci, ümumi olaraq isə ikinci yerə layiq yerə görüldük”.

Xarici bazarlara çıxmağı düşünürük

Son olaraq Ayxanla isə komandalarının gələcək planlarından danışdıq. O, deyir ki, komanları inkişaf etmək üçün müxtəlif treninqlərdə iştirak edir: "Rabitə və Yüksək texnologiyalar Nazirliyi bizi mükafatlandırdı. Hazırda komanda olaraq yeni layihə üzərində çalışırıq. Gələcəklə də bağlı planlarımız böyükdür. İnnovativ layihələrimizlə sadəcə Azərbaycan bazarı ilə kifayətlənməyib, xarici bazarlara da çıxmağı düşünürük. Həmçinin universitetimizin daxilində də rektorumuzun dəstəyi ilə yeni bir innovasiya mərkəzi açmağı planlayırıq”.