Lalə Niftaliyeva
Ölkə 17:04 13.12.2017

Yaxşı oğlan sırğa taxmaz

 
Lalə Niftalıyeva

Bakı şəhərinə qış fəsli gəlmir. Elə ki, rayonlarımıza qar yağır, külək var gücü ilə qaçır Bakıya tərəf. Belə havada işləməyə məcbur olanlardan başqa qalan hamı qapı-pəncərəni kilidləyib girir evinə. Bu elə belə giriş cümlələridir. Mövzunun hava ilə əlaqəsi yoxdur. 

Həm daha ağlım başıma gəlib. Eyiblərinizi üzünüzə vurmayacam. Bu dəfə istəyirəm "Vor v zakone" olub, söhbəti qardaş sayağı həll edim. Həm bizə mövzu lazım deyil ki, biz istənilən mövzuya "kurs" omağı bacarırıq. "Yaxşı oğlanlar" üçün görüntü kifayətdir. Ümumiyyətlə, Azərbaycanda "yaxşı oğlanlar"ın inkişaf etməyi üçün münbit şərait var. Bunu özləri də təsdiq edə bilər. Götürək elə çayxanaları. Mən hətta təklif verərdim ki, "Çayxana Dövlət Universiteti" açılsın. Fakültələr: Yaxşı oğlanlar, "Vor i vorzakonka v zakone", Söhbət həll etməyin incəlikləri, Qeybət və s. Siyahını artırmaq üçün yaxşı qardaşlarımızdan və bacılarımızdan kömək də istəmək olar. 

Deməli bu ilin yayında baş verən bir söhbəti sizə nəql edim. Məhlədə qardaşlarla oturmuşuq. Bir də nə görsək yaxşıdır? Gədənin biri başında o qadınlar taxır e, abadoqdu nədi, ondan taxıb, saç da zənən saçı kimi belindən. Qulağında sırğa, əynində də şortik geyinib məhləmizdən keçir. Avropa, müasirlik budur sizcə? Utanın e, bizim milli-mənəvi dəyərli adətlərimizdən utanın. Nəyisə, sözüm orda deyil. Bilirsiniz də, işsizlik baş alıb gedir. Mən də qardaşlarla bu mənzərəni görəndə elə məhlədə domino çırpırdım. Adama ləzzət etmir axı. Evdə anamız, bacımız var. Bu özünü tanımayan gədələr də məhlədən keçirsə, gərək sözünü deyəsən. Bir qurtum çayla boğazımı yaşlayıb:

- Ay qız, bir də keçmə bu məhlədən.

Dostum:
- Utanmırlar da. Məhlədə qadın xeylaqları niyə bu üzdəniraqları görməlidir ki?

Elə təzə başlamışdıq gülməyə. Bir də gördüm bu gədə yaxınlaşdı yanıma. Mənə qayıdıb deyir:

- Salam qardaş, "bazlıq" etmək istəyirəm, deyirlər ən yaxşı massaj salonları sizin məhlədə olur. Bəlkə biləsiniz, hansı daha məsləhətlidir?

İndi üzümü sizə tutub deyirəm: "Ay cəmaət, bu vid-fasonla "bazlığ"a getmək olar"? Bir də görürsən deyirlər ki, avaraçılıqdan bir şey çıxmaz. Onlara izah edə bilmirəm ki, mən onların qeyrətlərini qoruyuram. Bir də görürsən ki, tanımadığım bir gədə məhləmizin qızlarından birini evə ötürür. Tez həmin qaqaşı saxlayıb, ona izah edirəm ki, "Camaatın anası, bacısı var". Elə məhlə uşağı o gün belə bir hadisə üstündə oğlanın birini bıçaqlayıb, öldürdü. İndi bizim ona olan hörmətimiz birəbeş artıb. Elə mən özüm də fəxr edirəm ki, dotum "pristupni mir"də özünə ad qazandı. 

O gün tanışlardan birinin toy məclisinə getmişdim. Düzü çox otura bilmədim. İçimi namus-qeyrət dalğası bürüdü. İndi sual verəcəksiniz ki, bəs niyə də, nə baş verdi ki? Əşi, nə olacaq qaqanın evləndiyi qız bütün günü "instagramma"da", "feyzbuk"da" şəkillərini paylaşır. Adam heç o cür qızla evlənər? Bax, cəmiyyəti bu internet məhv edir. Mən bilirəm axı onlar ora niyə girir? Özüm də girirəm də, təcrübəm var. Sonra deyirlər ki, müasir dövrdə hamı internetə girir. Belə zamanlar üçün lotu qardaşlarımıza çox ehtiyacımız var. 

Deyəsən, işsizlikdən danışırdıq axı. O gün şəhərdə yaxınlaşdım bir nəfərə ki, bəs vəziyyət pisdir. İş tapa bilmirəm. Olar mənə "ştuçni" siqaret verəsən? Bu da o saçlı  gədələrdən idi. Üzümə tərs-tərs baxıb:

- Eşşək boyda gədəsən, qazan özün al.

İstədim dalaşım. Sonra dedim böyüklük məndə qalsın. Belə "matuşkə"lərin bir şilləlilik canları var. Mən indi getməliyəm. Dostum bizə çay qonaqlığı, üstünə də gəlin nömrəsi verəcək. Belə yazmaq da hövsələmi daraldır. 

Allah yaxşı qardaşların qapısını açsın. Yaşasın "Pristupni mir"!