Dünya 15:14 04.08.2018

Xilas etmək üçün itirilən yəhudi qızın acı həyat hekayəsi - Faşizm dəhşətləri

İl 1942. Hollandiyanın Haaqa şəhərində bir evin qapısı namulum şəxs tərəfindən döyülür. Evdəki 8 yaşlı qız həyatda qalması üçün həmin naməlum şəxsə veriləcək və bir daha valideylərini görə bilməyəcəkdi...

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Lien de Yonq adlı qız yəhudi ailənin tək övladı idi. Faşistlərin işğalı altında olan bu şəhərdə qızın sağ qalması üçün valideynləri çətin də olsa bu qərarı vermək məcburiyyətində qalırlar. Xilas etmək üçün, onu itirməli idilər.

Ailəsi öncə qızın paltarındakı ulduzları sökür, daha sonra cibinə məktub qoyduqdan sonra öz əlləri ilə naməlum adama təslim edirlər. Məktub balaca qızcığaza sahib çıxacaq olan adama yazılmışdı. Məktubda deyilir:

"Sizi tanımıram, amma siz mənim gözümdə sahib olduğum tək uşağı böyüdəcək, ona ana və ya ata olacaq insansınız. Şərtlər onu bizdən ayırdı. Ümid edirəm bütün iradənizlə ona yaxşı baxacaqsınız".

Lienin həyat hekayəsi Oksford Universitetində çalışan Prof Bart van Esin avqust ayında nəşr olunun kitabından sonra ortaya çıxıb. Kitab yəhudi olmayan etirazçıların faşistlərdən gizlətdiyi 4 min yəhudi əsilli holland uşaqlarından biri olan Lienin yaşadıqlarından bəhs edir.

Yazıçı Bart van Eslə Lien arasında bir bağ da var. Belə ki, o, Lieni qorumaq üçün həyatını təhlükəyə atan adamın nəvəsidir.

Lienin kitabda yazıldığı kimi həyatda qalmaq üçün apardığı mübarizə klaustrofobik detallarla doludur: təhlükəsiz evlər, gizli otaqlar, polis basqınları, saxta kimliklər və s.

İllərlə qaçaq həyatı yaşayan Lien 9 fərqli ailənin uşağı kimi davranmaq məcburiyyətində qalıb. O, müharibə dövründə həyatda qalmağı bacarsa da, illər sonra sığındığı Van Es ailəsindən ayrı düşür.

Lienin 84 yaşında olanda yazıçı Prof Van Es onunla əlaqə yarada bilir. O, ailəsini son gördüyü andan etibarən həyatının bütün çətin anlarını xatırlayır. Həmin gün bütün ailə üzvlərinin onunla vidalaşmaq üçün bir araya gəldiyini söyləyir.

"Bundan sonra nə olacağı haqqında heç bir fikrim yox idi", - deyə o, bildirib.

Uzun illərdir Hollandiyanın fərqli dinlərə sitayiş edən insanlara xoş davranış ənənəsini davam etdirdiyini qeyd edən yazıçı kitab üçün araşdırma apararkən Hollandiya rəsmilərinin o dövrdə yəhudi ailələrin həbs olunmasına və ya ölkədən çıxarılmasına kömək etmələrini oxuduqca dəhşətə gəldiyini bildirib.

*Qeyd edək ki, faşist rejiminin öldürdüyü yəhudilərin sayı Fransa, Belçika, hətta Almaniya ilə müqayisədə Hollandiyada daha çoxdur.
1943-cü ildə paytaxt Amsterdamda faşistlər yəhudi məhəllələrinə basqın edir

Yazıçı yəhudi ailələrin tutulması üçün pul mükafatı verildiyi o dövrlərdə Hollandiya polisinin etdiyi canfəşanlığı "Əxlaqi müvəffəqiyyətsizlik" adlandırıb.

Lien isə acı həyat təcrübələrinə söykənərək bildirib ki, sadə vətəndaşların həm pis, həm də yaxşı şeylər edə bildiyinin şahidi olub.

Tarixi sənədləri araşdıran Van Es yəhudilərə kömək etdiyi düşünülən bəzi şəxslərin əslində partizanlara xəyanət etdiyini öyrənib. Belə ki, qəzet paylayan və özünü partizanlardan biri kimi göstərən qadın əslində yəhudiləri ölümə yollayan bir cəsus olub. Bununla yanaşı Van Es tutulacağı halda ya qaçırılacaqlarını, ya da öldürüləcəklərini bilə-bilə yüzlərlə hollandın isə yəhudilərə kömək etmək üçün möhtəşəm cəsarət nümayiş etdirdiklərini qeyd edib.

Çoxlu sayda yəhudi qadın alman əsgərləri ilə münasibətdə olduqlarını iddia edərək onlarla yəhudi uşağını övladlığa götürərək həyatlarını xilas ediblər. Lakin sonradan bu qadınlardan bəziləri yalanları ortaya çıxdıqdan sonra xəyanətdə ittiham edilərək cəmiyyətdən təcrid olunub.

Hollandiyalı bir kişi isə həm çalışmaq, həm də gizlətdiyi yəhudi uşaqlara baxmaq üçün vaxtı az olduğundan öz barmağını qopararaq xəstəlik adı ilə məzuniyyət götürüb.

Bəzi hollandlar isə bundan sui-istifadə ediblər.

Lien bir gün evlərinə basqın edən və gözü dönmüş yəhudi ovçusu olan bir polisi xatırlayır. Müharibənin şərtləri dəyişdikdən sonra həmin polis partizan dəstələrinə qatılaraq özünü faşist düşməni kimi qələmə veribmiş. Lien o illərdə heç bir qaçış yolunun təhlükəsiz olmadığını və yəhudiləri xilas edən hər kəsin də xoşniyyəli olmadığını anlayıb. Belə ki, o, gizlədildiyi evlərin birində ailənin yaxın qoyumlarından birinin təcavüzünə məruz qalıb.

Müharibə başa çatdıqdan və faşistlər məğlub olduqdan sonra da Lienin həyatında heç nə dəyişmir.

"Mənim üçün gələcək yox idi. Yaşadıqlarım sağ qalanın sonda öz evinə döndüyü filmlərdəki kimi olmadı. Müharibə başa çatandan sonra bütün ailəmin, xatirələrimin yox olduğunu qəbul etməyim xeyli zaman aldı", - deyə o, bildirib.

Lien yeni həyat qurmaqda çətinlik çəkir. Özü kimi yəhudi soyqırımından qurtulan, hətta məşhur yazıçı Anna Frankın keçmiş sinif yoldaşı ilə ailə həyatı qursa da heç cür həyata yenidən bağlana bilmir və hətta bir dəfəsində intihara cəhd edir. Müharibədən sonra Lienin həyatda qalan son yaxını da özünü öldürür.

Sosial iş sahəsi üzrə təhsil alan Lien hazırda onun kimi özlərini itmiş hiss edən uşaqlara kömək etməklə məşğuldur. Uzun müddət psixoloji müalicə alan, yaşadıqlarını qələmə alan, hətta Auşvitzi (Holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi - red.) ziyarət edən bu qadın keçmişi ilə üzləşir və ağır günləri arxada qoyaraq yenidən həyata bağlanır.
 
Çingiz Səfərli