Siyasət 18:49 29.07.2013

YAP İbrahimbəyovun gəlməməsinə münasibət bildirdi

“Radikal müxalifətin seçkiqabağı Milli Şurasının sədri və prezidentliyə namizəd irəli sürdüyü kinorejissor Rüstəm İbrahimbəyov yenidən Azərbaycana gələsi olmadı. Müxalifətin uzun müddət reklam etdiyi dönüş baş tutmadı”.

Modern.az saytı bildirir ki, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişinin tarixinin təxirə salınmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmayacağı əvvəldən də aydın idi.

“Bunun əsas səbəbi R.İbrahimbəyovun üzərinə düşən vəzifəyə hazır olmamasıdır. Siyasətdən və dövlət idarəçiliyindən xəbərsiz və hazırlıqsız ahıl insan artıq hansı yükün altında olduğunu başa düşür. Sadəcə gurultulu çıxışların bəs eləmədiyi, cəmiyyətə real proqram və liderlik xüsusiyyətləri nümayiş etdirməyin vaxtı gəlib çatıb. Rusiya və Azərbaycan kinorejissorunun isə buna hazır olmadığı aydın olur”-deyə YAP-çı deputat bildirib.

Millət vəkili onu da əlavə edib ki, Milli Şura özünü doğrultmadı. “Müxalifətin azacıq da olsa uğur qazandığı ənənəvi seçki planları dağıdıldı, əvəzində tətbiq  edilən Milli Şura planı isə artıq problemlər yaratmağa başlayır. Həm format, həm elan edilən prezidentliyə namizəd özünü doğrultmadı. Çünki, cəmiyyətin müxalif hissəsinə bəyanatlardan və bir nəfərin tərifindən sonra onların fəaliyyəti də lazım idi.  Bu fəaliyyət isə yoxdur, çünki buna hazır deyildilər. Seçkiyə iki aya qədər bir vaxt qalmasına baxmayaraq Milli Şura və onun namizədi hətta ən zəif namizəddən də az hazırlıq nümayiş etdirdilər. İbrahiməbəyovun hansısa bir müsbət PR-dan söhbət gedə bilməz. Sosial baza böyüyə bilmədi, Şuranın aparat rəhbəri Eldar Namazovun ABŞ Konqresində çıxışına isə internetdə cəmi 15 min insan qulaq asıb. 4 milyon yarım seçicinin 0,3 faizi rəqəmi isə çox şeydən xəbər verir”-deyə A.Mirzəzadə tənqid edib.

O bildirib ki, bu situasiyada həmçinin Rüstəm İbrahimbəyov da özünə ayırdığı rola hazır olmadığı dərk edib. Onun böyük çaşqınlıq içində olduğunu bəyan edən millət vəkili qeyd edib ki,  Milli Şuranın ilk bəyanatlarından nəinki cəmiyyəti, hətta öz tərəfdarlarını şoka salan İbrahimbəyov hal-hazırda nə etmək lazım olduğunu bilmir. “Sadəcə çıxışlar və abstrakt fikirlər artıq seçkiqabağı dövrün bu mərhələsində işləmir. Ona görə də o sadəcə olaraq vaxtı uzatmağa çalışır. Nə baş verəcəyi isə onun üçün maraqlı deyil. Onsuz da o siyasətə təsadüfü gəlmişdi. Buna görə də bu  yaxın zamanlarda sensasiyalı bəyanatların olacağı tamamilə gözləniləndir”.

Qaynar.info