Sənət 17:13 09.09.2021

Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu (YENİLƏNİB)

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Klinikadan "Report"a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir", - xəstəxanadan bildirilib.
 
14.55

Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Bu barədə APA-ya koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu "Yeni Klinika”dan məlumat verilib.

Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq "Yeni Klinika”ya yerləşdirilib.

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu APA-ya açıqlamasında bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

A. Zurufçunun sözlərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır, onlarla mütəmadi danışır.
 
 13:03

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Publika.az-a müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

"Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.