Siyasət 10:09 20.05.2013

Xaçmazda həbs olunan müxalifətçilər azad olundu

Xudat hadisələri ilə bağlı həbs edilənlər - Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah və rayon təşkilatının keçmiş sədri Ramazan Əliyevin qardaşı Fikrət Əliyev azadlığa çıxıblar. 

Onlar Xaçmaz məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası almışdılar. Cəzaları bitən müsavatçılar ötən axşam həbsdən buraxılıblar.

Xatırladaq ki, mayın 9-da Xudatda baş verən hadisələr ölkə gündəminin əsas mövzularından birinə çevrildi. Hadisələr Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin Rövşən Səfərov adlı komandirinin Xudat yolunda avtoqəza törətməsindən sonra başlayıb. Günahkar olmasına baxmayaraq, hərbçi maşından düşərək nalayiq ifadələr işlədib. 

Qəza iştirakçısı olan digər avtomobildə qadın və uşaqların olması da onu sakitləşdirməyib. Ətrafdakılar hərbçinin hərəkətlərinə etiraz etdikdə bu dəfə o, təhqiramiz ifadələrini Xudat əhalisinə də şamil edib. Bu isə emosiyaları daha da qızışdırıb və əhali baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışıb. Xudatda bir neçə saatlıq fasilə ilə iki dəfə aksiya keçirilib.

Elə həmin gün Xaçmaz həbslər başlayıb. Hakimiyyət bu hadisəni İsmayıllıda olduğu kimi yenə müxalifətin üstünə atıb.