Çingiz Səfərli
Ölkə 12:14 01.02.2018

Yuxuda Şuşanı gördüm...

Çingiz Səfərli 
 
Maraqlısı budur ki, gerçəkdə Şuşanı heç görməmişəm. Amma həmişə efirdə Şuşanın tarixi ilə bağlı kadrlar göstəriləndə xəyalən özümü orada hiss edirəm. Sanki o məscidin önündən dəfələrlə keçmiş, hər daşını torpağını qarış-qarış gəzmişəm...

Yuxudan daha çox gerçəyə bənzəyirdi. Şəhər bazarında səs-küy qopmuşdu. Satıcılardan kimisi "parça var, ipək, kətan parçalaaaar" deyə qışqırır, kimisi qab-qacaq, kimi də süd-qatıq və s. satırdı. Bolluq idi. Bazarda o qədər adam vardı ki, iynə atsan yerə düşməzdi. Satıcıların səsi ətrafı bürümüşdü. Bazarın lap yaxınlığındakı çayxanada yaşlı kişilər təsbeh çevirə-çevirə söhbətləşir, ahəstə-ahəstə çaylarını içirdilər.

Çadralı iki yaşlı qadın ürkək yerişlərilə ləngərləyə-ləngərləyə məscidin qabağından ötüb keçdi. Hərəsinin də əlində bir boxca vardı. Deyəsən, çadralıq parça almışdılar. Çünki boxçanın birinin böyründən satıcının bayaq əlində göstərdiyi parça sallanırdı.

Yay təzəcə girmişdi. Fərqi yox idi, Şuşada yay boyu havalar sərin keçirdi. Ona görə insanlar istirahət üçün hər tərəfdən bura axışıb gəlirdilər. Şəhərdəki adamların çoxunu tanımasam da, buradan olmayan biri 100 metr uzaqlıqdan seçilirdi. Turistlər... Ətrafı oğrun baxışlarla süzən "kənar adamlar". Gələnlər nə qədər təbiətin gözəlliyindən zövq aldıqlarını desələr də, buranın gözəlliyini hər yanda vəsf eləsələr də, Şuşanı gerçəkdən şuşalılar kimi heç kim duya bilməzdi...

Bazarın yaxınlığında balaca bir taxta sexi də vardı. Usta rəndəsi ilə taxtanı yonurdu. Deyəsən, kimsə şəbəkə sifariş vermişdi. Beşguşə, kənarları naxışlı, şüşəli, şüşəsiz ətrafda çoxlu əl işləri vardı. Usta Bakıdan gələnlərə sənəti haqda nəsə danışır, əl işlərini göstərirdi. Elə dükanın yanından təzəcə keçirdim ki, iki cavan oğlan ustanın yanına keçdi. Yanılmamışdım, şagirdləri idi. Bax, Şuşa belə bir yerdi. Heç bir usta özündən sonra bir yadigar qoymadan, sənətini kiməsə öyrətmədən bu dünyadan köçməzdi. Elə ona görə idi ki, şəbəkə sənətinin yaşı beş əsrdən çox olsa da, hələ də yaşayırdı.

Zalda səs-küy düşdü. Kimsə danışırdı, amma mən heç nə anlamırdım. Bura hardan gəldim, nə zamandan bəri burada idim onu da doğru-düzgün başa düşmürdüm. Əvvəl harda idim, indi hardayam?!
 
Mavi səma anidən qaraldı. Günəş sanki birdən söndü. Bədənim buz kəsmişdi. Silkələndim, oyandım. Anlamışdım, artıq bilirdim ki, hamısı yuxu idi. Nə Şuşa vardı, nə də şuşalılar. XX əsrin 18-ci ilində idim. Salondan tez çıxıb özümü küçəyə atdım. İşıqforda dayandım, ürəyim silkələnirdi. Saniyələr 50-dən aşağı düşdü, yaşıl yandı, amma mən hələ də yerimdə donub qalmışdım. Yenə qırmızı, sarı, yaşıl… İşıqlar dəyişirdi. Hərə bir tərəfə axışırdı, kimi işə tələsir, kimi də məktəbə, universitetə. Bəli Bakıda idim. Yaxınlıqdakı internet kafelərdən birinə girib, kompüterlərdən birinin arxasına keçdim və dərhal internetdə axtarış verdim. Amma yuxuda gördüyüm nə o bazarı tapa bildim, nə o yaşlı adamları, nə də şagirdlərinə sənətini öyrədən o ustanı. Şuşa getmişdi, geriyə isə sadəcə bir-iki şəkil və şəhər barədə qısa bir vikipediya mətni qalmışdı…
 
Evə gedirəm. Tez yatağıma girib yorğanı başıma çəkəcəm və yuxuya dalıb, ümid edəcəm ki, bəlkə yenə Şuşanı görə bildim.