Siyasət 15:18 25.01.2022

Zakir Həsənov İranda: Tehran hərbi sənayemizlə maraqlanır (ŞƏRH)

"İki ölkənin hərbi dəniz qüvvələrinin Xəzər dənizində birgə fəaliyyəti, qarşılıqlı əlaqələr, yarana biləcək təhlükələri birgə aradan qaldırmaq, qaçaqmalçılıq, qeyri-qanuni silah və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması kimi məsələlər ətrafında mühüm addımlar atıla bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İrana səfərini dəyərləndirərkən deyib.

Həmsöhbətimizin fikrincə, bu səfər həm tanışlıq xarakteri daşıyır, həm də tərəflər arasında yaranan yeni isti münasibətlərlə bağlıdır:

"Zakir Həsənov İranın baş qərargah rəisinin dəvətilə gedib. Amma yeni müdafiə naziriylə də görüşəcək. Yanvarın 22-də Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranın müdafiə nazirilə görüşüb. Müdafiə nazirinin səfəri çərçivəsində tərəflər hərbi-texniki, hərbi təhsil və hərbi-tibb, Xəzər dənizi və regionun sabitliyilə bağlı digər məsələləri müzakirə edəcəklər. Hər halda hesab edirəm ki, Azərbaycan müdafiə nazirinin səfəri fonunda İranla qonşuluq və dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün danışıqlar aparmaqla yanaşı, yəqin bəzi sənədlər, perspektiv işlər planlaşdırılacaq. Tərəflər daha çox müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edəcək. Sözsüz ki, Azərbaycan-İran sərhəd münasibətləri də diqqət mərkəzində olacaq”. 

Ekspert bildirir ki, səfər çərçivəsində İrandan hansısa silah-sursatın alınması məsələsi isə gündəmdə deyil: 

"Sadəcə tibb və hərbi təhsillə bağlı müştərək maraq doğuran məsələlər mövcuddur. İran həmçinin Azərbaycan hərbi sənayesinə də maraq göstərir. Ola bilsin, bu məsələ də hansısa sənəd formasında gündəmə gəlsin”.

Rüfət Sultan