Foto 12:25 22.01.2022

Yaşar Seyidov: “Bilirəm, dediyim bu sözlərdən sonra üstümə düşəcəklər...” - MÜSAHİBƏ (FOTOLAR)

"Bakı” deyəndə sözügedən klubun prezidenti Hafiz Məmmədovdan sonra ağla gələn ikinci adam Yaşar Seyidov idi. "Bakı”nın yaşaması, daha da böyüməsi üçün əlindən gələni əsirgəməyən Seyidovun klubda özünəməxsus rolu vardı. Hazırda Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadovun adını daşıyan akademiyada çalışan "Bakı”nın sabiq icraçı direktoruna veriləcək suallarımız vardı. Həm çalışdığı akademiyanın durumu, futbolumuz, həm də "Bakı”nın yetişdirdiyi ən üzdə olan futbolçulardan biri, hazırda Polşa təmsilçisi "Legiya” ilə problemlər yaşayan Mahir Emreli ilə bağlı.

Seyidov Qaynarinfo-ya müsahibəsində ona ünvanlanan sualları cavablandırdı.

"Gənclərimizin çoxu sözün həqiqi mənasında məhv olur”
 


- Hazırda akademiyada durum necədir?

- Abşeron Olimpya Kompleksində məskunlaşmışıq. Pandemiya ilə əlaqədar kompleks qapalı olduğundan biz hələlik başqa stadionda məşqlərimizi davam etdiririk. Bilirsiniz ki, biz Azərbaycan futbolunda böyük işlər görmüş adamlarıq. Necə ki, mahirləri, namikləri, rəhmanları, aqilləri yetişdirmişik. İndi sponsor baxımından çətinliklər var. Azərbaycanı sevən, normal sponsor olsa, gəncləri Avropanın müasir komandalarına apara bilərik. Azərbaycan futbolunda sponsor problemi olduğundan bu gün böyük layihələri həyata keçirməkdə çətinlik çəkirik. Ölkədə kifayət qədər perspektivli gənclər var ki, Avropaya gedib, daha sonra millimizə beynəlxalq səviyyədə köməklik edə bilərlər. Sponsorsuzluq üzündən gənclərimizin çoxu sözün həqiqi mənasında məhv olur. Adam təəssüflənir, amma heç nə etmək mümkün deyil.

- Hazırda akademiyanın komandaları hansı yarışlarda iştirak edir?

- AFFA-nın keçirdiyi 16 və 17 yaşlı futbolçuların çempionatında və Region Liqasında gənclərimiz çıxış edir. Fransa İspaniya kimi Avropa ölkələri ilə çox böyük əməkdaşlıqlarımız olub. Bu gün də dostluğumuz davam edir. Böyük məmnuniyyətlə onlar futbolçularımızın həmin ölkələrdə oynaması, orada qalması üçün əllərini uzatmaq istəyirlər. Hansı ki, itib-batmaqda olan gənclərimiz milli və olimpiya yığmalarımızın heyətində beynəlxalq yarışlarda oynaya biləcək gücdədirlər. İdeyalarımız, təkliflərimiz çoxdur, ancaq sponsor olmadığından bu işi həyata keçirmək çətindir.

- Akademiyada neçə yaş qrupu üzrə komanda var?

- Hazırda 3 yaş qrupu üzrə komandalar var. Gənclərimizin itib-batmaması üçün onları Region Liqasında oynadırıq. 

- Region Liqasında peşəkarlığın aşağı səviyyədə olması komandanın çıxışına təsir edir?

- Sözsüz təsir edir. Burada problem bilirsiniz nədir? U-17 liqasında oynayanlar sonradan 19 yaşlıların çempionatında şans qazanmaqda çətinliklər çəkir. Çünki həmin çempionatda əsasən Premyer Liqa klublarının nəzdindəki aşağı yaş qruplarından ibarət komandalar çıxış edir. Belədə bir çox futbolçular ya həmin klubların komandalarında oynamalıdır, ya da futbolu atmalıdırlar. Bizim işimiz həm də sosial bir layihədir. Narkomaniyadan, pis vərdişlərdən uzaqlaşması üçün uşaqları daim idmanda saxlamaq istəyirik. Yəni, uşaq yaşlarından onların pis vərdişlərdən uzaq olmasına çalışırıq. Bu da dövlətə bir köməkdir. Valideyn var, deyir ki, uşağın futbolçu olması lazım deyil. Sadəcə, pis vərdişlərdən uzaqlaşması üçün idmanla məşğul olsun. Müəyyən yarışlara getsin, bilim ki, uşağım düzgün yoldadır. Layihə olaraq bu məsələləri həyata keçirməyi üzərimizə götürmüşük.

- O vaxt "Bakı” bütün klubların diqqət mərkəzində idi. İstedadlı uşaqları almaq üçün növbəyə dururdular. İndi vəziyyət necədir? Akademiyanıza maraq göstərən var?

- "Bakı” futbol klubundan milliyə 40-dan çox futboçu vermişik. Hazırda da əsas və olimpiya yığmamızda da klubun 6 yetirməsi oynayır. "Qəbələ”nin əsas qapıçısı, "Sabah”dan Şakir Seyidov məhz bizim yetirməmizdir. Bundan başqa "Neftçi”də, "Qarabağ”da, "Keşlə”də də oyunçularımız var. Hazırda Premyer Liqa klublarında İsgəndər Cavadov Akademiyasının yetirmələri oynayır. Hər klubda akademiyamızdan 1-2 futbolçu var. Biz onları klublara təmənnasız veririk. Əsas odur ki, uşaqlar parlasınlar və Premyer Liqa təmsilçilərinin heyətində oynasınlar. İndi missiyamız ancaq bundan ibarətdir. Böyük işlər görə bilməsək də, Premyer Liqa klublarına futbolçu hazırlayıb verməyə çalışırıq. Müraciət edəndə onlara problem yaratmırıq. Əksinə sevinirik ki, yetirməmiz hansısa komandada oynayır. Məqsədimiz də budur.

- Abşeron Olimpiya Kompleksinin cəmi bir meydançası var. Bu mənada çətinliklər olur?

- Kompleksin bir şeyi yaxşıdır ki, bütün saatları bizə məxsusdur. Hər yaş qrupunun ayrı-ayrı məşq etməsi üçün heç bir problem yoxdur. İndi ora pandemiyaya görə bağlı olduğundan, başqa stadionları icarəyə götürmək məcburiyyətindəyik. Sözsüz, bu, çətinlik yaradır. "Bakı”da bu baxımdan nəzarət güclü olurdu. Hər yaş qrupuna digər məşqçilər də baxırdı. İndi etiraf edim ki, bunları həyata keçirmək çox çətindir. Yenə də ayaqda durmağa çalışırıq.

"Futbolçu yetişdirdik, amma ziyalı yetişdirə bilmədik
 


- Gələcəkdə akademiya üçün stadion tikdirməklə bağlı planlarınız var?

- Planlarımız var, onların üzərində çalışırıq. 2012-ci ildə Azərbaycanda keçirilən qadınlar arasında dünya çempionatında istifadə olunan "Bakı”nın 4 meydançası bu gün boşdur. Onların ot örtüyünün saxlanması, sulanması, işçi heyətinə əməkhaqqı verilməsi üçün ciddi vəsait tələb olunur. Bu üzdən meydançalar baxımsız və pis vəziyyətdə qalıb. 4 ədəd standartlara uyğun meydança mövcuddur. Onlardan elə təkcə birinin suvarma sisteminə ayda 6-7 min manat vəsait lazımdır. Bunu 4 meydança üçün hesablasaq, ayda 24-25 min manat edir. 

- Həmin stadionlar hazırda tam olaraq "Bakı” futbol klubuna məxsusdurmu? 

- Bəli, həmin meydançaların ərazisi satılmayıb. Sadəcə, baxım, qulluq məsələsi böyük problemdir. 2012-ci ildə beynəlxalq səviyyəli yarışların keçirildiyi həmin meydançalar indi boş və baxımsız qalıb...

- Hər dəfə həmin meydançalara baş çəkəndə hansı hissləri keçirirsiniz?

- Hamımız qəribə hisslər keçiririk. İndi "vətənşünas”lar var ey, "ay, uşaq futbolu belədir” deyib qəşəng məqalələr yazırlar. Bəlağətli sözlər danışırlar. Baxırsan ki, böyük şirkətin rəhbəridir, Azərbaycanda futbol olmamasından danışır. Müraciət edirsən ki, meydança da var, perspektivli uşaq da. Amma cavab verirlər ki, pul yoxdur. Avropada tərəfdaşlarımız mövcuddur. Əməkdaşlıq etdiyimiz böyük klublar, dostlar var. Bu gün də münasibətlərimiz davam edir. Onlar da gənclərimizin oynamasında maraqlıdır. Saytınız vasitəsilə müraciət edirəm. Kim yığmalarımızın şərəfli, gözəl komandaya çevrilməsini istəyirsə, gəlib bizə dəstək olsun. Bizdə hər şey şəffafdır. Sonra başqa sözlər danışmasınlar. Planlarımız var, İsgəndər Cavadov da Azərbaycanın məşhur, Şöhrət ordenli futbolçularındandır. Təkliflərimizə dəstək gözləyirik. Azərbaycan futbolunun yüksəklərə qalxması üçün sponsorların hamısını əməkdaşlığa dəvət edirik. Heç kim maraq göstərmir. Azərbaycanda gənc futbolçuarın inkişafına dair dövlət proqramına ehtiyac var. Umu-küsünü bir kənara qoyub hamımız eyni ideya ətrafında birləşək.

- Ölkədə uşaq futboluna göstərilən belə münasibət sizi həvəsdən salmır?

- Xeyr, bu vətən bizimdir. Çətin və yaxşı günlərimiz də olur. İnanıram ki, bir gün belə addım atılacaq. Ümidimiz olmasa, bu işləri çoxdan buraxardıq.

- "Bakı” bu qədər futbolçular yetişdirib. Onlardan hansısa gəlib maraqlanıb, viranə qalmış meydançalara baş çəkir?

- Tam səmimiyyətlə deyirəm, biz futbolçu yetişdirdik, amma ziyalı yetişdirə bilmədik. Bunu boynumuza alırıq (gülür). Bəlkə də bizim günahımızdır. Onlara futbolçu kimi dəyər qazandıra bildik. Amma müasir baxışlı insan kimi yetişdirməyi bacarmadıq. "Neftçi”nin qapıçısı Aqil Məmmədovdan başqa heç kim maraqlanmır. Aqil bayramlarda, əlamətdar günlərdə klub rəhbərliyi ilə, mənimlə əlaqə saxlayır. Futbolçular var, oynayır, müəyyən səviyyəyə çatır, sonra da vaxtilə yetişdiyi akademiyaya gətirib heç olmasa 10-20 ədəd top bağışlayır. Ona görə deyirəm ki, ziyalı yetişdirə bilmədik.

"Mahirə görə Avropada fubolçularımız haqqında düşüncələr pis olacaq”
 



- "Bakı”nın yetişdirdiyi, bu gün ən üzdə olan futbolçularımızdan biri Mahir Emrelinin ətrafındakı söhbətlərdən yəqin ki, xəbərdarsınız. Sizin bu məsələlərə münasibətiniz necədir?

- Hər şeydən xəbərim var. Mahirin bütün oyunlarını izləyirəm. Kim necə istəyir, başa düşsün. "Bakı”nın 10 il ərzində yetişdirdiyi bir futbolçu üçün onu deyə bilərəm ki, hüquqi baxımından Polşaya qayıtmalı, klubu ilə bağladığı müqavilə şərtlərini yerinə yetirməlidir. Polşa təmsilçisi ilə müqavilə məsələsini yoluna qoyandan sonra başqa klubla müqavilə bağlamalıdır. Polşada oynamaq istəmirsə, qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam versin. Belə daha yaxşı olar.

- Adam azarkeşlər tərəfindən döyüldüyü üçün "Legiya”ya qayıtmayıb, klubla problemi yaranıb. Ona nə məsləhət verərdiniz?

- Mən sizə başqa bir misal göstərim. Ronaldo, Bekhem, Raul Qonzales, Serxiya Ramos kimi dünya ulduzları vurulmayıb? "Real” "Barselona”ya uduzanda azarkeşlər Ramosun qarşısını kəsib, maşınının şüşəsini sındırmışdılar. Hansı dünya ulduzunun başına belə hadisə gəlməyib? Amma onlar hamısı öz klublarında oynamağa davam ediblər. Bunu hər hansı istəyə bağlamaq olmaz. Futbolçu azarkeşlərlə yaşadığı kuryoz hadisələrə görə müqavilə ilə məxsus olduğu klubunu atmalıdırmı? Hansı ki, klub sənin şərtlərinə əməl edir. Burada nə var ki? Ola bilsin, kimlərsə mənim fikirlərimi yanlış başa düşsün. İndi elə vəziyyədir ki, Azərbaycan ziyalısı qaragüruhçuların əlindən düz söz deməyə çətinlik çəkir. Amma gəlin, açıq danışaq. Sən əvvəlcə məxsus olduğun klubla müqavilə məsələsini həll etməlisən. Daha sonra başqa klubla anlaşmalısan. Söhbət sırf peşəkar futbolçudan gedir. Bu, Mahir də ola bilər, başqası da. Bir də başqa pis tendensiya var. Mahir Azərbaycanın yetişdirdiyi futbolçudur, Avropada oynayır. O, elə bir iz buraxmalıdır ki, başqa ölkələrdə azərbaycanlı futbolçular haqqında yaxşı düşüncələr formalaşsın. İndi Avropada fubolçularımız haqqında düşüncələr pis olacaq. Buna diqqət yetirmək lazımdır. Halbuki heç kim bundan danışmır. Baxın, cənab prezident Azərbaycanın mövqeyini dünyada necə tanıtdırır və haqlı olduğumuzu göstərir. Ən çətin situasiyalarda belə özünün fikirlərini dünyaya doğru-düzgün çatdırır. Mahir də özünü sübut etməlidir. Məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqazda səyahət” əsəri var. Yazır ki, Qafqazda türk xalqı var, onlarda söz möhürdür.  Söz ağızdan çıxırsa yerinə yetməlidir. Biz hər hansı insidentdən qorxan xalq deyilik. Qürurumuzu üstün tutub şərtlərə əməl etməliyik.

- Mahir Azərbaycana gələndə sizinlə əlaqə saxladı?

- Xeyr, nə əlaqə saxladı, nə də bizi axtardı. Problem yoxdur, əsas odur ki, onun üçün yaxşı olsun. Biz ona baxıb uğurları ilə fəxr edirik.

"Bakı” "ölsə” də onun yetirmələri Azərbaycan Premyer Liqasında oynayır”
 


- Azərbaycan futbolu ilə bağlı fikirləriniz necədir? "Bakı”nın yoxluğu hiss olunurmu?

- "Nəsimi” filmində bir fraqment var, deyir: "Dövlət bəyin ölüsü də gözəldir”. İndi "Bakı” "ölsə” də onun xeyli yetirmələri Azərbaycan Premyer Liqasında oynayır. Bir azdan yəqin ki, İsgəndər Cavadov Akademiyasının yetirmələri yavaş-yavaş futbolumuzda görünəcəklər. Akademiyalar nə qədər çox olsa, o qədər faydalıdır. Biz təcrübəni necə qazanırdıq. Daim Fransada, İspaniyada təlim-məşq toplanışlarında olurdular. "Bakı”nın futbolçularının vaxtilə məşq etdiyi uşaqlar indi öz millilərində oynayırlar. Yəni eyni səviyyədə olublar. Ola bilməz ki, arada bu qədər uçurum yaransın. O vaxt bizim uşaqların məğlub etdiyi "Atletiko”dakı həmyaşıdları indi İspaniya millisinə dəvət alırlar. Deməli, başladığımız işi sona çatdıra bilməmişik. Elə etməliyik ki, səviyyə fərqi görünməsin.

- İndiki məşqçilərinizin işindən razısınızmı?

- Xeyr razı deyiləm. "Bakı”da uşaqların təhsilinə, məşq prosesinə, davranışına, intizamına və qidalanmasına ciddi şəkildə diqqət yetirirdik. Bunun üstündə hamımız çalışırdıq. İndi nə sistemli məşq prosesi, düzgün qidalanma var, nə də xaricdə təlim-məşq toplanışı keçirlər. Nəzərdə tutduğumuz heç bir layhəni həyata keçirə bilmirik. 

"Millinin zəif çıxışı, klublardakı proseslərin nəticəsidir"
 



- Millimizlə bağlı fikirləriniz necədir? Son tsikldə 1 xal topladı...

- Bu ondan qaynaqlanır ki, futbolçu yetişmir. Klublarda uşaq futbolu formal olaraq mövcuddur. Yəni, AFFA-nın lisenziyalaşdırma tələblərinə görə məcbur olub diqqət ayırırlar. Amma yayınırlar. Siz mənə bir klub adı çəkin ki, aşağı yaş komandaları xaricdə uzunmüddətli təlim-məşq toplanışına gedir, beynəlxalq yarışlarda iştirak edirlər. Az-çox "Qəbələ” bunu edirdi. İndi onların da maliyyə çətinliyi var. Buna baxmayaraq "Qəbələ”nin Premyer Liqada xeyli oyunçusu çıxış edir. Millimizə futbolçular hardan gəlir? Əlbəttə, klublardan. Onlar bu işi görməsə millimiz də zəif olacaq. Millinin zəif çıxışı, klublardakı proseslərin nəticəsidir. Günahı onlarda axtarmaq lazımdır.

- AFFA-nın  işində qüsurlar yoxdur?

- AFFA böyük işlər görür. Uşaq komandalarına dəstək verir. Açıq deyirəm, hər şeyi AFFA-nın üstünə atmağı düzgün saymıram. Axı klubun da öz sponsoru var. Legioner alırlar, hansı ki, eləsi var, iki ildə cəmi üç qol vurub. Sənin bir legionerə verdiyin pul, akademiyanın bir illik büdcəsidir. Düşünülmüş şəkildə etsinlər. Bilirəm, bu sözlərdən sonra üstümə düşəcəklər, amma demək lazımdır. Bu klublar hara baxır? UEFA bu qədər vəsait ayırır, niyə bir fubolçu çıxarıb ortaya qoya blmirlər? Tam səmimi deyirəm, günahkar klub rəhbərləridir. 

- Hansı ölkələrlə münasibətləriniz davam edir?

- İspaniyadakı dostlarımızla tez-tez, demək olar üç gündən bir danışırıq. Artıq münasibətlərimiz ailəvi müstəviyə yüksəlib. O cümlədən Fransa ilə. Get-gəl var, imkan olanda görüşürük. Amma təəssüf ki, bunu futbol müstəvisinə keçirə bilmirik. Çünki bunun üçün ölkə futbolunda bəlli mövqedə olmalısan. Arzu edirəm ki, imkan yaransın xidmətlərimizi, bilik və bacarıqlarımızı futbolçularımıza yenə öyrədək. Batıb gedən, amma perspektivi olan Azərbaycan gənclərini Avropaya tanıdaq. Bu ölkə Anatoli Banişevski, İsgəndər Cavadov, Səməd Qurbanov, Vəli Qasımov, Nazim Süleymanov kimi futbolçular yetişdirib. Bununla "futbol olmayıb” deyənlərə bir mesaj da göndərirəm ki, belə deyil. Onlarla fəxr etməliyik.

Səbuhi Həsənov