Dünya 16:18 10.01.2018

Yüzlərlə azərbaycanlı Ukraynada etiraz edir (CANLI YAYIM)

Kiyevdə Azərbaycan icmasının 150-yə yaxın üzvü Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası keçirir.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlılar yerli hüquq-mühafizə orqanlarının diaspora təzyiqlər göstərən və onun nümayəndələrini oğurlayan cinayətkarlara qarşı tədbirlər görməsini tələb edir.

Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar heç də güc strukturlarından qorxmur. Məlumata əsasən, Ukraynada ümumilikdə 20-dən çox azərbaycanlı oğurlanıb; onların bir neçəsi Ukraynada bizneslə məşğul olan iş adamlarıdır.

Aksiya iştirakçıları əllərində "Ukraynaya investisiya qoymaq istəyirəm, ancaq bu təhlükəlidir”, "90-cı illərə qayıdırıq”, "Biz Ukraynada quldurluğa qarşı çıxırıq. Bizim uşaqları qoruyun!”  və digər yazılı plakatlar tutub.

Qeyd etmək lazımdır ki, son zamanlar Ukraynada qətl hallarının sayı artıb; azərbaycanlılara qarşı sui-qəsdlər müşahidə olunur, onlar tez-tez qarət olunur; azərbaycanlı sahibkarların  təsərrüfat obyektlərinə hücumlar həyata keçirilir; Kiyev və Ukraynanın digər bölgələrində diaspor fəallarına inzibati qaydada təzyiqlər göstərilir.

Bu kimi hallar Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi narahatlığa səbəb olur. Bir çox ailələr itkin düşən qohumları haqqında hələ də bir xəbər ala bilməyib,  cinayətkarlar ifşa olunmayıb, heç kim cəzalandırılmayıb.

Bundan savayı, bir ay əvvəl azərbaycan əsilli Ukrayna vətəndaşı da oğurlanıb - ailəli olan həmin sahibkar barəsində heç bir məlumat yoxdur.

Ukraynada yaşayan azərbaycanlılar başda nazir Arsen Avakov olmaqla, ölkənin Daxili İşlər Nazirliyindən onların konstitusiya hüquqlarının qorunmasını, cinayətkarların ifşa olunmasını və Ukraynada quldurluğa qarşı ciddi mübarizənin aparılmasını tələb edir.