Sənət 11:28 19.09.2014

Yeni bədii-sənədli film - FOTOLAR

Azərbaycanın  qocaman neftçilərindən  biri, Azərbaycan Dövlət Neft  Şirkətinin birinci vitse-prezidenti, tanınmış geoloq, akademik Xoşbəxt Yusifzadənin  "Ömrümün illəri və izləri" kitabındakı həyat oçerklərinin əsasında "Fədakar" adlı 2 hissəli bədii-sənədli film çəkilib.  

Qaynar.info xəbər verir ki, film Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə "SOCAR-Media" İctimai Birliyi tərəfindən istehsal edilir. Ekran əsəri  X.Yusifzadənin 85 illik yubileyi münasibəti ilə lentə alınıb. Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş  görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maraqlı hekayətdir. Eyni zamanda onun ömürlüyü Ölkəmizin, xalqımızın yaşadığı müəyyən tarixi dövrün salnaməsidir.  Məhz "Fədakar" filmində bütün bu maraqlı hadisələr, dramatik həyat hekayələri  xronoloji ardıcıllıqla  təqdim edilir.  

Film əfsanəvi Neft daşlarında, Bakı şəhərinin ayrı-ayrı yerlərində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.  Obrazları filmdə xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əli Qulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil  Süleymanov, aktyorlardan Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf  Hüseynov və başqaları canlandırıb. 

"Fədakar" bədii-sənədli filmi  2015-ci ilin yanvar  ayında, akademikin  yubileyi ərəfəsində tamaşaçılara təqdim ediləcəkdir. Filmin ssenari müəllifi Eldar İskəndərzadə, quruluşçu rejissoru Vasif  Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi  Xalik Məmmədovdur.

Qaynar.info