Ölkə 16:07 04.08.2015

Xalid Bağırova beynəlxalq dəstək

Beynəlxalq Hüquqşünaslar Assosiasiyası vəkil Xalid Bağırovun fəaliyyətinə qadağanın ləğvinə çağırır.

Beynəlxalq İnsan Hüquqları üzrə Hüquqşünaslar Assosiasiyası (IBAHRI) Azərbaycan Apellyasiya Məhkəməsini insan haqları üzrə tanınmış hüquqşünas Xalid Bağırovun vəkillikdən kənarlaşdırılması barədə Nizami Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qərarını  ləğv etməyə çağırıb.

IBAHRI-nin Turan-a daxil olan məlumatnda deyilir ki, son aylar Azərbaycan Vəkillər Kollegiyası insan hüquqları sahəsində fəalları müdafiə edən bir çox vəkili işindən kənarlaşdırıb.

IBAHRI-nin həmsədri Hans Korella deyib ki, X.Bağırovun, həmçinin digər hüquqşünasların  vəkillik fəaliyyətindən məhrum edilməsi ciddi narahatlıq doğurur. Bu, ölkədə  vəkillərin müstəqilliyini və Vəkillər Kollegiyasının öz üzvlərinin maraqlarını müdafiə etmək qabiliyyyətini şübhə altına alır.

Kollegiyanın və Nizami Rayon Məhkəməsinin hərəkətləri şübhəsiz ki, X.Bağırovun Azərbaycanda hüquq müdafiəçilərinə qarşı hay-küylü məhkəmə proseslərində iştirakdan kənarlaşdırılmasına yönəlib.

IBAHRI-nin digər həmsədri Helena Kennedi bildirib ki,  Xalıd Bağırovun vəkil adından məhrum edilməsi müstəqil məhkəmə sisteminə ziddir, Avropa İnsan Hüquqları Konvensiyasının və mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Paktın pozulmasıdır.

IBAHRI Azərbaycan məhkəmələrini  hüquqşünasların rolu ilə bağlı BMT prinsiplərinə ənəl olunmasına, vəkillərin işinə zəmanət verilməsinə çağırır.

Qaynar.info