Ölkə 22:11 05.02.2014

Xətai rayonunda yaşıl soyqırım - FOTOLAR

Paytaxt Bakıda yaşıllıq zolaqlarının məhv edilməsi prosesi qarlı-çovğunlu günlərdə də davam edib. 

Bu gün Musavat.com-un əməkdaşı Xətai rayon M.Rüstəmov küçəsinin kənarındakı şam ağaclarının kəsildiyinin şahidi olub. 

Belə ki, 10-adək 30-40 illik ağaclar kəsilərək naməlum istiqamətə aparılsa da, onların kök hissələri və ətrafa səpələnmiş qozalar diqqət çəkib. Ətraf binalarda yaşayan bəzi sakinlərdən yalnız onu öyrəndik ki, hansısa sahibkar buradakı ərazini alıb və meşəliyin tam məhvindən sonra bu ünvanda bina tikilməsi nəzərdə tutulur. Bu meşə zolağının “Bakı”  kinoteatrına tərəf olan hissəsindəki onlarla ağac isə hələ bir neçə ay əvvəl kəsilib və yerində fotolarda əksini tapan binanın tikintisinə başlanılıb. Sakinlər deyir bu tikintidən sonra onların mənzilləri günəş işığından da məhrum ediləcək. 

“Burdakı ağacların kölgəsində özümüz, uşaqlarımız dincəlirdi, bunu da biz çox gördülər” deyə, bir həmsöhbətimiz bildirdi. Sakinlər məsələyə qarşı sərt etiraz etməmələrinin səbəbləri barədə sualımızın cavabında “bunun nə faydası var, yer satılıbsa, kimdir bizim sözümüzlə tikintini dayandıran” deyə, bildirdi. Aldığımız məlumata görə, sözügedən ərazinin meşə massivinin tamamilə məhvi planlaşdırılır. Belə ki, M.Rüstəmov küçəsi boyunca yerləşən bu meşəliyin yeri tikinti məqsədləri ilə iş adamlarına satılıb. Hətta bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti və FHN-in razılığının olduğu barədə də iddialar var. Hər halda bunu da sakinlərdən öyrəndik. Ən qəribəsi budur ki, ağacların soyqırımının aparıldığı ərazi Xətai Rayon Bələdiyyəsinin düz qarşısında aparılır. Xətai Rayon İcra Hakimiyyətinin bu qanunsuzluğa hansı reaksiya verəcəyi maraqlı məsələdir. 

Hər halda biz baş verənlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin münasibətini öyrənmək istədik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu faktla bağlı araşdırma aparılacağını dedi. Bir neçə saat sonra isə əməkdaşımızla telefon əlaqəsi saxlayıb baş verənlərin öz təsdiqini tapdığını bildirdi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xətai rayon ərazisində reyd keçirilən zaman Xətai rayon M.Rüstəmov küçəsində yaş kök üstə diametri 24 sm. olan 3 ədəd şam ağacının fiziki şəxs Yaşar Məmmədov tərəfindən qanunsuz olaraq kəsilməsi faktı aşkar edilib. Nazirliyin əməkdaşları tərəfindən fakta bağı akt və protokol tərtib olunaraq Yaşar Məmmədov İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə müvafiq olaraq fiziki şəxs qismində 3600 manat məbləğində cərimə olunub. Ərazidə qalan ağacların mühafizə olunması məqsədilə ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Departamenti və Təbii Sərvətlər Departamenti tərəfindən nəzarətə götürülüb”. 

İ.İbrahimova qeyd etdi ki, bu ərazidə tikinti aparılmasına rəsmi icazə verilsə də, ağaclar qanunsuz kəsilib. Ancaq Nazirlik rəsmisi tikintinin dayandırılması ilə bağlı səlahiyyətə malik olmadıqlarını bildirdi. 

Diqqətçəkən bir məqam var ki, o da Nazirlik əməkdaşlarının cəmi 3 ağacın kəsilməsini rəsmiləşdirməkdir. Görəsən, digər ağacların kəsilməsi niyə diqqətdən kənarda qalıb?

Maraqlıdır, görəsən, digər müvafiq qurumların məsələyə reaksiyası necə olacaq?

Musavat.com