Siyasət 16:32 24.07.2013

YAP rəsmisi: “O, Azərbaycanda bizneslə məşğul olmaq istəyirdi”

“Riçard Kozlariç Azərbaycanda səfir işləyib. Həmin vaxtda da Azərbaycanda siyasi məhbus olanlar hansılar ki, “vətən xainləri”, ölkənin ərazi bütövlüyünə qarşı çıxanlar, Əlikram Hümbətov kimi adamlar, metronu partladıb ermənilərin terror təşkilatlarına xidmət edənlər həbs edilmişdilər. Bunlar konkret cinayət törətmiş şəxslərdir”.

Bunu Qaynar.info-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, Riçard Kozlariç 90-cı illərdə həbs edilənləri siyasi məhbus kimi görürdüsə, bu, artıq onun fikridir: “Hazırda isə Azərbaycanda siyasi məhbus yoxdur. Hər kəs bu və ya digər cinayətə görə məsuliyyət daşıyır. Heç kəsin peşəsi, hansısa partiya nümayəndəsi olması onu törətdiyi cinayətdən xilas etmir. Ona görə də hər bir vətəndaş qanun qarşısında bərabərdir. Kozlariç vaxtilə Azərbaycanda bizneslə məşğul olmaq istəyirdi, alınmadı. İndi Amerikada oturub belə bəyanatlar verir. Riçard Kozlariç kimdir ki?! O, sadəcə, Amerika vətəndaşıdır. Onun fikirlərinin bizim üçün əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, ABŞ Sülh İnstitutunun müsəlman dünyası üzrə xüsusi təşəbbüslər bölməsinin direktoru, bu ölkənin Azərbaycandakı səfiri (1994-1997) olmuş təcrübəli dipolmat Riçard Kozlariç “Amerikanın səsi” radiosuna müsahibə verib. O müsahibəsində Azərbaycandakı siyasi vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Mənim üçün maraqlıdır - əgər hökumət öz gücündən bu qədər arxayındırsa, və həqiqətən də özü dediyi səviyyədə populyardırsa, onda niyə onlar gənclərin siyasi və sosial situasiya barədə fikirlərini ifadə etməsindən narahat olurlar?  Mən bunun motivlərini anlaya bilmirəm.  Bəlkə bu köhnədən qalan instinktdir.  Mən Bakıda səfir işləyəndə prezident Heydər Əliyev idi.  O dövrdə də həbsdə siyasi məhbuslar var idi.  Amma bu günkü miqyasda və səviyyədə deyildi.  Axı yaşları və nüfuzlarına rəğmən bu adamlar necə rejimə təhlükə ola bilərlər?  Bundan yalnız bir nəticə çıxarmaq olar: hökumət bütün Azərbaycan boyu ənənəvi və qeyri-ənənəvi müxalifətə mesaj göndərmək istəyir ki, o, qanun aliliyinə, insan haqlarına və müstəqil mediaya əsaslanan normal demokratik prosesə icazə verməyəcək”.

İlkin
Qaynar.info