Ölkə 11:21 25.01.2019

Yeni xəbər saytı açıldı - Yenisabah.Az

Azərbaycanda yeni onlayn media fəaliyyətə başlayıb. 

Yenisabah.az ünvanında yerləşən saytın rəhbəri, tanınmış jurnalist Elnur Məmmədli Qaynarinfo-ya verdiyi açıqlamaya görə, sayt ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayacaq:

"Mövcud mediada olan ənənəvi xəbər kateqoriyalarından fərqli bir neçə sahəvi bölmələr də saytda fəaliyyət göstərəcək.

Müstəqil fəaliyyət göstərən sayt ölkədəki ictimai və siyasi təşkilatlar arasında heç bir fərq qoymadan xəbər hesab olunacaq bütün məlumatları öz səhifəsində işıqlandıracaq. Media sahəsində kifayət qədər rəqabətin olduğunu bilirik. Amma kifayət qədər boşluqların da olduğunu görürük. Ona görə də saytın inkişafı üçün bu boşluqlardan yararlanmaq və təkrarçılığa yol verməmək üçün isə fərqlənmək niyyətindəyik. 

Əsas hədəfimiz Azərbaycanda olan internet istifadəçilərinin ən azı 10 faizini öz oxucumuza çevirməkdir. Bunun üçün oxucularımızla daim kontakda olmaq və xüsusilə vətəndaş jurnailstikasının imkanlarından maksimim istifadə etmək niyyətindəyik. 

Prinsiplərimizdən biri də insanların vaxtını çox almamaq üçün bacardığımız qədər xəbər yükünü saxlamaqla yazılarımızın (müəllif yazıları istisna olmaqla) kifayət qədər qısa təqdim olunmasıdır".