Vyetnamda polis ət üçün təxminən 2700 pişiyin oğurlanması ilə məşğul olan dəstənin üzvlərini saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Báo Thanh Niên” nəşri məlumat yayıb.
Ho Şi Min şəhərinin polisi istintaqın versiyasına görə, gecələr ev pişiklərini oğurlayan və daha sonra onları yenidən satan genişmiqyaslı şəbəkənin 12 üzvünü saxlayıb.
Hüquq-mühafizə orqanları dəstənin təşkilatçılarından birinin 39 yaşlı Lyu Thanh Binh olduğunu hesab edir. Onun heyvanların toplandığı məntəqə təşkil etdiyi və iştirakçıları kustar üsulla hazırlanmış tələlərlə təmin etdiyi bildirilir.
Şübhəlilər iki nəfərlik qruplar şəklində fəaliyyət göstəriblər. Onlar gecələr motosikletlərlə yaşayış məhəllələrində hərəkət edir, evlərin yaxınlığındakı pişikləri tutaraq aparıblar. Adətən bir qrup gecə ərzində 4-10 heyvan tuta bilib.
Polis əməliyyatı zamanı anbarda 50 diri pişik, 55 tələ, bir neçə motosiklet, mobil telefonlar, tərəzilər və nağd pul aşkarlanıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər şəbəkənin fəaliyyəti dövründə təxminən 2700 pişiyi oğurlayıb satdıqlarını etiraf ediblər. Təşkilatçının digər oğrulardan da heyvanlar alaraq onları yenidən satdığı iddia olunur.
Hazırda polis tapılan 13 pişiyi sahiblərinə qaytarıb. Digər heyvanlar sahibləri müəyyən edilənədək HAVEPAWS heyvanların müdafiəsi mərkəzinə təhvil verilib.
Aydın
Şərhlər