Siyasət 11:22 16.04.2013

“Xalqın intiqamı amansız ola bilər”

“Liderlər tezliklə güclü ictimai qınaqla üz-üzə qalacaqlar”

“Prezident seçkilərinə vaxt, həqiqətən də, çox az qalıb. Ola bilsin, bu ətalətlə müxalifət nəinki qələbə şansını, hətta özünü itirə bilər”.

Bunu Qaynar.info açıqlamasında tanınmış hüquqşünas Qurban Məmmədov deyib. 

Q. Məmmədov hesab edir ki, liderlər tezliklə güclü ictimai qınaqla üzləşəcəklər: “Millətin heç kəsə borcu yoxdur. Xalq heç kimin şəxsi malı da deyil ki, onunla istədiyi kimi rəftar etsin. Siyasətçilərin fəaliyyətinin hər bir vətəndaşın həyatına təsir göstərə biləcəyi üçün hər bir vətəndaşın haqqı var ki, onlardan məhz millətin xeyrinə olan hərəkətləri tələb etsin. Bu vəziyyət çox davam edə bilməz. Liderlər tezliklə güclü ictimai qınaqla üz-üzə qalacaqlar”

Vahid namizəd məsələsinə də toxunan Q.Məmmədov bu məsələdə qarşılıqlı ittihamların olmasını təbii qarşılayır: “Bu təbiidir. Ancaq rejimin əlaltıları ilə bağlı olan qeyri-təbii məqamlar da çoxdur. Hakimiyyət bütün gücünü qoyub ki, müxalifətin birləşməsinin qarşısını alsın və Əli Kərimlini təkləsin. Təəssüf ki, buna nail olur. Vahid namizəd 2003-cü ildə necə müəyyən edilmişdisə, indi də eyni qaydada, ictimai rəyin öyrənilməsi yolu ilə müəyyən edilməlidir. Hamıya bəlli olan bu yolu gözardı edib, ictimai qınağı qulaqardı edənlər hakimiyyətin dəyirmanına su tökməklə məşğuldurlar. Ancaq heç kim unutmasın ki, səbrinin son həddində yaşayan xalqın intiqamı amansız ola bilər”.

Hüquqşünas vahid namizədlə bağlı sosial şəbəkələrdə aparılan rəy sorğularını ciddi qəbul etmir: “Bu rəy sorğularını ciddi qəbul etmirəm. Əsl sorğu belə aparılmalıdır: 10 jurnalist və ya namizədlərin verdiyi şəxslər paritet əsaslarla qruplara bölünür və 1 həftə, 1 ay müxtəlif ərazilərdə sosial sorğular keçirirlər. Yəni Əli Kərimli və İsa Qəmbərin adı yazılmış bülleteni vətəndaşa təqdim etməklə səs verməyə dəvət edir və bülleteni əlindəki qutuya atır. Sonda da başqa bir "sayıcılar qrupu" nəticələri sayıb elan edirlər. Məsələ bu qədər bəsitdir. Burada Amerika açmağa lüzum yoxdur”.

İlkin
Qaynar.info