Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.
Ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi xeyli artıb.
Uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülmüş əmlakın daha səmərəli idarə olunması zəruridir.
Fərmanda qeyd edilir ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə səhmləri dövlətə məxsus olan "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
Bu fərmanla "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin strukturu təsdiq edilir.
Müəyyən edilir ki:
- "ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır;
- "ASK” ASC-nin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir;
- "ASK” ASC-də Mülki Məcəllə ilə ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələləri Azərbaycan Prezidenti həll edir;
- "ASK” ASC-nin strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri "ASK” ASC-nin Müşahidə Şurası həyata keçirir;
- "ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və "ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşır.
Azərbaycan Prezidenti Administrasiyası bir ay müddətində aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək:
- "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və "ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək dövlət əmlakının siyahısı və həmin əmlakın ötürülməsi mexanizmləri;
- "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun idarəetməsində olan və "ASK” ASC-nin idarəetməsinə veriləcək problemli aktivlərin (borcların) siyahısı və həmin əmlakın idarəetməyə verilməsi mexanizmləri.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; "ASK” ASC-nin fəaliyyətinin təmin edilməsi məqsədilə onun müvafiq inzibati bina ilə təmin olunması üçün tədbirlər görmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Dövlət başçısının digər sərəncamları ilə Natiq Ərziman oğlu Əmirov "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Kamran Telman oğlu Nəbizadə isə ASC-nin Baş direktoru təyin edilib.
Qaynarinfo.Az
Şərhlər