Siyasət 14:29 24.06.2013

YAP-dan Mehriban Əliyevanın namizədliyinə REAKSİYA

"Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevdir. Azərbaycan vətəndaşlarının əksəriyyəti onu dəstəkləyir və yenidən prezident görmək istəyir." 

SalamNews-un məlumatına görə, bunu YAP sədrinin müavini, icra katibi Əli Əhmədov Demokratik Azərbaycan Dünyası Partiyasının iyunun 22-də keçirilən qurultayında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.

O söyləyib: "Mən bu partiyanı nə tanıyıram, nə də fəaliyyəti bəlli deyil. Əgər siyasətlə məşğul olan adam partiyasının üzvlərinin kimlərdən ibarət olduğunu bilmirsə, onda onlara fikir vermək lazım deyil. Ortada bəzi adamlar var, özləri nə istədiklərini bilmirlər. YAP qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar işləri davam etdirir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası namizədini partiyanın V qurultayında təsdiq edib, müəyyənləşdirib və hazırda bu istiqamətdə zəruri işlər görülür. Yeni Azərbaycan Partiyasının yerli strukturlarının qarşıdan gələn prezident seçkilərinin təşkilində səfərbər olunması istiqamətində lazımi işlər görürük."

Ə.Əhmədov vurğulayıb ki, YAP-ın mesajlarının müəyyənləşdirilməsi, seçki proqramının və əsas hədəflərin seçicilərə çatdırılması istiqamətində iş gedir. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının apardığı genişmiqyaslı hazırlıq işləri bütövlükdə seçki kampaniyasının yüksək fəallıq şəraitində keçməsini təmin edəcək.

Qaynar.info