Dünya 15:21 04.02.2018

Yaralı əsgərləri narkotiklə müalicə edəcəklər

Hollandiyada hərbi xidmət zamanı psixoloji travma alan hərbçilər ekstaz narkotik maddəsinin əsas tərkib hissəsi olan MDMA ilə müalicə ediləcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərə görə, bu maddə insanları daha ünsiyyətcil edir, qorxu və panikanın qarşısını alır. MDMA sayəsində əsgərlər yaşadıqları travmanı rahat şəkildə dilə gətirirlər. 

Preparatdan istifadənin nəticələrini tədqiq edən şəxslərdən olan Leyden Universitetinin psixotravmatologiya mütəxəssisi Erik Vermetten bu dərmanın travma sonrası stress pozğunluğunu 83% müalicə etdiyini vurğulayır. Hollandiyalı mütəxəssis tədqiqatın son mərhələsində olduqlarını, nəticələrin müsbət çıxacağı təqdirdə 2021-ci ildə MDMA-in dərman kimi təqdim ediləcəyini qeyd edib.

Narkotik maddə asılılığı üzrə mütəxəssis Robert van de Qraaf isə bu məsələdə psixiatrların tədris prosesinə cəlb edilməsini vacib hesab edir. İnsanlar bu dərmandan istədikləri qaydada istifadəyə cəhd etsələr, mənfi nəticələr ortaya çıxa bilər. 

Qeyd edək ki, tədqiqat prosesi ABŞ mütəxəssisləri ilə birlikdə aparılır. ABŞ və Avropalı əsgərlər sınaq prosesində iştirak edirlər.

Gülşən