Sənət 15:57 17.06.2014

Yazarlardan nazirə sərt İTİHAMLAR

Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ədəbiyyatçıları tənqid edib. 

O, çıxışında yazıçı və şairləri dünya səviyyəsinə çıxa bilməməsi üçün ittiham edib. 

Nazirin bu fikirləri birmənalı qarşılanmayıb.

Yazıçı-publisist Şərif Ağayar AzNews.az-a açıqlamasında nazirin dediklərinin həqiqətə uyğun olduğunu dilə gətirib: “Məncə, nazir haqlıdır. Amma bir incə məsələ var ki, o kimə şikayətlənir? Təsəvvür elə, problemi həll etməkdə görəvli olanlar şikayət edirlər. Kimə? Bax, bu, absurd Azərbaycan reallığıdır. Yaxşı ki, hörmətli nazir, kədərli bir şeir oxumayıb”. 

Şair Rüstəm Behrudi isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi ağır ittiham edib: “Məni qurultaya dəvət ediblər, amma getməmişəm. Getməməyimin də səbəbi xəstə olmağımla əlaqədardır. Nazir dünya səviyyəsi deyəndə nəyi deyir, anlaya bilmirəm. Bu saat mən tərcüməçim Alla Axundovla danışırdım. Dünyanın bir tərəfi də Moskvadır, mənim də orada kitabım çıxıb. Ankarada da ikinci bir kitabım çap olunacaq. Yaxşı olar ki, Əbülfəs Qarayev öz işləri ilə məşğul olsun. Mən qurultaya getmədiyimdən bunu eşitməmişəm. Hər halda mən onu ağıllı adam bilirəm. Əgər bunu deyibsə, bir nazir olaraq düz danışmır. Yəni onda onun ədəbiyyat deyilən bir şeydən xəbəri yoxdur. Mən belə fikirləşirəm. Azərbaycan ədəbiyyatı dünyada tanınmağa layiq deyilsə, bunun ən böyük günahı Əbülfəs Qarayevin özüdür. Çünki o, ancaq xaricdən Azərbaycana gələn sənətçilərin şoularını keçirməklə məşğuldur. Azərbaycan ədəbiyyatında dünya ədəbiyyatına çıxacaq adamlar çoxdur. Sadəcə onların dünyaya çıxacaq imklanları yoxdur. Məncə, bu işlə məşğul olmaq lazımdır”. 

Yazar-publisist Elnur Astanbəyli bildirdi ki, kimlərsə maddi gücünə, xaricdəki dost-tanışı hesabına hansısa ölkədə 2-3 kitab çap etdirirsə, bu hələ dünya səviyyəsinə çıxmaq deyil: “Əbülfəs Qarayev çox optimist danişib, dünya səviyyəsinə çıxan o “bir-iki nəfər” kimdi, adını desin, biz də bilək. Kimlərsə maddi gücünə, xaricdəki dost-tanışı hesabına hansısa ölkədə 2-3 kitab çap etdirirsə, bu hələ dünya səviyyəsinə çıxmaq deyil. Bir müddət əvvəl Türkiyə nəşriyyatlarının birinin əməkdaşı bizim bu Anara, Elçinə müraciət etmişdi ki, kitablarınızı çıxarmışıq, amma yığılıb qalıb anbarlarda, havayı yer tutur, ziyana düşürük. Məncə, bu, real mənzərəni təsəvvür etmək üçün kifayətdir. Kiməsə “xalq yazıçısı”, “xalq şairi” adı verib xalqa “dünya şöhrətli yazıçı”, “böyük şair” kimi sırımaqla deyil. Ölkədən kənarda onların adı heç bir dəftərdə yoxdur. Digər tərəfdən əsl ədəbiyyatın yaradıcılarının hansı ağır şərtlər altında yaşadığını və yazdığını Əbülfəs Qarayev bilmirmi? Ölkənin yeganə müstəqil, ciddi ədəbi qurumu – AYO illərdir dövlət qeydiyyatına belə alınmır. Kitab üzərindən ƏDV-nin götürülməsi, heç olmasa Ermənistan və Gürcüstandakı səviyyəyə endirilməsi barədə çağırış etməkdən dil qabar olub. Bir neçə qələm adamının, çevirmənin pis-yaxşı qonorar aldığı “Qanun” nəşriyyatı ilə bağlı baş verənləri hamımız gördük. Belə vəziyyətdə Azərbaycan ədəbiyyatının dünya səviyyəsinə çixmasını necə gözləmək olar?”.