Siyasət 14:22 16.03.2013

YAP prezident seçkisinə start verdi

Yeni Azərbaycan Partiyası artıq prezident seçkilərinə start verib.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov YAP-ın Xətai rayonunda təşkil olunmuş rayon və şəhər təşkilatının müşavirəsində çıxışında bildirib.

"Biz hər bir əhəmiyyətli məsələ ilə əlaqədar zona, eləcə də rayon təşkilatı sədrlərinin müşavirəsini keçiririk və müvafiq təlimatlarımızı veririk", - o deyib.

Partiya sədrinin müavininin sözlərinə görə, YAP partiya daxilində, həmçinin partiyanın yerli strukturlarında qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar işlərə start verib.

O qeyd edib ki, müşavirə yerli strukturların seçki kampaniyasının yüksək şəraitdə təmin edilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunub.

"Bildiyiniz kimi, 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. YAP öz ənənəsinə uyğun olaraq, prezident seçkiləri kampaniyasının yüksək fəallılıq şəraitində keçirilməsi və irəliyə sürülən namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verir", - o deyib.

Əhmədovun sözlərinə görə, bütün təhlillər onu təsdiq edir ki, İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının öz arzu və istəklərini gerçəkləşdirməsi üçün şans verir. O qeyd edib ki, Azərbaycanın iqtisadiyyatının sürətli inkişafının təmin olunması, insanların rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələr həyata keçirilib, beynəlxalq arenada ölkəmizin yeni imici formalaşıb.

Qaynar.info