Ölkə 10:28 03.03.2014

Yuyulmayan qadın üzləri - KÖŞƏ

Əl əli yuyar...

Mehriban Zeynalova

Gündəlik dialoqlarımızda istifadə etdiyimiz atalar sözlərinə, misallarına diqqətlə nəzər yetirdikdə,  onların  cinsə görə bölgüsü gözdən qaçmır. Maraqlıdır ki, gündəlik həyatımızda işlənən bu atalar sözləri, məsəl və misallarda gender indentifikasiyasına əhəmiyyət verməsək də, bu frazaların qadın və kişi cinsinə geninə-boluna işlədildiyi danılmazdır.

Kişilərə aid bu cür fraza və misalların bir qismi vətənpərvərlik, digər qismi məişət xarakterli olsa da, əslində daha çox aidiyyatı məhz, kişilərədir.  Bu tip elə misallar da var ki, onlar yalnız qadınlara yönəlik  səslənsə də, nəticədə qadının davranışına nəzarətə xidmət edir.

Lakin elə misallar da var ki, orda gender indentifikasiyası olmasa da, həmin ifadələri  daha çox kişilər özününküləşdirib. Məsələn “əl-əli yuyar, əl də qayıdıb üzü yuyar”.  Misalın hansı mühitdə və anlamda yaranmasının mənşəyi bəlli deyil. Lakin, misal öz aktuallığını bu gün də  itirməyib, əksinə, müasir dövrümzdə yeniləşərək, özünə yeni çalar və rəng qatıb.

Belə  misalın indiki halda, yeni çalarda adı rüşvətdir...

Korrupsiya və ruşvətlə bağlı ölkədə kifayət qədər araşdırmalar aparılıb, bununla bağlı çox ciddi mübarizə proqramları da mövcuddur. Odur ki, yazımda bununla bağlı yox,  tamamilə başqa məsələlərə toxunmaq istəyirəm. Rüşvətin qadının həyatına, onun psixoloji durumuna,  sağlamlığına, ailədə uşağın tərbiyəsinə  vurduğu zərərdən yazmaq istəyirəm...

Yəqin rüşvətin cinsə aid olmadığını və bu yazıda ayrı-seçkilik yaratdığımı düşünəcəksiniz. Xeyr cənablar, heç bir ayrı-seçkilik yaratmıram, belə niyyətim də yoxdur. Ancaq  bu qənatə gəlmişəm ki, bəli, rüşvətin cinsi yoxdur. Lakin rüşvətin psixoloji təsiri, məhz qadınlardan yan ötmür, onların həyatında ciddi  fəsadları mövcuddur.  Bunu anlamaq üçün mentalitetə kiçik bir rakurs edəcəm.

Ənənəyə görə ailə quran şəxslər  bir sıra prosedurdan keçməli, öz nikahlarını rəsmiləşdirməlidir. Düzgün başlanğıc bu prosedurlardan başlayır. Tərəflər VVAQ-a müraciət edir. Lakn elə oradaca "qonşudan qalma geri" misaliyla ərizənin qeydiyyatı üçün “hörmət” etmək söhbəti ortaya çıxır. Hallalıq üçün... Evlənən cütlük isə bəd duadan narahat olaraq, mexaniki olaraq lazım olan “hörmət” i  rəsmi qurumun nümayəndələrinə edir. Bütün  dəsgah isə ya toy günü, ya da nikah qeyd edilən gün baş verir. Çünki əl-əli yumalıdır, əl də qayıdıb üzü. Axı “adət var, ənənə var”.   Bütün bunlardan bezən və ya cibi ilə “hörmət”in məbləği tərs mütənasib olduğundan üz yumamaq üçün prosedurdan vaz keçirlər. Yəni yeni evlənənlər son zamanlar nikahı rəsmiləşdirmirlər ki, “ora rüşvət verdiyimə sənə (qadına) qır-qızıl alarıq”.   Həəə, nəticədə üz yuylmayanda nə  baş verdi?  Kim daha çox zərər çəkdi: qadın, yoxsa kişi? Əlbəttə, qadın! Çünki rəsmi nkahı olmayan qadın bir çox hüquqi statuslardan mərhum olur.

Yeri gəlmişkən, bir məlumatı da sizə çatdırım. Bu yaxınlarda rəsmi satatistikaya istinadən  Azərbaycanda son 8 ildə nikahdankənar doğulan uşaqların sayının 200 min olduğu qeyd edilib. Bu rəqəm 2012- ci ildə 31 min, 2013-cü ildə isə 27 min olub. Araşdırmalar göstərir ki, hər il 8-9 min uşağa təkcə ananın ərizəsiylə doğum haqqında şəhadətnamə verilir. Acınacaqlı haldır, deyilmi? Səbəb? Səbəb isə əl yumaq proseduru ilə bağlıdır.

 Təbii ki, Azərabyacan ailəsi Qərb formatından fərqlidir. O, iqtisadi imkanlarını yaxşılaşdırdıqdan sonra ailəyə yeni vətandaşın qəbuluna zaman ayırmır. Çünki Azərbaycan ailəsində, dədə-baba qaydalarına görə, əgər yeni ailə qurmuş çütlüyün 9 aydan, uzaqbaşı isə bir ildən sonra uşağı dünyaya gəlməzsə, artıq ailədə ciddi problemlər yaşanır. Bütün turkəçarələr, sivil tibbi yardım və sair üsullarla  qadın üzərində dayanmadan tətbiq  edilən zorakı tibbi  təcrübələr də  dünyaya uşaq gətirməyə  yönəlir.  Qadının bədəninin zəhərlənməsi və ya onun bu müalicələrdən zərər çəkməsi heç kimi maraqlandırmır. Bu tam başqa mövzudur, odur ki, bu problemləri bir kənara  qoyub, dədə-baba qaydasinda, 9 aydan sonra dünyaya uşaq gətirən və onu böyüdən  ananın  vəziyyətini təhlil etmək istəyirəm.

Amma bu vəziyyəti sizinlə birgə bölüşməzdən öncə, bir neçə statistik rəqəmi diqqətinizə çatdırım.

Dövlət Statistika Komitəsinin məlumatına görə,  ölkə əhalisinin 53,1%-i şəhər, 46,9%-i kənd yerlərində yaşayır, 49,7%-i kişilərdən, 50,3%-i qadınlardan ibarətdir. Əhalinin 22,3%-i 0-14 yaşda, 71,9%-i 15-64 yaşda, 5,8%-i isə 65 və yuxarı yaşda olanlardır.

Dövlət Statistika Komitəsinin  verdiyi məlumata görə, bu il  (2014-cü il) yanvarın 1-nə məşğulluq  xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,200 nəfər olub, onların  14898 nəfərini (41,5%-ni ) qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 268,5 manat olub.

14898 nəfərin işsiz olması, əslində, elə də böyük rəqəm görünmür, əgər qadınlar azödənilşli əmək fəaliyyəti ilə məşğul olmasaydılar. Bunlar sadəcə rəqəmlərdir. Əsas mətləb isə başqadır.
Yeni ailə quran gənc qadın ilkinə hamilədir. Bu müddətdə, yəni  9 ay ərzində ailənin xərclədiyi pul ən azı,  1000-1500 manat civarında təşkil edir. Buraya qadının hamiləlik dövründəki müayinəsi,  dərmanları və s. daxildir.  Ən maraqlısı da odur ki, əgər qadın oğlan uşağına hamilədirsə, bu məbləğ bir az da yuxarı qalxacaq. Adətən, ilk uşaq böyük həvəslə gözlənildiyindən, çəkilən xərclər barədə heç kim danışmır.

Baxmayaraq ki, dövlət tibb müəissisələri pulsuzdur, amma uşağın təbii yolla dünyaya gəlməsi 500-800 manat, qeysəriyyə əmaliyyatı isə 800-1500 manat civarında təşkil edir. Biz hələ muştuluq, sanitar və tibb bacısının pulunu hesablamırıq.  Ümumiyyətlə hesablamanı həlilik bir uşaq üzərində aparırıq.

Uşağın bir yaşına kimi tibbi müayinədən keçməsi (əgər uşaq, iraq olsun, xəstə dogularsa və ya sonradan xəsətələnərsə) ən azından aya 500 manata gəlib çıxa bilir. Uşağın qidası, tibbi müayinəsi, dərman preparatları, geyim və s. inkişafı üçün gəzinti filan olarsa, bu daha böyük rəqəmə çevrilir.

Yuxarıda qeyd etdik ki, 2013-cü ildə 27 min qadın nikahdan kənar uşaq dünyaya gətirib. Bu o deməkdir ki,  27 min qadın qeyd edilən xərclər qarşısında acizdir. Nəzərə alsaq ki, nikaha girməyənlərin əksəriyyəti kasıb təbəqədən olan şəxslərdir, bu onu göstərir ki, həmin qadınlar öz övladlarını böyütmək  üçün kifayət qədər iqtisadi çətinlik çəkir.

3 yaşına çatmış uşağın dövlət baxcalarına yerləşdirilməsi də rahat olmur. Uşağı baxçaya yerləşdirmək üçün ana hörmət etməlidir. Əks təqdirdə “yerimiz yoxdur” cavabı alacaq. Uşağın dövlət baxçasına yerləşdirilməsi 50 manatla 200 manat civarında dəyişir. Daha sonra ödəniş haqqı, bayram günlərində hədiyyələr və s. də buraya daxildir. Əks təqdirdə müəllim uşağı burunlayacaq. Ana isə uşağına sevgisindən lal-dinməz  bu “hörməti” etməlidir.

Məktəbə uşağın getməsi də eyni ssenari üzrə baş verir. Mütləq hörmət etməlisən. Əks-təqdirdə məktəbdə də “bəzən” yerin olmadığı bəyan olunur.

On bir il təhsil müddətində uşağa çəkilən xərcləri hesablasaq, həmin xərcin gələcəkdə təhsilni bitiridikdən sonra uşağın  müstəqil  kapitala mailk ola bilməsi nəticəsinə gələrik. Yəni uşaq məktəbi bitiridikdən sonra toplanmış katpitaldan, ya ali təhsil xərcini ödəyə bilər, yaxud hər hansı bir bisnes sahəsini müstəqil aça bilər.

Qayıdaq bicarə qadınının vəziyyətinə...

Bizim ölkədə bir qayda var, ana uşağına sahib çıxmalıdır. Ataya verməməlidir, yoxsa o dəqiqə damğa vuracaqlar ki, öz keyfini yaşamaq üçün bunu edir. Ana uşağını dövlət müəssisəsinə verməməlidir, yoxsa bütün ölkə onu qınayacaq ki, belə analar ölməlidir.  Yerindən duran bir daş atacaq ki, sən necə anasan, bir övladını böyüdə bilmirsən.

Qadın odla su arasında qalmış olacaq.  Bir yandan canının yarısı olan balasına sevgisi, digər tərəfədən  el qınağı, digər tərəfədən isə gündəlik həyatında üzləşdiyi, “əl əli yuyar, əl də qayıdıb üzü yuyar” misalı...

Bu gərginlik içərisində yaşayan qadınlarda – depressiya, sabaha qorxu hissi, narahatlıq, özünü qiymətləndirmə hissinin aşağı olması, cinsəl pozuntu, yuxu pozulmasi və qida qəbulunda problemlər yaranır. Bəzi hallarda isə post travmatik stresden pozulmanın nəticəsi olaraq intihar hadisəsi baş verir.

Baş verən psixoloji dəyişikliklər qadının gündəlik həyat tərzində ciddi iz qoyur.

Artıq ətrafdakılara adekvat rekasiya yoxa çıxır. Pozitiv hadisələrə reaksiya aqressiya ilə qarşılanır. Uşaqla davranışında ona qarşı  mütamadi qınaq ifadələri səslənir. “Sən olmasaydın, mən bu əziyyəti çəkməzidim” kimi ifadələr tez- tez işlədilir. Bu isə bütün mərhumiyyətlərə baxmayaraq böyütdüyü övladını travmaya salan və sonra da onu itirəcək qədər uzaqlaşdıran bir həyat hekayələrinin başlanğıcı olur.

Eləcə də, qadın əgər əmək fəaliyyəti ilə məşğul olursa bu onun iş keyfiyyətinə bir başa təsir göstərir. Bu isə əmək fəaliyətində hər hansı yüksəliş kimi ümidiləri yox edir.

Belə qadınlarda ətrafda baş verənlərə inamsızlıq, passivlik kimi xarakterik xüsusiyyətlər formalaşır. O, həyatını və cəmiyyəti dəyişməyə maraq göstərmir.

Bu yazını hazırlayarkən bank sistemində çalışan insanlardan, ölkədə kredit alan qadınların  faizini öyrənmək istədim. Məlum oldu ki, bank sistemində bu cür statistik rəqəmlər mövcud deyil.
Bu rəqəmlər mövcud olmasa da, ölkədə kifayət qədər qadın var ki, belə “əlləri” yumaq üçün məhz banklardan kreditlər götürməli olur.

Təşkilatımıza hüquqi yardım üçün müraciət edən bir neçə qadın məhz övladlarının sağlamlıq və təhsili üçün yeganə daldalanacağı olan evini banka girov qoydugundan evsiz qalmışdı. O qadınların göz yaşlarını heç vaxt unuda bilmirəm.

Qadının gündəlik həyatında, səhər tezdən axşamacan “neynim, necə edim?” dilemması qarşısında qalması, onun qadın olaraq yaşamına, sağlamlığına, düşüncəsinə, övladına, cəmiyyətə olan münasibətinə bir başa təsir edir.

“Əl əli yuyar” misalı ilə öz həyatını gözəlləşdirmək üçün çalışanlar qadınların naəlac  ahlarının səsini eşitmir. Bu qadınlar yuyulan əllər üçün çalışdığından, öz üzləri yuyulmamış qalır.
Nə olar, kirli əllər ancaq ölkəyə bolluq gətirən taxil zəmilərindən, topağımız ugurunda döyüşdən qalmış  barıtdan olsun. Əgər  bu olarsa, biz qadınlar, o əlləri yumaga könüllü və sevə sevə razılıq verərik.

Folklorumuzda olan bu kimi pis misalları  həm dilimizdən, həm də praktikamızdan  yox etməliyik.

P.S.  Bu,  yazı “hörmətin”  qadını hörmətdən saldığı ən xırda misallardan idi. Daha dərinini siz düşünün...