Ölkə 15:43 26.01.2019

Zamirə Hacıyeva Sinqapurda mühakimə olunsaydı...

Sinqapur qanunlarına əsasən, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada ittiham olunduğu analoji əməllərə görə məhkəməsiz cinayət məsuliyyətinə cəlb edilərdi.

Trend-in məlumatına görə, bu barədə JDSUPRA nəşrində yer alan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, 2018-ci il noyabrın 19-da Sinqapur parlamenti ağır cinayətlər və terrorçuluqla mübarizə haqqında qanun qəbul edib və eyni zamanda korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi və ağır cinayətlər aktına yeni bənd əlavə edib.

Müəlliflər onu da xatırladır ki, 2018-ci ilin fevralında Böyük Britaniyada Cinayətkarlıqla Mübarizə Milli Agentliyi "izahedilməz sərvətlə bağlı order” əldə edib və bunun əsasında Zamirə Hacıyeva Londondakı əmlakın alınması ilə əlaqədar ifadə verməli olub:

"Z.Hacıyeva hesabat verməkdən boyun qaçırmağa cəhd edərkən və "İzahedilməz Sərvət Sərəncamı”nın ləğvi ilə bağlı məhkəməyə müraciət edərkən məhkəmə bu müraciət rədd etmiş və sərəncamın ədalətli olduğunu bildirmişdi. Əgər Z.Hacıyeva Sinqapurda istintaqa cəlb olunsaydı, yeni qanuna əsasən məhkəməyə müraciət etməyə ehtiyac olmayacaqdı. Z.Hacıyeva əldə etdiyi əmlak barədə ifadə verməli idi, əks halda o, cinayət törətməkdə ittiham olunacaqdı”.

Xatırladaq ki, ötən il noyabrın 6-da Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı. O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunmuşdu. Sonradan məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb.

Qeyd edək ki, bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.