Sənət 21:22 08.04.2015

“Yaddan çıxmaz Qarabağ” 4 dildə çıxdı

Azərbaycan Maarifçi Gənclər Təşkilatının (AMGT), Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Yaddan çıxmaz Qarabağ” kitabı 4 dilə tərcümə olunub. Kitabın rus, türk, ingilis və alman dillərinə tərcümə edilməsini reallaşdıran layihənin məqsədi Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına nail olmaqdır.

Kitabda Qarabağı görməyən 22 gəncin xəyal dünyasındakı ata-baba yurdlarından təsirli söhbətlər yer alır. Günay Malikqızının müəllifi olduğu “Yadda çıxmaz Qarabağ” kitabı ilk dəfə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan dilində nəşr olunub. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində AMGT “ Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və inteqrasiyanın gücləndirilməsinə dəstək” adlı layihənin məhsulu olan nəşrdən müxtəlif rayonlarda yaşayan və bir-biri ilə sıx əlaqəsi olmayan qaçqın və məcburi köçkün gənclər bəhrənələniblər.

Kitabın müəllifi Günay Malikqızı bildirir ki, köçkün həyatı yaşayan 22 gənclə tək-tək görüşərək onların xatirələrini qələmə alıb. Nəticədə bu hekayələri bir yerə toplamaq təşəbbüsü ortaya çıxıb: “Ermənilər bu gənclərin təkcə torpaqlarını deyil, uşaqlıq xatirələrini də oğurlayıblar. Vaxt gələcək bu mənəvi oğurluğa görə də ermənilər cavab verəcəklər”.

Yaxın günlərdə “Yaddan çıxmaz Qarabağ”ın 4 dildə nüsxələri paylanmağa başlayacaq. Kitab ölkədə fəaliyyət göstərən xarici səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə təqdim olunacaq.//Modern.az