Xalqa yazığım gəlir" - Seymur Baycan

Xalqa yazığım gəlir" - Seymur Baycan

"Bu adamlar yaş qumdan düzəldilmiş yalançı bütlərdilər. Ona görə də onlara toxunan kimi uçub dağılırlar".


Bunu Qaynar.info-ya tanınmış yazar Seymur Baycan yazıçı Afaq Məsudun onu savadsızlıqda günahlandırmasına münasibət bildirərkən deyib.

Seymur Baycan bildirib ki, məhz bu səbəbdən onlar özləri haqda deyilən sözə yazılanlara həddindən artıq həssasdırlar: "Çünki özləri də şişirdiklərinin, yalançı büt olduqlarının fərqindədirlər. Bilirlər ki, bir balaca ciddi bununlarla məşğul olunsa, bunların reputasiyası yerlə bir olacaq. Afaq Məsud hələ bunların içərisində sizə deyim, bəlkə də, ən səmimilərindəndir. Bir dəfə onun haqqında "Kafka xala" fikrini işlətmişdim. Bu adam doğrudan əvvələr normal bir şeylər yazırdı, amma sonradan başladı Kafkanı yamsılamağa. Bundan sonra onun haqqında müxtəlif fikirlər səsləndirildi, "Kafka xala" obrazı yaranmağa başladı. Sonra Markesi başladı tərcümə etməyə. Mən də bunu demişəm, yəni adi bir söz. Amma bunlar düşüblər təkərə. Deyirlər bizim yolumuz Markes, Kafka yolu deyil, Kərbala yoludur. Nə deyim vallah, Allah ağıl versin. Allah-tala hərənin ağlını br cür alır, yəqin, bunun da ağlını bu cür alıb".

Yazarın sözlərinə görə, onların şişirdilməsində xalqın da günahı böyükdür: "Ümumlikdə mənim xalqa və ortada olan liderlərə yazığım gəlir. Anar da, Elçin də şişirdilmiş insanlardır, onlar parnikdə yetişdirilib. Onlar müxtəlif vasitələrlə xalqa sırınmış adamlardır. Anar niyə indiyə qədər təhqirləri, yazıları öz üzərinə götürür? Bu yaxınlarda deyib ki, mən 24 ildir ki, burda əziyyət çəkirəm. Hələ bir xalqa da minnət qoyub. Yəni adam 24 ildir ki, dövlət büdcəsindən maliyyələşən bir təşkilatı dədəsinin mülkü kimi istifadə edir. Ürəyi istəyən adamı qovur, ürəyi istəyənə təqaüd verir. Və üstəlik də bizə minnət qoyur ki, mən 24 ildir burda əziyyət çəkirəm. Mən bir daha başa düşdüm ki, həyasızlığın sərhədi yox imiş. Bu adamlara inanan insanlara yazığım gəldi. Adam nə qədər kölə olmalıdır ki, Anar kimi, Elçin kimi insanları özünə ziyalı seçməlidir. Bu adamlar son 20 ildə hər cür hərəkət edirlər ki, xalq bunların istedadsızlığına şahid olsun".

Yazıçı hesab edir ki, hər bir şəxs tənqidə münasibətdə dözümlülük nümayiş etdirməlidir: "Bir dəfə Xalid Bahadır mənə dedi ki, Seymur siz çox xoşbəxt nəsilsiniz. Dedim niyə. Dedi siz hardan bildiniz ki, Bəxtiyar Vahabzadə disiddent deyil? Dedim a kişi, ağlı başında olan hər adam bilməlidir ki, Bəxtiyar Vahabzadə Sovetin bütün mükafatlarını alıb. Belə disiddent olar? Yəni bir dəfə bu sualı özünüzə verməmisiniz ki, disiddentin də seçilmiş kitabları çap edilər? Disiddentə də ev verərlər? Onu Kırıma, Soçiyə istirahət etməyə göndərərlər?! İnsan nə qədər səviyyəsiz olmalıdır ki, bu qədər nağıllara inansın. Baxın bir söz dedim yerlə, göylə əlləşən Afaq Məsud, "Xəzər" jurnaqlının baş redaktoru özünü biabır günə qoydu. Buna görə də Anar, Elçin öz kreslosundan əl çəkmək istəmirlər. Bütün o lənətləri, təhqirləri öz üzərinə götürürlər ki, vəzifədə qalsınlar. Çünki onlar bilirlər ki, vəzifədən gedəndən sonra onlara yaltaqlanan olmayacaq, onun atasının kitabları çapdan çıxmayacaq, onun özü haqda kimsə nəsə yazmayacaq. Çünki cinin canı şüşədə olduğu kimi, bunların da canı o kreslodadır".

Xatırladaq ki, Afaq Məsud mediaya açıqlamasında Seymur Baycanı savadsızlıqda günahlandırmışdı: “Bu cür danışmaq ən azından savadsızlıqdır. Mənim bir yazıçı kimi, varolmamı, yaxud məhvimi təyin etmək zamanın işidi. Markesə, yaxud, Kafkaya gəlincə, onları heç zaman özümə kumir, yaxud, ədəbiyyatın pik nöqtəsi hesab etməmişəm. Onlar yolun bir hissəsini keçmiş və bu yolda bir sıra ilahi həqiqətlərin sirrini açımağa müvəffəq olmuş böyük yazıçılardır. Mənim yolum ayrıdır. Bu, Kərbəla yoludur”

Elkin Xəlilov
Qaynar.info 

XƏBƏRLƏR
BLOGLAR