Ölkə 22:27 25.07.2018

Zaqatala dağlarında itkin düşmüş şəxsin axtarışları sabah davam etdiriləcək

Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları sabah səhər saatlarından etibarən davam etdiriləcək.

FHN-dən verilən məlumata görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Qeyd edək ki, axtarışlar bu gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.