Bu gün Yenicag.az saytının fəaliyyətə başlamasının 10 ili tamam olur.
"Qaynarinfo" xəbər verir ki, 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan Yenicag.az 2007-ci il sentyabrın 5-də yayıma başlayıb.
Yenicag.az Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də operativ şəkildə oxuculara çatdırır.
Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran Yenicag.az-da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.
Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi hər zaman rəhbər tutan Yenicag.az mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrıseçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.
2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk və rus dili versiyaları da yayıma başlayıb.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.
Yenicag.az Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərməkdədir. Saytın rəhbəri Aqil Ələsgərin təşəbbüsü ilə Türkiyədə hər il Xocalı Soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir, yayım materialları hazırlanır və müxtəlif aksiyalar təşkil olunur. Yenicag.az rəhbərinin təşəbbüsü və dəstəyi ilə Xocalı Soyqırımının canlı şahidlərindən biri olan Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabı nəşr olunub.
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul çevriliş cəhdindən daha əvvəl bu şəbəkənin ifşasında yorulmadan fəaliyyət göstərən Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi pozuculuq fəaliyyətinə həsr olunmuş “Terrorun Gülən üzü” və “Səssiz işğal” kitablarını çap etdirib.
Yenicag.az bu gün də Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinə yönələn bütün cəhdlərə qarşı yüksək həssaslıq nümayiş etdirir və bu məsələləri daim diqqət mərkəzində saxlayır.
10 illik yubileyini qeyd edən Yenicag.az öz oxucularının mənafelərini hər zaman əsas götürərək, onların maraqla qarşılayacaqları yeni və aktual layihələr həyata keçirir.
Bu gün “Yeni Çağ Azərbaycan” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi üç-dörd milyondur.
Qaynarinfo.Az
Şərhlər