Elman Eldaroğlu

Blogger
Yazılar
48
Yeni yaşınız mübarək, Afaq Məsud!

Yeni yaşınız mübarək, Afaq Məsud!

Deyir ki, "Mən həmişə Azərbaycan ədəbiyyatından kənarda olmuşam. Əgər bəşəriyyət bir qadın və bir kişidən artıb törəyibsə, sonradan irqlərə, millətlərə bölünsə belə ədəbiyyat milli olmamalıdır…”

Bəlkə də haqqlıdır. Axı ədəbiyyat o zaman böyük uğur qazanır ki, hər hansı bir xalqa deyil, bəşəriyyətə ünvanlanır. Bəli, Azərbaycan ədəbiyyatına məxsus olan əsərlərin əksəriyyəti milli ruhda qələmə alındığı üçün azərbaycanlı təfəkkürünün məhsulu olduğu ilk səhifəsindən nəzərə çarpır. Elə ona görədir ki, bizim yazarların əsərləri əcnəbilər arasında yalnız etnik ədəbiyyatın mütaliəsinə həvəsi olan oxucular üçün əhəmiyyət kəsb edə bilir. Daha doğrusu, milli ədəbiyyatımız çox az əcnəbini maraqlandırır…

Məktəb illərində xeyli çətinlikləri olub. "Nə yaxşı ki, məktəb həyatını sağ-salamat bitirdim”- söyləyir. Yazmağa başlayandan bir qədər sonra anlayıb ki, ərsəyə gətirdiyi hekayələri yazıçı olmaq üçün deyil, sadəcə daxili sıxıntılardan, şahidi olduğu hadisələrin yaratdığı narahatlıqdan xilas olmaq üçün qələmə alır. Və heç zaman düşünməyib ki, niyə ənənəvi ədəbiyyatdan uzaq düşüb, hamı kimi yazmır. Özü söylədiyi kimi, onun yazdıqlarının əksəriyyəti mistik duyğuların məhsuludur. Düşüncələrinin təzahürüdür…

Deyir ki, "Real həyat oyuna bənzəyir. İnsan bilə-bilə ki, qocalacaq, əzizləri dünyadan köçəcək. Və qarşıda onu xəstəliklər, ölüm gözləyir, buna baxmayaraq çox rahat yaşayır. Bax budur mistika, eyni zamanda real həyat”...

…Babası Əli Vəliyev Azərbaycanın xalq yazıçısı idi. Atası Məsud Əlioğlu isə filolologiya elmləri doktoru olub…

Haqqında söhbət açdığım yazıçı Afaq xanım Məsuddur. O, Bakı şəhərində dünyaya gəlib. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979-1988-ci illərdə "Azərbaycantelefilm"də redaktordan direktor vəzifəsinədək yüksələ bilib. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin olunub…
2015-ci ildə türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə TÜRKSOY-un "Haldun Taner" mükafatını alıb. 2017-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib. 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı” fəxri adına layiq görülüb…

Texnologiya inkişaf edəndən üzü bəri dünyanın bu başından o başına on beş saata getmək, hər hansı bir məlumatı anındaca göndərmək olur. Bəli, dünya bu qədər balacalaşıbsa ədəbiyyat da dünyanı əhatə etməyi, ümumbəşəri olmağı bacarmalıdır. Bu gün Azərbaycan ədəbiyyatı dünyanı fəth edə bilmirsə, deməli balaca bir topluma xidmət göstərir, hələ də ümumbəşəri ola bilmir. Nə isə, əsas məslədən çox uzaqlaşmayaq. Axı iyunun 3-ü hörmətli Afaq xanım Məsudun "Xalq yazıçısı” fəxri adına layiq görüləndən sonra birinci doğum günüdür. Onu bu münasibətlə şöhrəti dünyanı dolaşan, ümumubəşəri yazıçı Con Qriffit Çeyninin vətəni Amerika Birləşmiş Ştatlarından təbrik edir, Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Yeni yaşınız mübarək, Afaq xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

OXŞAR XƏBƏRLƏR