Ekonomiks 23:50 21.06.2019

"Yanardağ"da qiymət artımı ilə bağlı açıqlama

Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqust ayının 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq. 

Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən məlumat verilib.

Xəbərdə bildirilir ki, qiymət artımı yerli turistlərə şamil olunmur. Yerli ziyarətçilər üçün bu qiymət 2 AZN, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 AZN təşkil edir. 18 yaşınadək uşaqlar, milli qəhrəmanlar, müharibə veteranları, I və II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir. Bundan əlavə, "Yanardağ" və "Atəşgah məbədi" qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 AZN-lik biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.

Xarici turistlər üçün paket olaraq turlar təşkil edən turizm agentlikləri özləri haqqında məlumatı (ad, soyad, VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) və 1 iyul tarixinə kimi turizm xidmətlərinin göstərilməsinə dair rəsmi olaraq bağlanılmış qüvvədə olan müqavilələrini 20 iyul 2019-cu il tarixinədək xüsusi email ünvanına göndərməklə qeydiyyatdan keçə və bununla da cari ilin sonunadək əvvəlki qiymətlərlə bilet əldə edə bilərlər.

Qeyd olunan şərtlər yalnız göstərilən tarixə qədər (20 iyul 2019-cu il) qeydiyyatdan keçən şirkətlərə şamil olunacaq.

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci tarixli Sərəncamına əsasən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə genişmiqyaslı bərpa-yenidənqurma işlərinin başa çatdırılması ilə əlaqədar iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoruğun açılış mərasimi baş tutub.