Sənət 16:26 30.05.2019

"Xalq şairi" fəxri adı danışdı: "Zeynəb Xanlarova da sovetdən qalıb, ancaq hələ də deputatdır..."

Bir neçə gün əvvəl uzun fasilədən sonra Azərbaycanda üç şairə (Musa Yaqub, Ramiz Rövşən və Vahid Əzizə) "Xalq şairi" adı verilib. Bununla da fəxri adlar mövzusu yenidən cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bəzilərinin fikrincə, həmin adlar Sovet dövründən qalıb və ləğv olunmalıdır. Qaynarinfo.az əməkdaşı "Xalq şairi" fəxri adı ilə görüşərək haqqında deyilənlərə onun münasibətini öyrənib. 

– Çoxdandır, heç bir şairə "Xalq şairi" adı vermirdilər, axır ki, bu günlərdə sizi üç nəfər aldı. Hansı hisslər keçirirsiniz?

– Nəhayət, məni də xatırladıqları, yada saldıqları üçün çox sevinirəm. Ramiz Rövşənlə Musa Yaqubu çoxdan deyirdilər niyə "xalq şairi" adı verilmir. Onlar heç...  Ancaq bu Vahid Əzizi tanımadım, "Yeni Ulduz" müsabiqəsinə-zada çıxan şair deyil o? Hərdənbir şou-biznes müğənniləri ilə də dalaşır, deyəsən. 

– Hə, odu... Nəğməkar şairdi. 

– Allah canını sağ eləsin. Növbəti dəfə məni yəqin Nazilə Səfərliyə, Vüqar Əhmədə-zada da verərlər... 

– İqtisadçı ekspert Natiq Cəfərli demiş, "niyə də yox". 

– Əlbəttə... Əsas odu, yaddan çıxmayım, arabir məni kiməsə versinlər ki, unudulub getməyim. 

– Elə bir şair var ki, ürəyinizdə deyəsiniz, "kaş məni ona da versinlər".

– Var, niyə yoxdu... Məsələn, o gün bir şeir oxudum:

Dollar, dollar
Səni yormur yollar?
Bizi yordu borclar.
Niyə etdi corclar?
Ora çatmaz qollar,
Qapıda durur dollar.

Necə də poetik deyilib! Həm bədii cəhətdən mükəmməl yazılıb, həm də günümüzün ağrı-acılarını çox dəqiq təsvir edir. Müəllifini soruşdum, dedilər Elza Seyidcahan adlı bir xanımındır. Maraqlanıb başqa şeirlərini də oxudum. Çox bəyəndim. Elza xanım məni almağa layiqdir. 

– Bəziləri deyir, "Xalq şairi" fəxri adı köhnəlib, sovetdən qalıb, ləğv olunmalıdır. 

– "Bəziləri" deyəndə, elə biri sən özün...  Onu deyən, içi sən qarışıq, qələt eləyir, başını da daşın yekəsinə döyür. Heç sözdü sən allah, "sovetdən qalıb!" Hə, nə olsun, Zeynəb Xanlarova da sovetdən qalıb, ancaq hələ də deputatdır. Belə axmaq söhbətlər eləyənin biri elə sən özünsən. Məni Azərbaycanda ilk dəfə sənin yerlinə – Səməd Vurğuna veriblər. Yaxşı, indi utanmırsan, orda-burda yazırsan ki, "Xalq şairi" adından stalinizmin  qoxusu gəlir. Hələ ilk qadın xalq şairi də yerlindir, qazaxlıdır. Ancaq orda-burda kölgəmi baltalayırsan. Haram olsun sənə Qazax torpağının havası, suyu, çörəyi! 

– Axı Qərbdə, Avropada şair-yazıçılara belə adlar, imtiyazlar verilmir... 

– Verilmir, cəhənnəmə verilməsin. Yoxdu vermirlər də... Ona qalsa,  Avropada qurut da yoxdu. İndi orda qurut yoxdu deyə neyləyək, bizdə də olmasın, xəngəl yeməyək? Onlarda "Nobel" mükafatı var, guya "Xalq şairi"ndən nəyi artıqdır? Mən heç o mükafatı alanların bircəciyini oxumamışam da... Gəlin vicdanla müqayisə eləyək: "xalq şairi" alanlar güclü yazır, yoxsa "Nobel" alanlar? Məmməd Rahim on  dənə Pablo Nerudaya dəyər, yüz dənə də Brodskiyə... O cümlədən, dostum-qardaşım "Xalq yazıçısı" alanlar... Afaq Məsudun Günter Qrassdan nəyi əskikdir? Yaxud Çingiz Abdullayevin kitablarını silkələsən, hər səhifəsindən bir Markes, bir Kutzee, bir Lyosa tökülər. Düz demirəm? 

–...

– Yox də, açıq danışaq, düz demirəm? Görürsən, cavab verə bilmirsən, susursan. Çünki özün də bilirsən, mən həqiqəti deyirəm, nə var onu deyirəm. 

– Belə fikirlər də var ki, bizdə "Xalq şairi" adını daha çox məddah şairlərə verirlər...   

– Bu da ağ yalandı! Kimdi axı məddah? Süleyman Rüstəm məddah idi? Səməd Vurğun, Rəsul Rza məddah idi? Bəlkə Zəlimxan Yaqub məddah idi? Bunlar hamısı boşı söhbətlərdir. Pişiyin ağzı ətə çatmayanda adını "iylənmiş" qoyur. İndi  məni kimə vermirlərsə, başlayır şər-böhtan danışmağa. Məni Məmməd Rahim kimi dissident alıb e!

– Necə, necə? Məmməd Rahim dissident idi?

– Əlbəttə! Görün nə yazırdı: "Biz gedərik, qoca dünya qalandır”.

– Soruşmağa ayıb olmasın, dissidentlik bu misranın harasındadır? 

– Necə yəni harasındadır? Sovet dövründə "Biz gedərik, qoca dünya qalandır” yazmaq qədər qorxulu, təhlükəli, sovet təbliğatını alt-üst edən nə ola bilərdi? Partiya və hökumət hər gün hər yerdə təbliğ edirdi ki, Lenin əbədidir, Stalin ölməzdir, Xruşşov, Brejnev həmişəyaşardır. Məmməd Rahim isə buna gizli, sətiraltı etiraz səsini ucalıdaraq yazırdı ki, "yanılırsınız, heç kim əbədi deyil, hamı bir gün gedəcək, ancaq dünya əbədi yaşayacaq". Özü də hörmətli Xalq şairi istəsəydi orada "Biz gedərik, partiyamız qalandır" yazardı, ancaq görürsünüz ki yazmayıb! Niyə? Çünki bununla sovet quruluşuna nifrətini ifadə edib. 

(Müsahibənin bu yerində jurnalistin halı kəskin pisləşib və o, təcili xəstəxanaya aparılıb). 

Elnur Astanbəyli
Qaynarinfo.az