Siyasət 17:54 27.03.2013

YAP-dan Rəhim Qazıyevə cavab

"Rəhim Qazıyev kimi bir xəyanətkarın məktubuna cavab olaraq bildirmək istiyirəm ki, əgər söhbət deyilən sözün üstündə kişi kimi dayanmaqdan gedirsə, onda sən indi nə üzlə xalqın adından danışırsan?".

Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Rəhim Qazıyevin Prezident İlham Əliyevə ünvanladığı məktuba münasibət bildirərkən deyib.

"Televiziyada xalq qarşısında çıxışını, Şuşa işğal olunsa, özünə qəsd edəcəyini dediyin, verdiyin sözləri unutmusan? Kişi sözünün ağasıdır. Bəs sən? Sən unuda bilərsən, amma Azərbaycan xalqı sənin kimi satqınları əsla unutmayıb", - Orucov qeyd edib.

Gənclər Birliyinin sədri qeyd edib ki, belə bir satqının azərbaycanlı adını daşımağa haqqı yoxdur: "İnsan kiminsə acısından öz xeyrinə istifadə etməz. Son vaxtlar əsgər analarını önə çəkib onların arxasında gizlənməyiniz kimliyinizdən xəbər verir. Biz öz övladlarımızı onların yerinə qoymuruq, çünki onlar elə bizim övladlarımızdır. Sənin bu məsələyə mövqe bildirməyə haqqın yoxdur".

O, həmçinin sabiq müdafiə nazirinin 30-dan çox insanı güllə qabağına verdiyini, satdığı torpaqlarda neçə minlərlə azərbaycanlı ailəsinin məhvinə səbəb olduğunu xatırladıb: "İndi nə üzlə meydana çıxıb mövqe bildirirsən?! Ölkə başçısına şər-böhtan dolu məktub yazırsan".

Qaynar.info