Siyasət 15:20 21.02.2019

Xankəndinin deputatı: "İndi mən seçicilərimin qarşısına çıxım onlara nə deyim?"

"İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar və Şuşa türməsində cəza çəksinlər. Çünki onlar Şuşanı "çox istəyirlər".

Ann.az "Report"a istinadən xəbər verir ki, bunu Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımova Qafqaz Müsəlmanları İdarəsində keçirilən "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Ermənistan, erməni separatçıları Şuşanı erməniləşdirmək istəyirlər: "O torpaqlara azərbaycanlıların qanı tökülüb. Bu gün Xocalının adını dəyişib orada uşaq bağçası tikiblər. Hansı ki, orada 1000-dən çox erməni yerləşdirilib. Bu gün bizə müraciət edirlər ki, gəlin xalqları sülhə hazırlayaq. Bunları görəndə isə bilmirəm nə edim, seçicilərimin qarşısına çıxım onlara nə deyim?".

F.Qasımova qeyd edib ki, ermənilər Dağlıq Qarabağdakı və işğal altında olan digər rayonlarda yer adlarını dəyişirlər: "Bizim yaşadığımız Qubadlıda, Kəlbəcərdə təpələrə xaç qoyurlar. Vaxtilə alban kilsələrini saxtalaşdırıb erməniləşdirdilər. Ermənistanda hakimiyyətdə olmuş seperatçı qüvvələr xalqların bir-biriylə yaxınlaşmasına imkan vermirdi. Bu vəziyyət indi də dəyişməyib. Sadə xalqı günahlandırmıram. Düzdür, bizə yuxarıdan aşağıya baxırdılar. Mən Xankəndində doğulmuşam. Ancaq sadə xalq müharibə istəmirdi. Qarabağda yaşayan yerli əhali də bilir ki, biz ora qayıdacağıq, çünki ora Azərbaycan torpağıdır".