Ölkə 18:54 27.05.2020

Xaricə təhsil almağa getmək istəyənlər nə etsinlər? - XİN rəsmisindən açıqlama

Koronavirus pandemiyasının davam etməsi ölkələr arasında gediş-gəlişi əngəlləyib. Bu məsələnin nə vaxt həllini tapacağı çoxlarını düşündürür. Azərbaycanda buna dair yaranan əsas suallardan biridə xaricdə oxuyan tələbələrin, o cümlədən, ali təhsil almaq istəyən vətəndaşların Avropa ölkələrinə getmək üçün viza və digər yarımçıq qalan məsələlərinin həlli üçün nə etmələri ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, yaranan suallarla bağlı Musavat.com-a danışan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu məsələlərə aydınlıq gətirib:

"İndiki vəziyyətdə əgər söhbət Azərbaycanda olub, xaricə getmək istəyən tələbələrdən gedirsə, yəni azərbaycanlı tələbə xaricdə oxumaq üçün səfər etmək istəyirsə, bilirsiniz ki, mövcud koronavirusla mübarizə çərçivəsində hazırda hərəkət məhdudiyyəti, o cümlədən, xarici ölkələrlə gediş-gəlişdə məhdudiyyət mövcuddur. Xaricə digər səbəblə getmək istəyən vətəndaşlarımıza gəldikdə isə ilk növbədə, getmək istədikləri ölkələrin onları qəbul edib-etməmələri burada əsasdır. Yəni həmin ölkələrin qəbuletmə mexanizmlərinə aydınlıq gətirmələri vacibdir. Bunun üçün də, birinci növbədə vətəndaşların getdikləri ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlaqə saxlamaları vacibdir. Əlaqə saxlayıb, həmin ölkələrdəki vəziyyətin necə olduğunu, kənardan vətəndaşları qəbul edib-etmədiklərini öyrənə bilərlər. Təhsillə bağlı vəziyyət necədir, planlar nədir kimi məsələlərə aydınlıq gətirilməsi çox önəmlidir. Yalnız bu mexanizmləri aydınlaşdırdıqdan sonra artıq növbəti mərhələdə onların səfər məsələlərinə diqqət yetirilə bilər”.