Ekonomiks 21:00 05.08.2013

Yeni Zelandiyadan süd məhsulları idxal edilmir

Azərbaycana tədarük edilən bütün ərzaq məhsulları laborator araşdırmadan keçir və hazırda heç bir norma pozuntusu aşkar edilməyib.

Bu barədə Trend-ə bazar ertəsi Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

"Anchor" brendi altında kərə yağı və marqarin istehsalıçısı olan Yeni Zelandiyanın "Fonterra" şirkətinin daha əvvəl yaydığı məlumatda bildirilirdi ki, Çin, Avstraliya, Malayziya, Səudiyyə Ərəbistanı, Tailand və Vyetnam bazarlarına çıxarılan süd məhsullarının tərkibində botulizm xəstəliyi yaradan təhlükəli bakteriyalar ola bilər. İstehsalçı bildirib ki, bakteriya 8 şirkət tərəfindən adıçəkilən ölkələrə tədarük edilən zərdab zülalının konsentratının 8 partiyasında ola bilər, qalan məhsullar təhlükəsizdir.

Xanvəli bildirib: "Azərbaycan Yeni Zelandiyadan süd məhsulları idxal etmir. Bu ölkədən yalnız "Anchor" brendi altında kərə yağı və marqarin tədarük edilir. Həmin məhsullar yoxlanılması üçün dərhal laborator yoxlamaya göndərilir. Bu məhsul standartlara cavab verdiyinə görə satışına icazə verilib".

Onun sözlərinə görə, Azərbaycanda uşaq süd qidası, əsasən, Almaniya, Türkiyə və Rusiyadan gətirilir. Bu məhsullar da laboratoriyada araşdırmadan keçir.

Xanvəli deyib: "Ölkəyə süd məhsullarının tədarükü daimi nəzarət altındadır. Hazırda Azərbaycanda tədarük edilən süd və heyvandarlıq məhsulları ilə bağlı problem müşahidə edilmir".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsində də Yeni Zelandiya istehsalçısının məhsullarının tədarükünə qadağa ilə bağlı rəsmi bildirişin olmadığını təsdiq ediblər.

Qaynar.info