Siyasət 18:25 13.07.2013

XİN-dən nazirlərin görüşü ilə bağlı rəsmi açıqlama

Elman Abdullayev: “Nazir Azərbaycanın mövqeyini həmsədrlərə və Edvard Nalbandyana bir daha ifadə edib”

İyulun 12-də Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçirilib.

Sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə həmsədrlərlə daha bir görüş olub. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə olunub: “Azərbaycanın prinsipial mövqeyi xarici işlər naziri tərəfindən həmsədrlərlə ayrılıqda və Edvard Nalbandyanın iştirakı ilə keçirilən görüşlərdə ifadə edilib. Bu mövqe ondan ibarətdir ki, sülh prosesinin “ölü nöqtə”dən tərpənməsi üçün Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir”.

E. Abdullayevin sözlərinə görə, nazir E. Məmmədyarov mövcud status-kvonun qəbuledilməz olduğunu bir daha bəyan edib.