Sənət 16:35 30.05.2014

Xalq artisti yubileyini "evlənmə" ilə qeyd etdi - FOTOLAR

Şükufə Yusupovanın Fiokla İvanova rolunda çıxış etdiyi səhnə əsərinin növbəti nümayişi onun yubileyinə həsr edilib

Teatr  Respublikanın xalq artisti, aktrisa Şükufə Yusupova yubileyini teatr səhnəsində qeyd etdi.

ANS PRESS-in Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, mayın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında N.Qoqolun “Evlənmə” tamaşası göstərildi. 

Bu dəfə tamaşanın finalı fərqliliyilə seçildi. 

Belə ki, artıq üç ildir ki, teatrın repertuarında olan və Şükufə Yusupovanın “Evlənmə” tamaşasında Fiokla İvanova rolunda çıxış etdiyi səhnə əsərinin növbəti nümayişi onun yubileyinə həsr edildi. 

Tamaşanın sonunda sənət yoldaşları, teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev aktrisanı elə səhnədəcə təbrik etdilər. 

“Şükufə Yusupova Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir. Onun ad gününü ilk bizim teatr, dar çərçivədə qeyd etdi. Bu gün ikinci qutlamadır və bu sevinci aktrisa, onu sevən siz tamaşaçılarla paylaşır...” – deyə Əlisiqmət Lalayev öz düşüncələrini paylaşdı. 

Seyrçilərin alqışı və atəşfəşanlıq sədaları ilə səhnədə doğum günü tortu kəsildi. Bayram sevinci, sənət xadimlərinin iştirakı ilə artıq pərdə arxasında davam etdi. 

Qaynar.info