Video 10:50 25.09.2021

Polisdən qaçarkən digər maşınları əzən şəxs saxlanıldı (VİDEO/YENİLƏNİB)

Daxili İşlər Nazirliyi Bakıda yol polisinin tələbinə tabe olmayaraq digər vətəndaşların maşınlarını vurub hadisə yerindən uzaqlaşmağa çalışan şəxslə bağlı açıqlama yayıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sentyabrın 24-də paytaxtda "Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10-a yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.  

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobilin həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. 
Hazırda istintaq hərəkətləri davam etdirilir. 

Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq materiallarına əlavə edilir.
 
09:17

Paytaxtda polislərdən qaçmaq istəyən sürücü digər avtomobillərə zərər verib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, 50 ED 532 dövlət qeydiyyat nişanlı "Volkswagen" Passat markalı avtomobilin sahibi polislərin dayan əmrinə tabe olmayıb.

Sürücü polislərdən qaçmaq üçün avtomobilini yolda dayanan digər avtomobillərə çırpıb.

Daha ətraflı videoda: /Oxu.az