İdman 15:54 05.03.2020

Yolu həbsxanadan keçən idmançılarımız (ARAŞDIRMA)

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, idmanla, xüsusilə də döyüş növləri ilə məşğul olan şəxslər gündəlik həyatda da kriminal aləmə, fiziki zorakılığa meyilli psixologiyaya sahib insanlar olur. 

Bəs həqiqətən belədirmi, yoxsa idmançıların statusu, tanınması və qolunun gücünun digər insanlara nisbətən daha çox olması onlarda belə imic formalaşdırır?

Bunu dəqiqləşdirmək üçün Sport7.az maraqlı araşdırma aparıb. Silsilə yazılarımızda adı qalmaqallarda hallanan, yolu polis, məhkəmə, həbsxanadan düşən idmançılar haqda araşdırıb, psixoloqların fikirlərini öyrənib, imkan daxilində idmançıların özləri ilə söhbətimizi təqdim etməyə çalışacağıq. 

Əvvəlcə tarixə nəzər salaq. Sport7.az həbsxana həyatı yaşayan bir sıra idmançılarla bağlı araşdırmanı təqdim edir: 

Azərbaycanın ilk peşəkar boksçusu, dünya və Avropa çempionu Fariz Məmmədov kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun rəhbərlik etdiyi dəstənin aparıcı simalarından birinə çevrilir. Cinayət Məcəlləsinin bir neçə maddəsiylə qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələbetmədə ittiaham olunan boksçu yeddi il həbsxana həyatı yaşadıqdan sonra 2012-ci ildə yenidən peşəkar idmana qayıdır. 
 


Mətbuata müsahibələrindən həmin illərdən danışan Fariz Məmmədov o dövrü belə xatırlayır: "Hər yaşın öz həyatı var. Uşaq vaxtlarımda müharibədə, gənc yaşlarımda həbsdə. Doğurdan da, maraqlı həyatdı. Sən həyata bax... Həbsxana elə bir həyatdır ki, ağıllı insanlar üçün ən yüksək mərtəbə, ağılsız insanlar üçün ən aşağı mərtəbədir.

Necə oldu mən həbsxanaya düşdüm...Məncə, ora düşməli idim. Elə bir həyat yaşayırdım ki, bu olmalı idi. Günahım var idi. Hər şey haqq-ədalətlə idi. O illərdən çox danışmaq istəmirəm. Orada düşünməyə vaxtım çox oldu. Elə bir həyat yaşayırsan ki, 24 saat azadlığın əlindən alınıb. Səmaya baxırsan, amma qaranlıq içində boğulursan. Həbsxana mənə düşünməyi və nəticə çıxarmağı öyrətdi.Orada doğma qardaşın belə, sənə yad olur. Çox şey öyrətdi mənə həbsxana. Ora akdemiyadır. Hesab edirəm ki, maraqlı həyat yaşadım və o həyatı 5-lə qurtardım. Yoxsa, mən bu gün ayaqda olmazdım. Mənim daha səhv etməyə haqqım yoxdur.

K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov 2016-cı ildə dələduzluqda ittiham edilərək həbs edilib. 
 


Sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək pullarını dələduzluq yolu ilə mənimsədiyini bildirib. E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib. İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Boks yığmamızın tanınan simalarından olmuş Ramal Amanov ilə Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərov bir zamanlar kriminal həyatın bir addımlığından geri qayıdıblar. 2008-ci ildə təsadüf edən hadisə böyük səs-küyə səbəb olmuşdu.
 


Həmin vaxt Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov Vüqar Ələkbərovun saxlanılması ilə bağlı mətbuata açıqlamasında bildirmişdi ki, Kənan Quliyev adlı iş adamı mayın 16-da Vüqar Ələkbərov adlı şəxsin ondan 10 min ABŞ dolları tələb etməsi, bu pulu verməkdən imtina etdikdə isə onu və sürücüsü İldırım Mirzəyevi fiziki təzyiqə məruz qoyması, "Toyota-Prado” markalı avtomaşınını əlindən alması barədə ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edib:  "Keçirilmiş əməliyyat tədbiri zamanı Vüqar Ələkbərov Kənan Quliyevdən tələb etdiyi 10 min ABŞ dollarını alarkən yaxalanıb. Həmin vaxt onun yanında 2 nəfər tanışı - Ramal Amanov və Mətləb Bədəlov da olub. Vüqar Ələkbərovun üzərinə baxış keçirilərkən onun üstündən Kənan Quliyevə məxsus avtomaşının açarları və iş adamının ona verdiyi 10 min ABŞ dolları aşkar edilib. Vüqar Ələkbərov Kənan Quliyevin avtomaşınını harada saxladığını da göstərib. Avtomaşın sahibinə qaytarılıb. Onu da qeyd edim ki, Ramal Amanov və Mətləb Bədəlov sonradan sərbəst buraxılıblar”.

Boks yığmamızın o dönəmdəki baş məşqçisi olan Nəriman Abdullayev isə prezident təqaüdçüsü Ramal Amanovun xuliqanlıq etməsi məsələsinin inandırıcı olmadığını demişdi: "Amanov çox yaxşı boksçudur. Bir idmançı kimi ondan çox razıyam. Hesab etmirəm ki, o, hanısa artıq-əskik hərəkətə yol versin və xuliqanlıq etsin".
 


Tanınmış idmançı Kamil Zeynallı da həbs həyatı yaşayanlar sırasındadı. O, hər dəfə İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub. Belə ki, 3 dəfə həbsə düşən idmançı 2 dəfə dava etdiyinə, 1 dəfə isə küçədə söyüş söydüyünə görə yolu polisə düşüb.

Azərbaycan futbolunun ən güclü hücumçularından olan, futbol veteranı Maşallah Əhmədov da həbsə düşüb. O, başqasının külli-miqdarda pulunu mənsiməkdə ittiham olunub.

Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə.Əhmədovun barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 8 ildən 2 ilə endirilib.

Həbsə düşən bir digər futbolçu isə millimizin futbolçusu Cavid Hüseynovdur. Buna səbəb jurnalist Rasim Əliyevin ölümü olub. C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülən, 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib.
 


Olaydan sonra AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində çıxış edən 21 yaşlı Elşən İsmayılov həbs olunub. Onunla bərabər jurnalistin döyülməsində iştirak edən şəxslər də saxlanılıb.

11.08.2015 tarixində 17:16 radələrdinə isə vəkil Adəm Məmmədov Cavid Hüseynovla bağlı məhkəmənin 3 ay həbs qətimkan tədbiri seçdiyi barədə mətbuata açıqlama verib. 

2011-ci ilin sentyabr ayında Yasamal rayon Polis İdarəsi cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan Müseyib Cəfərov barədə Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə axtarış elan etmişdi. Belə ki, 27 yaşlı idmançı 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirməkdə təqsirkar idi. Cəfərov qətli törədəndən sonra ölkə ərazisində müxtəlif yerlərdə gizlənməyi bacarsa da, aparılan 4 aylıq əməliyyat-axtarış tədbirlərindən sonra yanvarın 19-na keçən gecə saat 00:15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 3 ünvanındakı binanın qarşısında ələ keçirilir. 
 
Hadisə ilə bağlı yazılanlara görə, Cəfərovun öldürdüyü Telehlə münaqişəsi barlardan birində başlayıb. Sentyabrın 9-a keçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov səhəri gün idarə etdiyi qara rəngli "Hyundai-Sonata" markalı avtomobillə Talehin yaşadığı evə gələrək onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Teleh qardaşına "O, tək gəlib, mən də tək gedəcəm" deyərək Müseyibin maşınına əyləşib.
 


İ.Qutqaşınlı küçəsində maşında aparılan mübahisə zamanı M.Cəfərov tapança ilə cəmi iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.

Sonradan Cəfərovun daha əvvəllər də böyük cinayət hadisələrinə qarışdığı mətbuata aşkarlanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən "AZEL Azərbaycan Elektroniks" şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra M.Cəfərov həbsdən azad olmağı bacarıb.
 
Ardı var...
 
Röya Kərimli