"Əgər virus problemi yaxın zamanlarda həllini tapmasa, dünya üçün ərzaq böhranı da xeyli real ola bilər".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, koronavirusun aqrar sektora təsiri dünyada intensiv olaraq diqqət mərkəzindədir:
"Bir tərəfdən tətbiq olunan karantinlər və sosial izolyasiya kooperativ və iri sahibkarlıq fromasında fermer təsərrüfatlarında insanların birgə çalışmasını çətinləşdirir. Amma daha ciddisi Fransa kimi ildə kənd təsərrüfatına 200 000 xarici işçi qüvvəsi cəlb edən ölkələrdə yaranır. Kənardan işçi qüvvəsi idxalı dayanıb. Mövsüm isə artıq başlayır. Bizim üçün mən başqa problemdən narahatam - yaxın zamanlarda fermerlərin intensiv istifadə etdityi və məhsul bolluğunun təminatı üçün vacib şərt olan dərman və bağlama materiallarının ehtiyatları ilə bağlıdır. Biz bu məhsulları əsasən idxal edirik. Hər halda Kənd Təsərrüfatı Nazirliyi yəqin ki, ehtiyat anbarlardakı vəziyyəti daha yaxşı bilir. Ən azından qarşıdakı mövsüm üçün ehtiyaclara uyğun hər çeşid dərmanlama vasitələrinin (həm pestisidlər, həm də gübrələr) yaxın bir ayda ölkəyə gətirilməsi üçün plan olmalıdır".
Rövşən Ağayev qeyd edib ki, əgər virus problemi yaxın zamanlarda həllini tapmasa, dünya üçün ərzaq böhranı da xeyli real ola bilər:
"Bu baxımdan hətta ərzaq ixracına embarqolar ən pis ssenari kimi göz altına alınmalıdır. Ümid edirəm hökumətin təqdim eləməyə hazırlaşdığı dəstək proqramında kiçik və orta fermer təsərrüfatlarına da yardım nəzərdə tutulacaq. Ən azından lizinq vasitəsilə alımmış texnika və digər vasitələrin ödənişində güzəştlər, bank kreditəlrinin qaytarılması üçün təşəbbüslər olacaq. Yaxın zamanlarda bəşəriyyət üçün həkimlərlə yanaşı fermerlərin də dəyəri normal şərtlərdə olduğundan daha yüksək olacaq".
Bahar
Şərhlər